Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı keçirilib
Aprelin 18-də ölkəmizdə səfərdə olan Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayranın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair Milli Məclisdə mətbuat konfransı keçirilib.
Nümayəndə heyətinin rəhbəri onun ölkəsinin azadlıq mübarizəsində verilən dəstəyə görə Azərbaycan Hökumətinə, Qoşulmama Hərəkatına və Bakı Təşəbbüs Qrupuna öz təşəkkürünü bildirib. Qonaq diqqətə çatdırıb ki, bu gün Azərbaycan Respublikasının Milli Məclisi ilə Yeni Kaledoniya Konqresi arasında imzalanmış Əməkdaşlıq haqqında Memorandum daha səmərəli əməkdaşlığa öz töhfəsini verəcək.
Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran xanım Naisseline Omayra Yeni Kaledoniyanın müstəqillik uğrunda mübarizəsi və bu ölkənin BMT ilə əməkdaşlığı, 1980-ci illərdən müstəmləkədən azad edilməli dövlətlər siyahısına salınmasına baxmayaraq, öz müqəddəratını təyinetmə məqsədilə keçirilmiş referendumlara Fransanın müdaxilə edərək nəticələri saxtalaşdırması, bu ölkənin öz müstəmləkəsi hesab etdiyi xalqların azadlıq mübarizəsini boğması və bu məqsədlə qanunvericiliyə dəyişikliklər etməyə çalışması, imzalanmış sazişlərə baxmayaraq, Fransanın öz öhdəliklərinə əməl etməməsi barədə fikirlərini açıqlayıb. O, bildirib ki, keçirilmiş referendumun nəticələrinə üçüncü baxışın düzgün aparılmaması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə müraciət olunub. Çünki bu, Kaledoniya xalqı üçün mühüm əhəmiyyət kəsb edir.
Mətbuat konfransında jurnalistlərin suallarına cavab verən Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin üzvləri Jan-İv Poedi, Moris Vimian Fransanın assimilyasiya siyasətini tənqid ediblər. Onlar Kaledoniya xalqının milli mənsubiyyətini, mədəniyyətini qoruması üçün gördüyü tədbirlər, bu ölkədə müstəqillik tərəfdarı olan hərəkatların fəaliyyəti, gələcək nəsillərin öz milli kimliyinə bağlı insanlar kimi tərbiyə olunması üçün tədris proqramlarının əhəmiyyəti barədə fikirlərini bölüşüblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi