“Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda dinləmə keçirilib

Tədbirlər
17 aprel 2024 | 18:10   
Paylaşın:        

Aprelin 17-də Milli Məclisdə parlamentin Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə təşkilatçılığı ilə deputatların, Səhiyyə nazirinin müavininin, Ekologiya və təbii sərvətlər nazirinin müavininin, Kənd təsərrüfatı nazirinin müavininin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavininin, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktorunun, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının rəhbərinin müavininin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı ilə ”Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda ictimai  dinləmə keçirilib.

Tədbiri giriş nitqləri ilə açan komitə sədrləri Hicran Hüseynova, Əhliman Əmiraslanov və Sadiq Qurbanov bu dinləmənin keçirilməsi üçün göstərilən dəstəyə və yaradılan şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkür edib.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dünən Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində çıxışına toxunaraq qeyd edib ki, dünyada baş verən hadisələr, ətraf mühit və iqlim dəyişiklikləri bütövlükdə bəşəriyyəti düşündürür. Artıq təsdiq olunub ki,  insanların gələcəyi, bütövlükdə planetimizin varlığı ekoloji problemlərin həllindən asılıdır.

2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini deyən komitə sədri, ölkəmizin işğaldan azad edilmiş torpaqlarının “Yaşıl enerji” zonası elan olunmasının əhəmiyyətindən söz açıb. Bu il Azərbaycanın COP 29 kimi mötəbər tədbirə ev sahibliyi edəcəyi qeyd olunub, parlamentin  də bu proseslərdən kənarda qalmadığı diqqətə çatdırılıb. Sağlam ailə modelinin inkişafı, ekoloji mühitin insan sağlamlığına təsiri, qida təhlükəsizliyi, ətraf mühitin qorunması, əhalinin ekoloji təhsili və maarifləndirilməsi sahəsində zəngin qanunvericilik bazasının mövcud olduğunu diqqətə çatdıran Hicran Hüseynova, mövcud qanunvericilik bazasının yeni çağırışlara uyğun olaraq davamlı şəkildə təkmilləşdirildiyini bildirib.

Çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu dinləmənin ölkə prezidenti cənab İlham Əliyevin 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi ərəfəsində keçirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bu il Azərbaycanda baş tutacaq COP 29 çərçivəsində görüləcək işlərə toxunan komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda ekoloji sağlamlığın təmin olunması, gələcək nəsillərə təmiz ekoloji mühitin ötürülməsi məqsədi ilə müvafiq addımlar atılır. Yaşıl enerjiyə keçidə hədəflənən qabaqcıl yanaşmaların tətbiqindən söz açan Əhliman Əmiraslanov Azərbaycanın yaxın gələcəkdə külək və günəş kimi bərpa olunan enerji mənbələrindən istifadəyə keçid etməsinin əhəmiyyətindən danışıb.

Ümumdünya Səhiyyə Təşkilatının statistik məlumatlarına toxunan komitə sədri bildirib ki, dünyada mövcud olan xəstəliklərin əhəmiyyətli qismi ətraf mühitin çirklənməsi ilə sıx əlaqədardır. Dünya əhalisinin sağlamlığına mənfi təsir göstərən sürətli iqlim dəyişmələri, ozon təbəqəsinin dağılması kimi amilləri qeyd edən Əhliman Əmiraslanov, qlobal sənayeləşmənin səbəb olduğu ətraf mühitin çirkləndirilməsində sənaye tullantılarının, həmçinin tibbi tullantıların mənfi təsirlərindən söz açıb, dünyada artan yoluxucu xəstəliklərin inkişafında su ehtiyatlarının və torpağın çirklənməsinin mənfi rolunu qeyd edib.

Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışında deyib ki, ölkə Prezidenti cənab İlham Əliyevin 2010-cu ili Azərbaycanda “Ekologiya ili” elan etməsi dövlətimizin ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinə böyük diqqətinin və qayğısının təzahürüdür. Ölkəmizdə texnoloji sıçrayışlara əsaslanan dördüncü sənaye inqilabı çərçivəsində ekoloji təmizliyin təmin olunmasında texnoloji yeniliklərin tətbiqinin əhəmiyyətini vurğulayan komitə sədri bu istiqamətdə atılan addımlardan danışıb. Son dövrlərdə qəbul olunmuş normativ hüquqi aktlardan söz açan Sadiq Qurbanov, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi”, “Qaz təchizatı”, “Energetika haqqında” və digər mühüm qanunvericilik aktlarının əhəmiyyətini qeyd edib.

Ekoloji mədəniyyətin, ekoloji maarifləndirmənin formalaşmasından söz açan Sadiq Qurbanov gənc nəsil üçün ekoloji tərbiyənin, təhsilin  konsepsiyasının, strategiyasının hazırlanmasının  vacibliyini qeyd edib. Bu sahədə ailə faktorunun, həmçinin məktəblərdə təlim-tərbiyə işinin müvafiq şəkildə qurulmasının xüsusi rolu qeyd olunub.

Sonra Səhiyyə nazirinin müavini İlqar Qasımov mövzu ilə bağlı bu sahədə görülən işlər barədə ətraflı məlumat verib, Azərbaycanda ana və uşaq sağlamlığına göstərilən dövlət qayğısı barədə danışıb. Ətraf mühitin uşaqların sağlamlığına təsirinin qiymətləndirilməsi məqsədi ilə hazırlanan proqram barədə məlumat verən nazir müavini, mənfi təsirlərin aradan qaldırılması, nəzarətə götürülməsi istiqamətində görülən işlərdən söz açıb.

Dinləmədə Azərbaycanın 30 il ərzində məruz qaldığı ekosidin nəticələrindən danışan Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində görüləcək işlərdən bəhs edib, bu il ölkəmizdə baş tutacaq COP29 çərçivəsində qadınların qərarvermə prosesində fəal iştirakının əhəmiyyətini vurğulayıb.

Ətraf mühitin mühafizəsinə aid qəbul olunmuş bir sıra mühüm normativ hüquqi aktlardan söz açan nazir müavini, metan emissiyasının aşkarlanması və azaldılması, nəqliyyat vasitələrinin utilizasiyası, yaşıllıqların qanunsuz götürülməsinin qarşısının alınması, 2030-cü ilədək istixana qazlarının 35%-dək azaldılması kimi mühüm proqramlardan və hədəflərdən söz açıb.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova çıxış edərək, kənd təsərrüfatının ətraf mühit və iqlim dəyişikliklərindən ən çox təsirlənən sahə olduğunu və bu təsirin dünyada ərzağa olan tələbatın durmadan artması ilə daha da dərinləşdiyini bildirib. O, torpağın dayanıqlı istifadəsi, pestisid və gübrə istifadəsinin normaları, həmçinin su ehtiyatlarının müasir suvarma texnologiyalarının tətbiqi ilə səmərəli istifadəsinin təmin olunması barədə fikirləri ilə bölüşüb. Ağıllı fermer amilinə toxunan nazir müavini torpaqların və suyun səmərəli istifadəsində insan amilinə diqqəti yönəldib, şüurlu istehsal və istehlakın rolunu vurğulayıb.

Dinləmədə çıxış edən Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov, deputatlar Jalə Əliyeva, Asim Mollazadə, Naqif Həmzəyev, Nəsib Məhəməliyev,  İltizam Yusifov,  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Aparatının rəhbərinin müavini Rəşid Rumzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında ”DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi”nin direktoru Nigar Məmmədova və “EkoSfera” Sosial Ekoloji Mərkəzi İdarə Heyətinin sədri, COP29 Təşkilat Komitəsinin üzvü Firuzə Sultanzadə çıxış edərək dinləmənin əhəmiyyətini qeyd ediblər. Sağlam ailə modelinin hüquqi aspektlərinə toxunan çıxışçılar əhalinin sağlamlığının müdafiəsinin vacibliyini şərtləndirən amillərindən söz açıblar, ətraf mühitin mühafizəsinin gücləndirilməsinin və ekoloji maarifləndirmənin əhəmiyyətini vurğulayıblar.

Ölkəmizin yaşıl enerjiyə keçid gündəliyi barədə danışan çıxışçılar ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi, həmçinin ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

Müvafiq komitələrin sədrləri, həmçinin dövlət qurumlarının nümayəndələri deputatların qaldırdığı bir sıra məsələlərə aydınlıq gətiriblər.

Tədbirdə deputatlar Rauf Əliyev, Pərvin Kərimzadə, Könül Nurullayeva, Sədaqət Vəliyeva, İlham Məmmədov, Anatoliy Rafailov, Müşfiq Məmmədli, Kamilə Əliyeva, Asim Mollazadə, Afət Həsənova, Əliabbas Salahzadə, Fatma Yıldırım  və digər rəsmi şəxslər iştirak ediblər.

Dinləməyə yekun vuran komitə sədri Hicran Hüseynova dinləmədə fəal iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib, aparılan fikir mübadiləsinin faydalı olduğunu bildirib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU