MİLLİ MƏCLİSİN HEYDƏR ƏLİYEVİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ XÜSUSİ İCLASI KEÇİRİLDİ

Tədbirlər
07 may 2013 | 06:05   
Paylaşın:        

Mayın 7-də Milli Məclisin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş xüsusi iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, iclasın gündəliyinə iki məsələ - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında məsələlər daxildir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi barədə məruzə ilə çıxış edən Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, milli liderlər dünyalarını dəyişəndən sonra da onların şəxsiyyətinin sönməz nuru mənsub olduqları xalqın həyatına və tale yoluna işıq salır.
Sədr qeyd etdi ki, Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır.
1969-cu ildə Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başlaması ölkəmizin dərin tənəzzüldən çıxmasına şərait yaratdı. Sovet İttifaqının ən geridə qalmış respublikalarından biri kimi tanınan Azərbaycan çox keçmədən ardıcıl inkişaf yoluna qədəm qoydu. Ölkə həyatının bütün sahələrində quruculuq işləri vüsət aldı. Kənd təsərrüfatı istehsalı dəfələrlə artırıldı, minlərcə yeni sənaye müəssisəsi inşa edildi. Azərbaycan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrildi. 1978-ci ildə ulu öndərin rəhbərliyi ilə hazırlanan Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinə dövlət dili statusu verildi.
1982–1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycanın problemlərini diqqət mərkəzində saxlayırdı. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün böyük əhəmiyyətə malik bir sıra qərarlar qəbul etmişdi. Heydər Əliyevin  Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük sipər idi. 1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırıldıqdan sonra bu qüvvələr fəal hərəkətə keçmək üçün fürsət qazandılar.
Sədr vurğuladı ki, 1993-cü ilin iyun ayında Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışı sayəsində Azərbaycan uçurumun bir addımlığından geri döndü, itirmək üzrə olduğu siyasi və dövlət müstəqilliyini qoruyub saxlaya bildi, xalqımızın mənliyi və ləyaqəti müdafiə olundu.
Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri kimi fəaliyyəti ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı və onun peşəkar nümayəndəli orqan kimi formalaşması istiqamətlərini müəyyənləşdirməyə imkan verdi. Milli Məclis xalqı narahat edən problemlərin açıq və demokratik şəraitdə müzakirə edildiyi real hakimiyyət orqanına çevrildi.
1994-cü ilin may ayında cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları və prinsipləri əsasında sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlandı. Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edildi. Bu isə Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərlərinin çəkilişinə başlandı.
Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Ölkəmizin Avropa xalqları ailəsinə inteqrasiyası reallığa çevrildi.
Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən yeni Konstitusiya hazırlandı və ümumxalq səsverməsi yolu ilə qəbul olundu, demokratik seçki mexanizmi bərqərar edildi. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsi oldu.
Bu möhtəşəm işlərin gerçəkləşdirilməsində Milli Məclis həmişə ümummilli liderimizin yanında olmuş, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir.
Sədr diqqətə çatdırdı ki, ulu öndər parlamentə daim böyük diqqət və qayğı göstərmişdir. 1995-ci il noyabrın 24-də Heydər Əliyev birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdir. Sonrakı dövrdə də ulu öndər parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış etmişdir.
Ölkədə siyasi, iqtisadi, sosial və hüquq islahatlarının  qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönələn 1500-ə qədər qanun, qərar və digər aktlar ümummilli  liderimizin imzası ilə parlamentə təqdim edilmiş və Milli Məclis tərəfindən qəbul olunmuşdur. Beləliklə,  Azərbaycanın demokratik inkişafı, hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradılmışdır.  
Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət sabit və ardıcıl yüksəlişi və yeniləşməni gündəlik həyatımızın reallığına çevirmişdir. Müasir dövrün tələbləri səviyyəsində qurulmuş sosial-iqtisadi inkişaf strategiyası hər gün yeni bəhrələr verir.
Bu gün Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının üzvü kimi geniş bir bölgədə söz sahibi olan, dinamik inkişafı ilə dünyanın diqqətini özünə cəlb edən güclü bir dövlətdir.
Sədr onu da vurğuladı ki, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ciddi tədqiqatların mövzusudur. Ulu öndərin zəngin irsinin öyrənilməsində və təbliğində Azərbaycan parlamenti də yaxından iştirak edir.
Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. İndiyədək Milli Məclis ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir neçə kitab hazırlayıb nəşr etmişdir.
Milli Məclisin Sədri diqqətə çatdırdı ki, bu günlərdə “Parlament tariximizin Heydər Əliyev dövrü” adlı yeni kitab işıq üzü görmüşdür. Bu kitab ümummilli liderimizin 90 illik yubileyinə Milli Məclisin kiçik bir töhfəsidir. 
Nəfis tərtibatlı kitabın hazırlanması zamanı Heydər Əliyevin  dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərini, o cümlədən parlament quruculuğu sahəsində fəaliyyətini əks etdirmək arzusu əsas götürülmüşdür. (Milli Məclisin Sədri Oqtay Əsədovun çıxışının tam mətni parlamentin internet səhifəsində yerləşdirilmişdir.)
Sonra çıxış edən  Milli Məclisin Regional məsələlər komitəsinin sədr müavini  Fəttah Heydərov, Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, millət vəkilləri Əli Əhmədov, Zeynəb Xanlarova, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və  Milli Məclis Sədrinin müavini Bahar Muradova Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən danışdılar. Bildirildi ki, müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin, ana dilimizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, ölkəmizin iqtisadi tərəqqisi  və digər sahələrdə həyata keçirilən nəhəng işlərin bünövrəsi məhz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Diqqətə çatdırıldı ki, bu xidmətləri sayəsində Heydər Əliyev hər bir azərbaycanlının qəlbində özünə yenilməz qala ucaltmışdır.
Sonra iclasda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş və Milli Məclisin Mətbuat xidmətinin Televiziya Mərkəzində hazırlanmış sənədli film nümayiş etdirildi.
Sonra Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva amnistiya aktı ilə bağlı çıxış etdi. Mehriban Əliyeva bildirdi ki, bir neçə gündən sonra biz dahi şəxsiyyət Heydər Əliyevin 90 illik yubileyini qeyd edəcəyik.
Böyük siyasətçi, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev hər bir azərbaycanlının qəlbində qoyub getdiyi azərbaycançılıq fəlsəfəsi, dövlətçilik irsi və gördüyü nəhəng işlərlə yaşayacaq.  Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və əyilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə o, çox sadə və ədalətli idi. Baxmayaraq ki, ömrünün müxtəlif çağlarında o, ədalətsizlik, satqınlıq xəyanətlə üzləşmişdi. Elə bu salonda onun vaxtı ilə irəli çəkdiyi insanlar ona qarşı əsassız hücumlar etmişdilər. Lakin o, 1993-cü ildə Azərbaycan Respublikasının prezidenti seçilərkən həmin insanların böyük əksəriyyətini bağışladı. Və bu bağışlamaq qabiliyyəti ilə bir daha öz böyüklüyünü təsdiqlədi.
Mehriban xanım qeyd etdi ki, bu gün müzakirə etdiyimiz amnistiya aktı əslində bağışlamaq aktıdır. Belə bir qanunun Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində qəbul edilməsi böyük rəmzi xarakter daşıyır. Mən inanıram ki, bağışlamaqla, xoş niyyətlə və mərhəmətlə bu dünyada bir çox şeyləri yaxşılığa doğru dəyişdirmək mümkündür. Əsrlər boyu insanda insanlığı qoruyub saxlayan məhz humanizm ideyaları, humanizm prinsipləri olub.
Mehriban xanım bildirdi ki, diqqətinizə təqdim olunan qərarda təqribən 9000 min şəxsin Amnistiya aktının təsiri altına düşməsi nəzərdə tutulub. Onlardan 2000-dən artıq məhkumun azad olunması gözlənilir. Mən ümidvaram ki, azadlığa çıxan insanlar öz səhvlərini dərk edəcəklər, bir də  gələcəkdə belə səhvlərə yol verməyəcəklər, ailələrinə qovuşacaqlar, cəmiyyətimizdə öz yerlərini tutacaqlar. Çıxışının sonunda Mehriban xanım deputatları bu qərarı dəstəkləməyə çağırdı.
Amnistiya aktı barədə danışan Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli  Hüseynli  bildirdi ki,  Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti, hörmətli Mehriban xanımın qeyd etdiyi kimi, Ümummilli liderin 90 illik yubileyi münasibətilə  amnistiya elan edilməsi haqqında qərar layihəsi sizlərə təqdim edilmişdir. Sənədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılmış, onun qanunvericilik texnikası baxımından mükəmməl hazırlandığı, bu növ qərarların indiyədək mövcud olmuş təcrübəsinə əsaslandığı qeyd olunmuş və müzakirənizə təqdim olunmuşdur. Bu amnistiya aktının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanması və təqdim olunması da cəmiyyətimiz tərəfindən alqışlanır. Çünki Heydər Əliyevin sosial, ictimai və mədəni irsinin ən yaxşı davamçısı məhz Heydər Əliyev Fondudur. Amnistiya aktının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunması da təsadüfi deyil. Məhz Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra əfv və amnistiya təsisatlarını bərpa etmişdir.
 Komitə  sədri  qeyd etdi ki, amnistiya aktının layihəsinə əsasən, 9000 nəfərin təxminən 2000 nəfəri azadlıqdan məhrumetmə cəzasından tamamilə azad olunacaqdır. Təxminən 240 şəxsin azadlıqdan məhrumetmə cəzası azaldılacaqdır. Bu amnistiya şərti məhkum olunmuş 1463 şəxsin 256-na, islah işlərinə məhkum olunmuş şəxslərin isə hamısına tətbiq olunacaqdır. 
Çıxışının sonunda Əli Hüseynli bu Amnistiya aktının cəzadan azad olunmuş vətəndaşların Vətənə sədaqət və qanuna hörmət ruhuna müsbət təsir göstərəcəyinə inamını ifadə etdi. Sonra Amnistiya aktı səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU