Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclası keçirilib

Sədrin səfərləri
23 mart 2024 | 20:50   
Paylaşın:        

Martın 23-də Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın 148-ci Assambleyası çərçivəsində keçirilən Asiya Parlament Assambleyasının (APA) Koordinasiya iclasına sədrlik edib.

Tədbir iştirakçılarını salamlayan Milli Məclisin sədri bildirib ki, bu, APA-nın Parlamentlərarası İttifaq çərçivəsində Azərbaycanın sədrliyi ilə keçirilən ilk koordinasiya iclasıdır.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2024-cü ilin 20-24 fevral tarixlərində Bakıda "Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın təşviqi" mövzusuna həsr olunmuş APA-nın 14-cü plenar iclası keçirilib. Bu plenar iclasda Azərbaycan rəsmi olaraq 2024-2025-ci illər üçün təşkilatın sədri seçilib. O, inamını ifadə edib ki, bu, həm APA, həm də Azərbaycan üçün yeni səhifə açacaq.

Spiker Sahibə Qafarova qeyd edib ki, APA-nın 14-cü plenar iclası 26 dövlətin və 8 beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı ilə təşkilat daxilində əməkdaşlığın inkişafı, regional və beynəlxalq proseslərlə bağlı ümumi maraq doğuran müxtəlif məsələlər barədə fikir mübadiləsi aparmaq üçün dəyərli imkan yaradıb. Plenar iclasın yekunları üzrə Bakı Bəyannaməsi qəbul edilib və sənəddə iştirakçıların müzakirə olunan məsələlərlə bağlı ümumi mövqeyi əks olunub.

Çıxışda qeyd olunub ki, 14-cü plenar iclasda, hamımızın daha qətiyyətli davranmağımızı tələb edən iqlim dəyişikliyi məsələsi də müzakirə edilib. Milli Məclisin sədri bununla əlaqədar bildirib ki, ötən ilin sonunda beynəlxalq ictimaiyyət COP29-un keçirilməsi üçün yekdilliklə Azərbaycanı seçdi. Spiker diqqətə çatdırıb ki, belə bir mühüm tədbirə ev sahibliyi etmək bizim üçün böyük şərəf və imtiyazdır. Azərbaycan dünyanın tanınmış multikulturalizm mərkəzlərindən biridir və qlobal Şimalla qlobal Cənub arasında körpülərin yaradılmasında mühüm rol oynayır. Azərbaycan COP29 iqlim danışıqlarında nəzərəçarpacaq irəliləyiş əldə etmək və hərtərəfli danışıqlara kömək etmək üçün ideal mövqedə yerləşir.    

Spiker bugünkü görüşün rolu daim artan parlament diplomatiyasının möhkəmlənməsi və inkişafı məqsədinə xidmət edəcəyinə ümidini ifadə edib. O, deyib ki, müasir şəraitdə parlament diplomatiyası ölkələr arasında etimadı gücləndirə və mövcud beynəlxalq və regional problemlərin həllinə müsbət təsir göstərə bilər. Parlamentin böhranların, münaqişələrin həlli prosesində iştirakı və parlament diplomatiyası klassik hökumət diplomatiyasını uğurla tamamlaya bilər və ona əvəzsiz töhfə verə bilər.

Parlamentlərarası təşkilatların fəaliyyətinin genişləndirilməsinə yönəlmiş qlobal tendensiyalar, parlamentlərarası əməkdaşlığı tənzimləyən normativ-hüquqi bazanın inkişafı, parlamentlərin qlobal qərar qəbuletmə proseslərində daim artan iştirakı - bütün bunlar parlamentlərarası əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini göstərir.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, bu kontekstdə APA-nın rolu xüsusi vurğulanmalıdır. Bu, Asiyada və dünyada əməkdaşlığın, sülhün və sabitliyin möhkəmlənməsinə nail olmaq üçün cari məsələlərin və çağırışların həlli üçün ümumi səyləri birləşdirən parlament diplomatiyasının mühüm platformasıdır. Biz bu platformanın səmərəliliyini artırmaq üçün bütün tədbirləri görməliyik.

Spiker çıxışının sonunda qeyd edib ki, biz müzakirə olunan məsələlərlə yanaşı, iki təşkilatın - APA və Parlamentlərarası İttifaqın ümumi məqsədlərin həyata keçirilməsində daha yaxşı nəticələr əldə etmək üçün fəaliyyətlərini və səylərini necə əlaqələndirə biləcəyi barədə də ciddi düşünməliyik. Həqiqi əməkdaşlıq mexanizmlərinin yaradılması hər iki tərəfin resurslarını artırmağa kömək edə bilər. Bu, şübhəsiz ki, onların biri-birinin fəaliyyətini tamamlayacaq və parlament diplomatiyasının təsirini gücləndirəcək.

İclas daha sonra APA-ya üzv olan ölkələrin parlament nümayəndələrinin Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında APA-nın ümumi mövqeyinin ifadə olunması, həmçinin təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşdirilməsi haqqında çıxışları ilə davam etdirilib.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU