MİLLİ MƏCLİSDƏ QADINLARA QARŞI ZORAKLIQLA MÜBARİZƏYƏ HƏSR EDİLMİŞ SEMİNAR KEÇİRİLDİ
Mayın 7-də Milli Məclisdə Qadınlara qarşı zorakılıqla mübarizə haqqında Avropa Şurası Konvensiyasına həsr edilmiş seminar və quruma üzv dövlətlərin parlamentariləri üçün hazırlanmış “Qorxudan uzaq, zorakılıqdan uzaq” adlı kitabın təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü, qurumun Bərabərlik və qeyri-diskriminasiya komitəsinin Rasizm və ksenofobiya üzrə alt komitəsinin sədri Sahibə Qafarova Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi, xüsusən də qadınlara qarşı zorakılıqla mübarizə sahəsində görülən işlər barədə danışdı. O, AŞPA katibliyi tərəfindən hazırlanan kitabın əhəmiyyətini vurğuladı və bildirdi ki, indiyədək 14 dilə tərcümə edilən bu praktik və nəzəri vəsait millət vəkilləri üçün çox dəyərli olacaq. Sahibə Qafarova daha sonra Konvensiya barədə söhbət açdı. Bildirildi ki, 11 may 2011-ci ildə İstanbulda imzalanan bu sənəd, bu vaxtadək 29 ölkədə imzaya təqdim edilib, 4 ölkə tərəfindən ratifikasiya edilib. İstanbul Konvensiyası qadınlara qarşı zorakılığla mübarizə, zorakılıq qurbanlarının müdafiəsi, onu törədən şəxslərin məsuliyyətə cəlb edilməsi, bu sahədə siyasətin daha da dərindən formalaşdırılması kimi məsələləri hərtərəfli olaraq özündə ehtiva edir.
Tədbirdə iştirak edən Milli Məclis Sədrinin müavini Bahar Muradova bu sənədin əhəmiyyətini vurğuladı və bildirdi ki, qadın hüquqlarının müdafiəsi və məişət zorakılığının qarşısının alınması cəmiyyətin mütərəqqiliyindən və sağlamlığından xəbər verir. Azərbaycan bu sahədə mühüm nailiyyətləri ilə seçilən ölkələrdəndir. Vitse-spiker bu sahədə parlament tərəfindən möhkəm hüquqi bazanın yaradıldığını dedi, qəbul edilən qanunlar barədə məlumat verdi. Bildirildi ki, hazırda dövlətimiz qadın siyasəti məsələlərini uğurla həyata keçirməkdədir.
Sonra tədbirdə AŞPA Bərabərlik və qeyri diskriminasiya komitəsi sədrinin birinci müavini, qadınlara qarşı zorakılıq üzrə məruzəçi Hose Mendes Bota çıxış etdi. O, qeyd etdi ki, İstanbul Konvensiyası qadınlara qarşı zorakılıq üzrə məcburi hüquqi qüvvəyə malik olan ilk sənəddir və dünyada istənilən bir ölkənin potensial olaraq ona qoşulması üçün açıqdır. Sənəd qadınlara qarşı zorakılığın qanuna zidd olmasını, bunun cinayət olduğunu təsdiq edir və bu sahədə mübarizədə adekvat cəzalar tətbiq etməyə çağırır. Bota İstanbul Konvensiyasının mahiyyətini aydın şəkildə əks etdirmək üçün bu gün Azərbaycan dilinə tərcümə edilmiş kitabın da əhəmiyyətini vurğuladı.
Sonra seminarda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, parlamentin AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova, millət vəkili Aytən Mustafayeva, ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay, QHT nümayəndələri, vətəndaş cəmiyyətinin üzvləri çıxış edərək fikirlərini bildirdilər, qadınlara qarşı zorakılıqla mübarizə üsullarının gücləndirilməsi ilə bağlı təkliflərini irəli sürdülər.
Seminar Sahibə Qafarovanın yekun sözü ilə başa çatdırıldı.
Milli Məclisin
Mətbuat xidməti