Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

Sədrin görüşləri
01 aprel 2024 | 16:46   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qo Min ilə görüşüb.

Səfiri Azərbaycan parlamentində salamlamaqdan məmnunluğunu bildirən spiker Sahibə Qafarova deyib ki, Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında münasibətlər yüksək inkişaf dinamikasına malikdir. Azərbaycan ilə Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Sahibə Qafarova qeyd edib ki, xanım Qo Minin ölkəmizdəki diplomatik fəaliyyəti dövrü də əlaqələrimizin inkişafı ilə xarakterizə olunub.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycan və Çin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan yüksək səviyyəli siyasi dialoq ikitərəfli münasibətlərin bütün sahələrdə inkişafı üçün möhkəm zəmin yaradıb. O cümlədən, dövlət başçıları arasında ən yüksək səviyyədə təmaslar iki ölkə arasında bütün sahələrdə əlaqələrin dərinləşməsində və inkişafında mühüm rol oynayır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına 5 səfəri qeyd edilib.

Görüşdə qeyd olunub ki, Heydər Əliyev Fondu iki ölkə arasında mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi hesab olunur. Çinin Xarici Ölkələrlə Dostluq Xalq Cəmiyyəti ilə birgə müxtəlif layihələr uğurla həyata keçirilir.

Söhbət zamanı bildirilib ki, ölkələrimiz üçün xüsusi əhəmiyyət kəsb edən məsələlərdə daim qarşılıqlı dəstək nümayiş etdirilir. Azərbaycan hər zaman birmənalı olaraq "vahid Çin" siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Çin də ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hər zaman dəstək verib. O cümlədən, ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinə qarşılıqlı dəstək göstərir.

Azərbaycan və Çin arasında parlamentlərarası əməkdaşlıq məsələlərinin də müzakirə olunduğu söhbət zamanı vurğulanıb ki, bu istiqamətdə əməkdaşlıq ölkələrimizin və xalqlarımızın daha da yaxınlaşmasına xidmət edir. Bildirilib ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Bununla yanaşı, qeyd edilib ki, həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində parlamentlərarası əlaqələri daha da genişləndirmək imkanları var.

Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qo Min Azərbaycanda fəaliyyət göstərməkdən məmnunluğunu bildirərək, qeyd edib ki, Azərbaycanla Çin arasında münasibətlər dinamik və sabit inkişaf edir. Diplomat əlaqələrin inkişafında dövlət başçıları arasında münasibətlərin vacib rolunu vurğulayıb. O, deyib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkəmizdə keçirilən növbədənkənar prezident seçkilərində əldə etdiyi qələbə münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Diplomat COP29-un ölkəmizdə keçirilməsi münasibətilə də təbriklərini çatdırıb.

Səfir parlamentlərarası əlaqələrin ölkələr arasında münasibətlərin inkişafında mühüm rolu qeyd edərək, Çin üçün əsas məsələlərdə göstərilən dəstəyə görə Azərbaycan parlamentinə təşəkkür edib.

Görüşdə qeyd edilib ki, qədim ipək yolu xalqları birləşdirir. Bu gün də ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan Çin Xalq Respublikası Sədrinin irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdəndir. Ölkəmizdə bu istiqamətdə mühüm layihələr həyata keçirilmiş, Azərbaycanın nəqliyyat imkanları xeyli artmış və iri iqtisadi layihələrin həyata keçirilməsi üçün yeni imkanlar yaradılmışdır.

Görüşdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən nəhəng bərpa və yenidənqurma işləri, o cümlədən "ağıllı şəhər", "ağıllı kənd", "yaşıl enerji" layihələri barədə də məlumat verilib.

Səfir Qo Min həmin ərazilərdə olduğunu və görülən işləri öz gözləri ilə gördüyünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU