Gürcüstan parlamentariləri ilə görüşdə

Tədbirlər
11 mart 2024 | 18:53   
Paylaşın:        

Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri martın 11-də Gürcüstanın Təhsil, elm və gənclər məsələləri komitəsinin sədri Givi Mikanadzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Milli Məclisin Gürcüstan parlamenti ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri Arzu Nağıyev qonaqları səmimi salamlayaraq,  Azərbaycanla Gürcüstanın tarixi dostluq, mehriban qonşuluq münasibətlərindən söz açıb, ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində dövlət başçılarının səfərlərinin və görüşlərinin rolunu vurğulayıb.

Azərbaycan və Gürcüstan arasında  təhsil sahəsində ciddi inkişafın müşahidə olunduğunu bildirən Arzu Nağıyev hər iki ölkənin aparıcı universitetlərinin əməkdaşlığının əhəmiyyətindən bəhs edib. O, qanunverici orqanlarımız arasında əməkdaşlığın dinamik inkişaf etməsindən danışıb, parlament sədrlərinin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin bu istiqamətdə mühüm əhəmiyyət daşıdığını deyib.

Görüşdə Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Anar İsgəndərov və Kamilə Əliyeva ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi ilə bağlı fikirlərini açıqlayıblar.

Gürcüstan parlamentinin Təhsil, elm və gənclər məsələləri üzrə komitəsinin sədri Givi Mikanadze əlaqələrimizin genişlənməsində qanunverici orqanların rolundan, dostluq qruplarının səmərəli əməkdaşlığından danışıb. Komitə sədri iki ölkə arasında qarşılıqlı səfərlərin intensivliyinin artmasını sevindirici hal kimi qiymətləndirib.

Söhbət zamanı ölkələrimiz arasında parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri və  qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə deputatlar Əminə Ağazadə, Məzahir Əfəndiyev, Cavid Osmanov, Gürcüstan Parlamentinin deputatları Giorgi Sosiaşvili və Rostom Çxeidze, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU