Komitələrin birgə iclasında
Aprelin 17-də Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya və Aqrar siyasət komitələrinin birgə iclası keçirilib.
İclası açan Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib ki, gündəliyə bir məsələ - “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.
Sadiq Qurbanov dünya ekosistemində son illər müşahidə olunan hadisələrə, Xəzər dənizinin sahillərinin geri çəkilməsinə diqqət çəkərək qanun layihəsinin müasir çağırışlara cavab verdiyini vurğulayıb.
Komitə sədri bu gün dünyanı narahat edən su çatışmazlığı probleminin ətraf mühitə və Azərbaycana təsirlərinə toxunub. O, ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda su təminatı ilə bağlı həyata keçirilən nəhəng layihələrdən danışıb, bu layihələrin, o cümlədən həyata keçirilməsi planlaşdırılan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin respublikanın su ehtiyatları ilə etibarlı təminatını yaratması və iqtisadi inkişafa təkan verməsi barədə fikirlərini bölüşüb.
Xəzər dənizinin potensialından süni torpaq sahələrinin yaradılması üçün istifadənin aktuallığına toxunan komitə sədri müzakirəyə çıxarılan qanun layihəsinin Xəzər dənizinin daha bir potensialının iqtisadiyyata cəlb edilməsi və dəyər zəncirinə qatılmasının hüquqi bazasının yaradılması baxımından əhəmiyyətini vurğulayıb.
Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qanun layihəsinin beynəlxalq təcrübəyə əsasən hazırlandığını, onun Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimlədiyini, süni torpaq sahələrinin yaradılmasının və onlardan istifadənin təşkilati və hüquqi əsaslarını müəyyən etdiyini deyib.
Tahir Rzayev son illər ekosistemdə gedən proseslərdən söz açıb, Xəzər dənizində süni torpaq sahələrinin yaradılmasınin ekoloji tarazlığa xidmət etdiyini bildirib, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması qaydaları ilə bağlı fikirlərini bölüşüb.
Sonra iclasda iştirak edən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov qanun layihəsi barədə ətraflı məlumat verib. Diqqətə çatdırılıb ki, dəniz akvatoriyasında tökmə torpaq üzərində tikinti obyektlərinin inşası, o cümlədən turizm sektorunun inkişafı son dövrlərdə dünyada geniş vüsət alıb. Bununla əlaqədar olaraq Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılmasının aktuallığı müvafiq qanun layihəsinin hazırlanması zərurəti yaradıb.
Qanun layihəsində süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, qaydalar öz əksini tapıb. Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov məsələ ilə bağlı çıxışında dənizdə süni torpaq sahələrinin yaradılması və bunun müxtəlif məqsədlərlə istifadəsi ilə bağlı beynəlxalq təcrübədən danışıb, layihənin hüquqi aspektlərinə toxunub, deputatları sənədin müzakirəsində təkliflərini və qeydlərini bildirməyi xahiş edib.
Məsələ ətrafında aparılan müzakirədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi sədrinin müavini Asim Mollazadə, deputatlar Cavanşir Paşazadə, Emin Hacıyev, Fatma Yıldırım, Azər Badamov fikirlərini bildiriblər, qeyd və təkliflərini söyləyiblər. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri Rəşad İsmayılov səsləndirilən fikirlərə münasibət bildirib.
Müzakirənin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda deputatlar Naqif Həmzəyev, Afət Həsənova, Nəsib Məhəməliyev, Əliabbas Salahzadə, İltizam Yusifov, Aydın Hüseynov, Müşfiq Cəfərov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Hüquq şöbəsinin müdiri Natiq Mehtiyev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi