Milli Məclisdə görüş

Tədbirlər
04 aprel 2024 | 17:33   
Paylaşın:        

Aprelin 4-də Milli Məclisin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvlərinin Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO PA-da nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov qonaqları səmimi salamlayaraq,  ölkələrimiz  arasında olan dost-qardaş münasibətlərdən söz açıb. Dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə olduğunu deyən Ziyafət Əsgərov bu sahədə ölkə başçılarının rolunu xüsusi qeyd edib, parlamentlərarası əlaqələrin də yüksələn xətlə inkişaf etdiyini, Şuşa Bəyannaməsi ilə iki ölkə arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını diqqətə çatdırıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycana göstərilən dəstəyə görə Türkiyə xalqına və hökumətinə təşəkkür edib. Komitə sədri Azərbaycanın bölgədə sülhün və əməkdaşlığın möhkəmləndirilməsi təşəbbüslərindən bəhs edib, Fransa və digərlərinin Azərbaycanla Ermənistan arasında normallaşma prosesinə müdaxilələrinin regional təhlükəsizliyə ciddi təhdidlər yaratdığını bildirib. Komitə sədri aprelin 5-də keçiriləcək ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşünün qeyri-şəffaf hazırlanmasını vurğulayıb, bu görüşün doğurduğu narahatlıqları diqqətə çatdırıb.

TBMM-in üzü Mövlud Çavuşoğlu Türkiyə və  Azərbaycan arasında münasibətlərin müxtəlif aspektlərinə toxunub, hüquqi müstəvidə münasibətləri daha da dərinləşdirmək üçün bir sıra mühüm addımların atıldığını, Qarabağ Zəfərinin hər iki dövlətin müttəfiq olduğunu bir daha nümayiş etdirdiyini vurğulayıb. Nümayəndə heyətinin rəhbəri bəzi ölkələrin Cənubi Qafqazda sülhü əngəlləməyə çalışmasından söz açaraq Azərbaycana qarşı haqsız münasibətin, ikili standartların olduğunu diqqətə çatdırıb. Mövlud Çavuşoğlu Türkiyə ilə Azərbaycanın bütün platformalarda bundan sonra da bir-birinin haqqını sonadək müdafiə etməkdə davam edəcəklərinə əminliyini ifadə edib.

Görüşdə çıxış edən deputatlar Siyavuş Novruzov, Kamran Bayramov, Elşən Musayev və Məlahət İbrahimqızı Azərbaycanın NATO, xüsusən də Türkiyə ilə əməkdaşlığı barədə fikirlərini bölüşüblər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU