Milli Məclisin sədri Sahibə Qafarova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərini qəbul edib
Martın 6-da Milli Məclisin sədri Sahibə Qafarova UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullahı qəbul edib.
Qonağı Azərbaycanda fəaliyyətə başlaması münasibətilə təbrik edən spiker Sahibə Qafarova inamını ifadə edib ki, onun UNICEF-in Azərbaycandakı nümayəndəsi kimi fəaliyyəti UNICEF ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcək.
Görüşdə qeyd olunub ki, Azərbaycan BMT-yə üzv olduqdan sonra BMT-nin müxtəlif qurumları ilə fəal əməkdaşlıq əlaqələri qurub. UNİCEF ilə ölkəmiz arasında əməkdaşlıq da ölkəmizin müstəqilliyinin ilk günlərindən başlayıb və ötən il UNICEF-in Azərbaycandakı fəaliyyətinin 30 illiyi qeyd olunub. Hazırda bu təşkilatla Azərbaycanın müxtəlif dövlət qurumları, o cümlədən, Milli Məclis arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur.
Spiker Sahibə Qafarova Milli Məclisin qadın, ailə və uşaq məsələləri üzrə qanunvericilik sahəsində fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Milli Məclisin müvafiq komitəsi arasında fəal əməkdaşlıq mövcuddur.
Görüşdə bildirilib ki, Milli Məclisdə uşaqlarla bağlı 35 qanun qəbul edilib, 100-dən çox qanuna əlavə və dəyişikliklər olunub.
Milli Məclisin sədri xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan parlamenti “Məişət zorakılığı haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun qəbul edib. Qanun məişət zorakılığına qarşı mübarizə sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsini və bir sıra digər tədbirləri ehtiva edir.
Sahibə Qafarova görüşdə, həmçinin Azərbaycanın işğaldan azad olunan ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması barədə də məlumat verərək, işğaldan azad edilən ərazilərimizdə Ermənistan tərəfindən basdırılmış minaların yaratdığı təhlükələr haqqında danışıb.
Görüşdə Azərbaycan parlamentinin UNİCEF ilə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Qeyd olunub ki, Azərbaycan parlamenti UNİCEF-lə birlikdə bəzi tədbirlər həyata keçirib. Qarşıdakı dövrdə də bu istiqamətdə əməkdaşlığın davam etdirilməsi ilə bağlı qarşılıqlı niyyət ifadə olunub.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ölkəmizi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a ev sahibliyi etməsi üçün seçilməsi münasibətilə təbrik edib. Qonaq bildirib ki, bu qərar Azərbaycanın sözügedən sahədə əldə etdiyi nailiyyətlərin yüksək səviyyədə tanınması deməkdir.
O, deyib ki, Azərbaycanda uşaq hüquqlarının qorunması istiqamətində mühüm nailiyyətlər əldə olunub. Bunlar Davamlı İnkişaf Məqsədlərinə də uyğundur. Qonaq UNİCEF-in Azərbaycanla uşaq hüquqlarının daha da inkişaf etdirilməsi istiqamətində əməkdaşlığı davam etdirmək niyyətində olduğunu da diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi