Səhiyyə komitəsinin iclasında

Komitə iclasları
14 mart 2024 | 16:55   
Paylaşın:        

Martın 14-də Milli Məclisin Səhiyyə komitəsinin növbəti iclası keçirilib. Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq gündəliyə “Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar  bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini bildirib.

Komitə sədri ötən il “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərdən söz açaraq, onların əhəmiyyətindən və icrası sayəsində əldə olunan nailiyyətlərdən danışıb.

Əhliman Əmiraslanov bu əhatəli dəyişikliklərdən sonra dərman vasitələri ilə bağlı həm deputatların, həm də vətəndaşların qaldırdıqları məsələlərin həllindən söz açaraq qeyd edib ki, artıq dərman vasitələrinin qeydiyyatı, ekspertizası prosesi asanlaşdırılıb, dərmanların keyfiyyətinə, onların qiymətlərinin optimallaşdırılmasına nəzarət ciddi şəkildə artırılıb.

“Dərman vasitələri haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası nəticəsində bir sıra məsələlərin öz həllini tapdığını vurğulayan komitə sədri ölkəmizdə  insanların həyat və sağlamlığının qorunmasının aktual məsələləri barədə fikirlərini bölüşüb. Sonra o, qanun layihəsi barədə məlumat vermək üçün Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyevə söz verib.

Adil Vəliyev diqqətə çatdırıb ki, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanunda bir sıra yeni anlayışlar təsbit edilib. Bu dəyişikliklərin məntiqi davamı olaraq hazırda müzakirəyə çıxarılan layihədə qüvvədə olan 14 qanuna bəzi ifadə və terminlərin uyğunlaşdırılması və dəqiqləşdirilməsi məqsədilə 36 dəyişiklik təklif olunub. Şöbə müdiri qeyd edib ki, layihədə Səhiyyə komitəsinin profilinə uyğun rəy verəcəyi “Sanitariya-epidemioloji salamatlıq haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında”, “Onkoloji yardım haqqında” və “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” qanunlara “həkim reseptləri”, “dərman vasitələri”, “normativ-texniki sənəd” və bu qəbildən olan bir sıra söz və ifadələrin müvafiq olaraq “resept”, “dərman və tibb vasitələri”, “texniki normativ hüquqi akt” sözləri ilə əvəz edilməsi təklif olunub.

Eyni zamanda, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna təklif olunan yeni 36-1-ci maddədə klinik protokolun anlayışı, hazırlaması, onların elektron bazasını yaradılması kimi hüquqi təmzimləmələr təsbit olunub.

Sənədin müzakirəsində deputat Məlahət İbrahimqızı və Müşfiq Məmmədlinin fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, komitə üzvləri Kamilə Əliyeva, Kəmaləddin Qafarov, İlham Məmmədov, Anatoliy Rafailov, Sədaqət Vəliyeva və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU