Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb

Sədrin səfərləri
22 mart 2024 | 21:30   
Paylaşın:        

Bu gün Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında Anlaşma Memorandumu imzalanıb.

Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi tərəfindən sənədi Azərbaycan Respublikası Milli Məclisinin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova, Parlamentlərarası İttifaq tərəfdən isə qurumun baş katibi Martin Çunqonq imzalayıb.

İmzalanma mərasimindən sonra bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi parlament diplomatiyasının genişlənməsində, həmçinin Qoşulmama Hərəkatına üzv olan ölkələrin qanunvericilik orqanları arasında əməkdaşlığın dərinləşməsində mühüm rol oynayır. Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq isə bu istiqamətdə fəaliyyətin şaxələndirilməsinə xidmət edəcəkdir.

Görüşdə həmçinin Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında əlaqələrin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub.

İmzalanmış memorandum bu iki qurum arasında əlaqələrin genişlənməsinə, parlament diplomatiyası çərçivəsində ümumi maraq kəsb edən məsələlər üzrə qarşılıqlı əməkdaşlığın inkişafına imkan yaradır.

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU