Milli Məclisin komitə iclasında Hesablama Palatasının hesabatı təqdim edilib
Aprelin 8-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili gündəliyə bir məsələnin – Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatının daxil edildiyini söyləyib.
Komitə sədri Hesablama Palatasının öz fəaliyyətini 4 istiqamət - nəzarət tədbirlərinin həyata keçirilməsi, büdcə layihəsinə və icrasına rəy verilməsi, dövlət maliyyəsi üzrə tövsiyələr və beynəlxalq əməkdaşlıq üzrə qurduğunu deyib və bu məlumatların Palatanın hesabatında əks olunduğunu, həmçinin ilk dəfə olaraq hesabata qısa məcmuələrin əlavə edildiyini bildirib.
Nəzərə çatdırılıb ki, Hesablama Palatası 2023-cü il üzrə əməliyyat planını 91,7% icra edib. Keçən dövr ərzində Palata tərəfindən 45 nəzarət tədbiri həyata keçirilib, onlardan 2-si Milli Məclis deputatlarının çıxışları əsasında, digər tədbirlər isə Palatanın özünün müəyyən etdiyi sahələr üzrə olub. Ümumilikdə, aparılan nəzarət tədbirlərinin əhatə dairəsi 18,2 milyard manat təşkil edib.
Qeyd olunub ki, təqdim edilən hesabatda bəzi ilklər də mövcuddur. İlk dəfə olaraq bir qurumun investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilib, bir səmərəlilik auditində hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) qiymətləndirilməsi, iki auditdə illik konsolidə edilmiş maliyyə hesabatlarının auditi aparılıb. Konsolidə edilmiş maliyyə hesabatların ölkəmizdə daha çox tətbiq edilməsi maliyyə intizamının daha da güclənməsinə və nəticələrin daha yaxşı qiymətləndirilməsinə xidmət edir. Hesabatda eyni zamanda, risklər, dövlət satınalmaları sahəsində büdcə prosedurlarının pozulması, daxili nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyi məsələləri öz əksini tapıb.
Tahir Mirkişili 2023-cü ilin əlamətdar hadisələrlə zəngin bir il olduğunu vurğulayıb. O, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünün qeyd edilməsinin, ölkə Prezidenti tərəfindən Azərbaycan bayrağının Xankəndində ucaldılmasının dövlətimiz üçün önəmli hadisələr olduğunu bildirib. Qeyd edib ki, əldə edilən qələbənin dayanıqlığını təmin etmək üçün ölkəmizin maliyyə və iqtisadi cəhətdən daha da güclənməsinə nail olmalıyıq.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2023-cü ildə fəaliyyəti haqqında Hesabatını slaydlar və diaqramlar vasitəsilə təqdim edib. O, bildirib ki, 2023-cü il üzrə hesabat “Hesablama Palatası haqqında” Qanuna, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə əsasən, beynəlxalq standartların tələbinə uyğun olaraq hazırlanıb.
Vüqar Gülməmmədov əvvəlcə, Palatanın fəaliyyətində olan yeniliklər barədə məlumat verib. Diqqətə çatdırılıb ki, ilk dəfə olaraq iki maliyyə tutumlu qurumda illik konsolidə olunmuş maliyyə hesabatlarının auditi, 1 səmərəlilik auditində hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin qiymətləndirilməsi aparılıb, 1 maliyyə auditinin keyfiyyətə əminlik proseduru keçirilib, Palatanın təkliflərinin izlənməsinin (follow-up) rəqəmsallaşdırılması modulu tam tətbiq olunub, həmkar Ali Audit Orqanının - Tacikistan Respublikası Hesablama Palatasının fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilib, təhsil müəssisələrində “Dövlət sektorunda audit” təlim proqramı tədris olunub, ictimai iştirakçılıq məqsədilə Palatanın rəsmi internet səhifəsində “Audit təklif et” bölməsi yaradılıb. Bununla yanaşı, Hesablama Palatasının strukturunda daxili auditor ştat vahidi yaradılıb, hesabat ilində daxili audit üzrə 3 struktur vahidinin fəaliyyəti yoxlanılıb, 3 araşdırma aparılıb, fəaliyyətin təkmilləşdirilməsi istiqamətində təkliflər verilib, aidiyyəti üzrə metodiki sənədlər hazırlanıb. Həmçinin, ilk dəfə olaraq Hesablama Palatasının büdcəsinin icrasına və keçirdiyi satınalmalara təhlil-açıqlama, Palatanın ev sahibliyi etdiyi beynəlxalq tədbirin xərc smetasının icrası barədə hesabat rəsmi internet səhifəsində dərc edilib.
Palata sədri hesabatdakı yeniliklərlə bağlı bildirib ki, sənəddə 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar qurum tərəfindən görülmüş işlər işıqlandırılıb, beynəlxalq standartlara istinadların sayının artırılması sahəsində nəzarət tədbirləri ilə yanaşı, digər fəaliyyətlər üzrə də beynəlxalq audit standartlarından çıxarışlar verilib, bərpa olunan məbləğin mənbələr üzrə bölgüsü göstərilib, habelə 2 və daha çox sayda keçirilmiş auditlər üzrə auditin təsiri qeyri-məqbul olmuş qurumların siyahısı əks olunub. Həmçinin, əvvəlki illərdə hesablanmış, lakin ödənilməmiş məbləğlərin icra vəziyyəti barədə məlumat verilir. Bundan əlavə, hesabatda il ərzində Hesablama Palatası Kollegiyasının fəaliyyəti barədə məlumat infoqrafik üsulla təqdim olunur, Milli Məclisin plenar iclasında millət vəkilləri tərəfindən səsləndirilmiş təkliflərə münasibət bildirilir.
Vüqar Gülməmmədov, ilk olaraq Hesablama Palatasının 2021-2025-ci illər üzrə Strateji Planının icrası ilə bağlı məlumat verib. Bildirilib ki, Strateji Planın hesabat ilində icrası məqsədilə bütün aralıq nəticələri əhatə edən 2023-cü ilin Əməliyyat Planı tərtib olunub. Burada fəaliyyət istiqamətləri ilə bağlı zəif bəndlər, potensial boşluqların aradan qaldırılması, fəaliyyətin müxtəlif istiqamətlər üzrə təkmilləşdirilməsi məqsədilə həyata keçirilən tədbirlər yer alıb. Strateji Planda nəzərdə tutulmuş fəaliyyətin icrası 90 göstərici əsasında qiymətləndirilib. 2023-cü ildə ümumilikdə 327 tədbir nəzərdə tutulub və ilin sonunda 91,7% icra olunub. Nəzərdə tutulmuş tədbirlərin icrası məqsədilə 9,6 mln. manat vəsait proqnozlaşdırılıb, onun 83,3% istifadə olunub.
Bildirilib ki, hesabat ilində Hesablama Palatası üzvlərinin təklifləri əsasında 46 nəzarət tədbirinin keçirilməsi planlaşdırılıb, müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir əlavə olunub, Milli Məclisin deputatlarının fikirləri əsasında 2 yeni tədbir əlavə olunub. Hesablama Palatasının Kollegiyası tərəfindən audit və analitik fəaliyyətlə bağlı 45 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar qəbul edilib, 1 analitik fəaliyyətin nəticələri rəsmiləşdirilməyib.
Diqqətə çatdırılıb ki, hesabat ilində audit fəaliyyəti sahəsində auditin hər üç növü - səmərəlilik, maliyyə, uyğunluq auditi tətbiq olunmaqla ümumilikdə 41 audit başa çatdırılıb, bir neçə auditdə informasiya sistemi auditinin bəzi elementlərindən istifadə edilib. Hesabatda risklər barədə də məlumat verilir.
Palata sədri öz çıxışında hesabatlılığın və şəffaflığın gücləndirilməsi istiqamətində, o cümlədən Hesablama Palatası ilə Milli Məclis arasında, habelə icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları, digər maraqlı tərəflərlə əlaqələr, vətəndaşların müraciətlərinə baxılması və iştirakçılığın təmin edilməsi ilə bağlı görülmüş işlər barədə də danışıb. Bununla yanaşı, Hesablama Palatasının ötən dövr ərzində beynəlxalq əməkdaşlığı – ikitərəfli və çoxtərəfli görüşlər, Palatanın ev sahibliyi ilə keçirilmiş toplantılardan, iştirak etdiyi layihələrdən bəhs edib. Həmçinin fəaliyyətin təşkili sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Hesablama Palatasının hesabatı ətrafında aparılan müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Məzahir Əfəndiyev, Aydın Hüseynov, Rüfət Quliyev, Elnur Allahverdiyev çıxış ediblər. Deputatlar hesabatın dolğun, əhatəli tərtib edildiyini, Hesablama Palatasının 2023-cü ildə fəaliyyətinin geniş şəkildə əks olunduğunu müsbət qiymətləndiriblər, aparılan yoxlamaların vacibliyini qeyd ediblər, bir sıra məsələlərlə bağlı fikirlərini açıqlayıblar, bəzi qeyd, təklif və suallarını səsləndiriblər. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deputatların qaldırdığı məsələlərə aydınlıq gətirib, suallarını cavablandırıb.
Müzakirələrin sonunda Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında Hesabatı Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Mahir Abbaszadə, İmamverdi İsmayılov, İqbal Məmmədov, Məşhur Məmmədov, Ağalar Vəliyev, Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov, Palatanın auditorları, şöbə və sektor müdirləri, həmçinin digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi