Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin nümayəndə heyəti ilə görüşüb

Sədrin görüşləri
18 aprel 2024 | 17:42   
Paylaşın:        

Aprelin 18-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Milli Məclisin sədri qeyd edib ki, Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin Azərbaycana səfər etməsi parlamentlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı maraq və niyyət olduğunu göstərir. Bu mənada səfər çərçivəsində keçiriləcək görüşlərin və müzakirələrin parlamentlərimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından faydalı olacağına dair inam ifadə olunub.

Spiker Sahibə Qafarova Yeni Kaledoniya Konqresinin sədri Rok Vamitanın ona məktub ünvanladığını və cənab Vamitanın ailəsində baş vermiş bədbəxt hadisə səbəbindən ölkəmizə səfər edə bilməməsindən təəssüfləndiyini bildirib. O, bununla belə gələcəkdə əlaqələrin inkişafına dair fikir mübadiləsinə aparmaq üçün daha çox imkanların olacağına inamını ifadə edib.

Milli Məclisin sədri bugünkü görüşün parlamentlər arasında ilk təmas olduğunu xatırladaraq, vurğulayıb ki, əlaqələrimizin inkişaf etdirilməsi üçün yaxşı imkanlar var. İlk növbədə əlaqələrin hüquqi bazasının formalaşdırılmasının vacibliyi diqqətə çatdırılıb. Bu çərçivədə iki parlament arasında imzalanan əməkdaşlığa dair memorandumun əhəmiyyəti qeyd olunub. Görüşdə həmçinin parlamentlərdə qarşılıqlı dostluq qruplarının təsis olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsi, qanunverici orqanlarımızın komitə və komissiyaları arasında əməkdaşlığın yaradılması məsələləri nəzərdən keçirilib.

Səmimi görüşə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirən Yeni Kaledoniya Konqresinin İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri, Kənd Təsərrüfatı Agentliyinin sədri Omayra Naiselin Yeni Kaledoniyanın yerli xalqı – kanakların 170 il sürən fransız müstəmləkəçiliyi altında üzləşdiyi faciəvi aqibətindən söz açıb, ölkəsində insan haqlarının kobud şəkildə pozulması hallarının,  davam edən təzyiq və təqiblərin, həmçinin son illərdə keçirilən seçkilərdə müşahidə olunan  qanunsuzluqların Fransa hökumətinin bu ölkəyə qarşı həyata keçirdiyi məqsədyönlü siyasətin tərkib hissəsi olduğunu bildirib.

Qonaq, Azərbaycanın Yeni Kaledoniyaya göstərdiyi dəstəyə görə təşəkkürü edib.

Fransanın sülh və sabitlik pərdəsi adı altında sırımağa çalışdığı boş vədlərin uzun illər boyu onun ölkəsinə yalnız böyük faciələr gətirdiyini deyən qonaq, Fransa hökumətinin Numeya və Matinyon Müqavilələrindən irəli gələn öhdəliklərini hələ də yerinə yetirmədiyini diqqətə çatdırıb. O qeyd edib ki, özünü dünyada azadlıq və demokratiya carçısı kimi qələmə verən Fransa insanların təməl hüquqlarını heçə sayaraq, yürütdüyü müstəmləkəçilik siyasəti ilə Yeni Kaledoniyada qeyri-sabitliyə gətirib çıxaran prosesləri fəal şəkildə dəstəkləməkdədir.

Spiker Sahibə Qafarova Azərbaycanın beynəlxalq münasibətlər sisteminin fəal iştirakçısı kimi hər zaman sülh, əməkdaşlıq, qarşılıqlı etimad və anlaşma, davamlı inkişaf kimi meyarları əsas götürdüyünü vurğulayaraq, diqqətə çatdırıb ki, bu məqamlar Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətində, Qoşulmama Hərəkatına sədrliyində, ikitərəfli və çoxtərəfli əməkdaşlığında hər zaman ön planda olub. Azərbaycan bəşəriyyət üçün aktual olan məsələlərə diqqət ayırıb, ölkələrin və xalqların üzləşdiyi ədalətsizliklərin aradan qaldırılması istiqamətində fəal iş aparıb. Milli Məclisin sədri, xüsusilə, qeyd edib ki, Qoşulmama Hərəkatına sədrliyi dövründə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü təşəbbüslər həm Hərəkatın institusional inkişafı, həm də Hərəkata üzv ölkələrin maraqlarının beynəlxalq arenada müdafiəsi baxımından olduqca əhəmiyyətli olub.

Spikerin sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə diqqət yetirdiyi əsas məsələlərdən biri də neokolonializmə qarşı mübarizə olub. Spiker təəssüflə deyib ki, XXI əsrdə müstəmləkəçilik təfəkkürü hələ də davam etməkdədir. Onun bildirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyev neokolonializmi keçmişin utancverici mirası adlandırıb. Bu mirası davam etdirən ölkələrdən ən birincisi də Fransadır.

Görüşdə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yaradılmış Bakı Təşəbbüs Qrupunun fəaliyyəti də qeyd edilərək, Təşəbbüs Qrupunun Fransanın neokolonializm siyasətinin ifşası istiqamətində səyləri təqdir olunub. Sahibə Qafarova deyib ki, Milli Məclis bu fəaliyyətə dəstək verir.

Milli Məclisin sədri qonaqların diqqətinə çatdırıb ki, keçmişdə öz müstəmləkələrində apardığı qeyri-qanuni fəaliyyətlərə, törətdiyi cinayətlərə görə üzr istəmək əvəzinə, Fransa öz müstəmləkə siyasətini yeni formalarla, metodlarla davam etdirir, özünün dənizaşırı ərazilərindəki xalqların azadlıq istəklərinə, müstəqil olmaq hüquqlarına hörmət etmir, bütün vasitələrlə onların qarşısını almağa çalışır.

Sahibə Qafarovanın sözlərinə görə,  neokolonializm siyasətinin əsasında irqçilik, ksenofobiya, özünü, öz hüquqlarını, mənafelərini digərlərindən üstün tutmaq dayanır.

Yeni Kaledoniyada əhalinin yarıdan da çoxunun iştirakı olmadan keçirilmiş referendumun nəticələri və törədilən əngəllər barədə danışan Milli Məclisin sədri, XXI əsrdə Fransanın belə primitiv vasitələrə əl atmaqla xalqların hüquqlarını kobud şəkildə pozmasının qəbuledilməz olduğunu deyib.

Cənubi Qafqazda cərəyan edən proseslərdən danışan spiker Sahibə Qafarova bildirib ki, Fransa öz tarixində qara ləkə olan kolonializmi yalnız öz keçmiş müstəmləkələrində, zor gücünə öz hakimiyyəti altında saxladığı ərazilərdə deyil, həm də digər regionlarda, həmçinin Cənubi Qafqaz regionunda davam etdirmək niyyətindədir.

Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalı dövründə münaqişənin həlli ilə məşğul olan Minsk Qrupunun üzvü kimi yarıtmaz fəaliyyət göstərmiş Fransa təəssüf ki, bu gün də Cənubi Qafqazda sülh səylərini, sabitliyi pozmağa yönəlmiş siyasət həyata keçirir. Fransa regionda gərginliyi artırır, militarizmi təhrik edir. O, təəssüflə Fransanın bu gün Azərbaycana qarşı bütün müstəvilərdə hücuma keçdiyini, beynəlxalq platformalarda mümkün vasitələrdən istifadə edərək, ölkəmizə qarşı qarayaxma kampaniyası apardığını diqqətə çatdırıb.

Görüş zamanı vurğulanıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dediyi kimi, Azərbaycan müstəqil və güclü ölkədir. Heç kim bizə təzyiq göstərə bilməz. Ölkəmizin siyasəti yalnız sülhün, əməkdaşlığın təşviqinə, ədalətsizliyə qarşı mübarizəyə yönəlibdir. Sahibə Qafarova deyib ki, Azərbaycan parlamentinin üzvləri Fransanın ikiüzlü siyasətini qətiyyətlə pisləyir və Fransanın neokolonializm siyasətinin ifşası istiqamətində səylər göstərir.

Söhbət zamanı Azərbaycan parlamentinin dünyanın bir çox ölkələrinin parlamentləri ilə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından söz açılıb, 2021-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Parlament Şəbəkəsinin fəaliyyəti haqqında da məlumat verilib.

Görüşdə Yeni Kaledoniya nümayəndə heyətinin rəhbəri ölkəsinin üzləşdiyi iqlim dəyişikliklərindən yaranan çağırışlar barədə də danışaraq, Azərbaycanın ev sahibliyi ilə keçiriləcək COP29-un dünyada bu istiqamətdə mövcud olan problemlərin həllinə töhfə verəcəyinə inamını ifadə edib.

Görüşdə həmçinin humanitar sahədə əməkdaşlıq, gənclər arasında əlaqələrin genişlənməsinin xalqların daha da yaxınlaşmasına töhfələri barədə də fikirlər ifadə olunub.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU