Milli Məclisin plenar iclasında
Aprelin 19-da parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərin müzakirəsi aparılıb.
Müzakirələrdə parlamentin komitə sədri Zahid Oruc, deputatlar Sahib Alıyev, Razi Nurullayev, Nizami Səfərov, Azər Badamov, Ceyhun Məmmədov, Fəzail Ağamalı, Musa Qasımlı, Bəhruz Məhərrəmov, Etibar Əliyev çıxış ediblər.
Millət vəkilləri Fransanın Azərbaycandakı səfirinin məsləhətləşmələr üçün geri çağırılması məsələsinə öz münasibətlərini ifadə ediblər. Çıxışlarda ikitərəfli əlaqələrdə Fransanın uzun müddət ərzində destruktiv fəaliyyət sərgilədiyi qeyd olunub. Bildirilib ki, ATƏT-in Minsk qrupu çərçivəsində vasitəçilik missiyası ilə məşğul olan bu dövlət 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı qətnamənin qəbul edilməsinin əleyhinə səs verib. Həmin sənəddə Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsi və digər mühüm məsələlər öz əksini tapmışdır. Fransa parlamentinin hər iki palatası – Senat və Milli Assambleya ölkəmizə qarşı çıxış edərək, dəfələrlə beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik nümayiş etdirərək, təcavüzkar Ermənistanı dəstəkləmiş və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini sual altına alan qətnamələr qəbul etmişlər. Nəzərə çatdırılıb ki, Fransa BMT-nin Təhlükəsizlik Şurası, Avropa Parlamenti və digər beynəlxalq platformalarda Azərbaycana qarşı müxtəlif sənədlərin qəbul edilməsi üçün xüsusi fəallıq nümayiş etdirib. Fransanın Cənubi Qafqaz regionunda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlı olmadığı, sürətlə Ermənistanı silahlandırdığı və bu bölgəni yenidən münaqişə zonasına çevirmək üçün müxtəlif addımlar atdığı söylənilib. Deputatlar vurğulayıblar ki, belə cəhdlərin qarşısı həm iqtisadi, həm də hərbi cəhətdən regionun qüdrətli dövləti olan Azərbaycan tərəfindən qətiyyətlə alınacaq və bütün problemlər səmərəli formada həll ediləcək.
Müzakirələrdə, habelə 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına əsasən, Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması məsələsinə də toxunublar. Millət vəkilləri bu prosesin ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və prinsipial siyasətinin nəticəsi olduğunu qeyd ediblər. Çıxışlarda bu məsələ ilə əlaqədar ABŞ-nın qeyri-obyektiv mövqeyinin təəssüf doğurduğu bildirilib.
Deputatlar gündəmdə olan digər aktual məsələlər barədə də öz fikirlərini açıqlayıblar.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasın gündəliyində 14 məsələnin olduğunu deyib. Spiker diqqətə çatdırıb ki, 1-ci məsələ Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatıdır. O, qeyd edib ki, Hesablama Palatasının hesabatlarının Milli Məclisdə dinlənilməsi dövlət büdcəsinin formalaşdırılması və xərclənməsi üzərində maliyyə nəzarətinin səmərəliliyini təmin etməyə yönəlib və bu sahədə parlament nəzarətinin ən mühüm istiqamətlərindən birini təşkil edir. Spiker bildirib ki, məsələnin müzakirəsi ilə əlaqədar Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, sədr müavini Nəsir Sadıqov, Palatanın auditorları Vəfa Mütəllimova, Cavid Bayramov, Vüqar İbrahimov, Hafiz İsmayılbəyli, Aparatın rəhbəri Tamerlan Yusifzadə, şöbə müdirinin müavini Gülnar Hacıyeva iclasda iştirak edirlər.
Sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Palatanın 2023-cü ildə fəaliyyəti haqqında Hesabatını təqdim edib. O, bildirib ki, 2023-cü il üzrə hesabat “Hesablama Palatası haqqında” Qanuna, “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi”nə əsasən, beynəlxalq standartların tələbinə uyğun olaraq hazırlanıb.
2023-cü il Ali Baş Komandanın uğurlu siyasəti, hərbçilərimizin qəhrəmanlığı və şücaəti sayəsində suverenliyimizin bərpa olunduğu ilin yekunlarını özündə əks etdirməklə, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, Cənab İlham Əliyevin prezident seçilməsinin 20-ci ildönümünə təsadüf etmişdir.
Hesablama Palatasının 2023-cü ildə fəaliyyətindəki yeniliklərdən danışan palata sədri ayrı-ayrı dövlət qurumlarının gördüyü işlərin qiymətləndirilməsi üçün hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin səmərəlilik auditinin aparılmasını, Kollegiya qərarlarının icrasına nəzarətin gücləndirilməsi üçün təkliflərin izlənilməsi rəqəmsal modulunun tam tətbiq edilməsini, dövlət maliyyəsi sahəsində ixtisaslı kadr hazırlığını təmin etmək üçün iki universitetdə “Dövlət auditi” üzrə silsilə təlimlərin keçirilməsini, ictimai iştirakçılıq məqsədilə palatanın rəsmi səhifəsində “Audit təklif et” bölməsinin yaradılmasını və nəhayət, dövlət sektorunda şəffaflığa və hesabatlılığa töhfə vermək məqsədilə Hesablama Palatasının büdcəsinin icrası və satınalmalarının hesabatının təhlil-açıqlama şəklində və ölkədə ilk dəfə bir beynəlxalq tədbirə çəkilən xərclər smetasının icrasının palatanın rəsmi səhifəsində dərc edilməsini xüsusi vurğulayıb.
Palatanın Strateji Planının icrası haqqında məlumatları diqqətə çatdıran Vüqar Gülməmmədov bildirib ki, Hesablama Palatasının “2021-2025-ci illər üzrə Strateji Plan”ı INTOSAI-ın prinsip və təlimatları nəzərə alınmaqla hazırlanmış, burada 2 yekun və 9 aralıq nəticə müəyyənləşdirilmişdir. Strateji Planda nəzərdə tutulmuş fəaliyyətlərin icrası 90 indikator- Əsas Fəaliyyət Göstəricisi (KPI) əsasında qiymətləndirilmişdir.
Palatanın fəaliyyət istiqamətləri barədə danışan sədr bildirib ki, “Hesablama Palatası haqqında” Qanunun 20.5-ci maddəsinə uyğun olaraq 2023-cü ilin İş Planına il ərzində müvafiq icra hakimiyyəti orqanının təklifləri əsasında 4 yeni tədbir, millət vəkilləri tərəfindən səsləndirilən fikirlər nəzərə alınmaqla Hesablama Palatasının üzvlərinin təklifləri əsasında audit və analitik fəaliyyət üzrə 2 yeni tədbir əlavə olunmuşdur
2023-cü ildə Hesablama Palatasının Kollegiyası tərəfindən 41 audit və 4 analitik fəaliyyətin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Nəticələrinin rəsmiləşdirilməsi 2024-cü ilə keçirilmiş 1 analitik fəaliyyət istisna olmaqla, bütün tədbirlər başa çatdırılmış və Milli Məclisə məlumat verilmişdir.
2023-cü ildə Hesablama Palatasının əsas nəzarət sahələri - əhaliyə ödənilən sosial müavinət və təqaüdlər, tibbi sığorta xərcləri, fermerlərə göstərilən dövlət dəstəyi, sosial obyektlərin tikintisi və təmiri, hüquq mühafizə sahəsinin ayrı-ayrı istiqamətləri, dövlət satınalmaları, dövlət rüsumlarının və vergilərin formalaşması vəziyyəti olmuşdur.
Audit və analitik fəaliyyət üzrə dövlət maliyyəsinin idarəedilməsində ümumi nöqsan məbləği 1971,9 mln. manat müəyyən edilmişdir.
Hesabat ilində Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi tərəfindən 2020-2022-ci illəri əhatə edən 6 uyğunluq auditi keçirilmişdir. Ümumilikdə İdarə tərəfindən auditlərlə müəyyən edilmiş pozuntu məbləği 120,0 mln. manatdan çox olmuşdur. Bütün auditlər üzrə aşkarlanmış hüquqpozmalarda cinayət tərkibinin əlamətlərinin ehtimal edilməsi ilə əlaqədar müvafiq materiallar hüquq-mühafizə orqanlarına göndərilmişdir.
Vüqar Gülməmmədov bildirib ki, Palatanın Qanuna əsasən ikinci fəaliyyət istiqaməti büdcə layihəsi və icrasına rəylərin verilməsidir. 2023-cü ildə dövlət büdcəsi və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələri və icrası üzrə Hesablama Palatası tərəfindən 6 rəy, yenidən baxılma ilə bağlı isə 3 rəy hazırlanaraq aidiyyəti üzrə təqdim edilmişdir. İlk dəfə olaraq 1 rəy maliyyə auditi üzərindən verilmişdir. Rəylərin auditlər üzrə verilməsi təcrübəsinə keçid də ortamüddətli dövr üçün müəyyənləşdirilən hədəflərdən biri idi.
2023-cü ildə verilmiş rəylərlə 1350,0 mln. manatdan çox uyğunsuzluğun olduğu müəyyən edilmişdir. Fəaliyyət haqqında hesabatda uyğunsuzluq kimi göstərilən məbləğin təxminən 218,0 mln. manatı 2024-cü ilin dövlət büdcəsinin layihəsində nəzərə alınmaqla müvafiq qaydada düzəldilmişdir. Bu da ali audit orqanının təsirini səciyyələndirən göstəricilərdən sayıla bilər.
Vüqar Gülməmmədov qeyd edib ki, dövlət maliyyə idarəedilməsi sahəsində tövsiyələrin verilməsi, Qanuna əsasən Palatanın fəaliyyətinin 3-cü istiqamətinin tələblərindən irəli gəlir.
Dövlət maliyyə idarəetməsinin təkmilləşdirilməsi məqsədilə hesabat ilində Nazirlər Kabinetinə nəzarət tədbirlərinin nəticələri üzrə təqdim edilmiş tövsiyə və məlumatların sayı 9 olmuşdur. Nazirlər Kabineti tərəfindən 2023-cü ilin fəaliyyəti haqqında hesabata bu tövsiyələrin nəzərə alınması barədə məlumat daxil edilmişdir. Palata bu günlərdə qanunvericlikdə dəyişikliklərə dair növbəti təkliflər paketini də Nazirlər Kabinetinə təqdim etmişdir.
Bundan əlavə, rəylərdə əks olunan 19 məsələ üzrə tövsiyə və qeydlər Maliyyə Nazirliyi tərəfindən məqbul hesab edilməklə büdcə sənədləşməsində nəzərə alınmışdır.
Bundan başqa, iqtisadi sahə, o cümlədən dövlət maliyyəsi üzrə il ərzində bir çox dövlət orqanından, o cümlədən Milli Məclisdən Hesablama Palatasına daxil olmuş bir neçə hüquqi akt üzrə təklif edilən yeni qanun layihələrinə, o cümlədən bir sıra hüquqi aktlar üzrə isə əlavə və dəyişikliklərə münasibət bildirilmişdir.
Palata sədri bildirib ki, 2023-cü ildə həyata keçirilmiş nəzarət tədbirləri üzrə audit obyektləri tərəfindən təqdim olunmuş məlumatların təhlili göstərir ki, obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərlidir.
Vüqar Gülməmmədov diqqət çatdırıb ki, əvvəlki ildə olduğu kimi, hesabat ilində də işğaldan azad olunmuş ərazilərin bərpasına ayrılmış vəsaitlərin auditi çərçivəsində davam edən layihələrin auditini həyata keçirilib. Bəzi obyektlər üzrə layihə smeta sənədlərinə yenidən baxılması, müqavilələrin azaldılması ilə bağlı məsələ qaldırılıb.
Hesablama Palatası 2023-cü ildə də beynəlxalq fəaliyyətinə xüsusi diqqət yetirmişdir. Hesabat ilində Hesablama Palatası fəaliyyəti qiymətləndirilən qurumdan qiymətləndirən quruma çevrilmiş və beynəlxalq təşkilatın təklifi ilə qoşulduğu layihə çərçivəsində Tacikistan Respublikası Hesablama Palatasının fəaliyyətini qiymətləndirmişdir.
Qarşılıqlı əməkdaşlığın və potensialın gücləndirilməsi məqsədilə Pakistan İslam Respublikası və Koreya Respublikasının müvafiq qurumları (Ali Audit Orqanları – AAO) ilə memorandumlar imzalanmışdır.
Palatanın xərclərindən danışan Vüqar Gülməmmədov diqqətə çatdırıb ki, 2023-cü ilin dövlət büdcəsində Hesablama Palatası üçün ilkin olaraq 10,6 mln. manat təsdiq edilmiş, il ərzində bölüşdürülməmiş xərc istiqamətlərindən 199,6 min manat əlavə vəsait yönəldilmişdir. İcra prosesində Palatanın büdcəsində dəyişikliklər aparılmaqla ilkin təsdiq edilmiş məbləğ 2,2 mln. manat azaldılmaqla büdcə 8,7 mln. manat müəyyən edilmiş, həmin vəsait tam icra olunmuşdur.
Əvvəlki ildə olduğu kimi, hesabat ilində də Hesablama Palatasının maliyyə fəaliyyəti audit edilmiş, maliyyə hesabatlarına Pakistan Ali Audit Orqanı tərəfindən müsbət rəy verilmişdir.
Sonra parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti barədə hesabatla bağlı fikirlərini açıqlayıb. O, hesabatın komitənin iclasında geniş müzakirə edildiyini söyləyib. Hesabatın struktur və məzmun baxımından əhatəli və informativ olduğunu deyib. Qeyd edilib ki, hesabat Palatanın 2023-cü ildə iş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə-nəzarət tədbirlərini, büdcə qanunvericiliyi ilə bağlı fəaliyyəti, Palatanın hesabat ilində cari fəaliyyətinə dair digər məlumatları özündə əks etdirir. Hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilib.
Komitə sədri Palatanın 2023-cü il üçün əməliyyat planının 91,7 % icra olunmasını təqdirəlayiq hesab edib. Sənəddə audit təsirinin ölçülməsi üzrə tətbiq edilən yanaşmanın genişləndirilməsi, fəaliyyətin keyfiyyət göstəricilərinin, o cümlədən nəzərə alınmış təklif və tövsiyələr barədə məlumatların verilməsi müsbət qiymətləndirilib. Qeyd olunub ki, hesabatda, habelə Palata tərəfindən ilk dəfə həyata keçirilən hökumət əsaslı dayanıqlı inkişaf məqsədlərinin qiymətləndirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditinin aparılması, investisiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi haqqında geniş məlumatlar verilib.
Ölkə Prezidenti tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan edildiyini deyən Tahir Mirkişili Ulu Öndər Heydər Əliyevin iqtisadiyyatı gücləndirməklə istənilən milli hədəfə nail olmağın yolunu müəyyən etdiyini bildirib. Komitə sədri vurğulayıb ki, bununla yanaşı, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ötən il Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkəmiz üçün yeni dövrün başlanmasına rəvac verib. 2023-cü ildə ölkədə makroiqtisadi sabitlik qorunub saxlanılıb, Ümumi Daxili Məhsul 1,1%, qeyri-neft/qaz sektoru isə 3,7% artıb. Dövlət büdcə gəlirlərinin 35,5 milyard manat, xərclərinin isə 36,5 milyard manat icra edilməsi Palatanın potensial fəaliyyət dairəsinin daha da genişləndirildiyini göstərir.
Komitə sədri qeyd edib ki, nəzarət tədbirlərinin planlaşdırılmasında Milli Məclis deputatlarının çıxışlarının nəzərə alınması, bu tədbirlərin əsasən icra edilməsi və bu barədə audit nəticələrinin parlamentə təqdim edilməsi, habelə “Dövlət auditi” jurnalında dərc edilməsi yaxşı nəticə hesab olunur. Maliyyə auditinin əhatə dairəsinin 8,6 milyard manata, uyğunluq auditinin əhatə dairəsinin isə 5,8 milyard manata yüksəlməsi təqdirəlayiqdir.
Tahir Mirkişili nəzarət tədbirlərinin həm maliyyə, həm də fəaliyyət baxımından əhatə dairəsinin davamlı olaraq genişlənməsinin vacibliyindən də bəhs edib. Bildirib ki, səmərəlilik auditinin fəaliyyəti üzrə əhatə dairəsinin genişlənməsi bir çox maliyyə pozuntularının səbəblərinin əvvəlcədən aradan qaldırılması üçün faydalıdır. Palata tərəfindən dövlət büdcə gəlirlərinin 95,4%, xərclərinin isə 77,6%-nin auditinin aparılması məqbul hesab olunur. Hesabat ilində monitorinq fəaliyyətinin genişləndirilməsi, verilən təkliflərin izlənməsinin artırılması yaxşı hal kimi qeyd edilib. Bununla yanaşı, bir sıra dövlət qurumlarında daxili nəzarət mühitinin gücləndirilməsi, dövlət vəsaitinin proqnozlaşdırılması prosesinin təkmilləşdirilməsi, xərclərin düzgün rəsmiləşdirilməsi vacib məsələlərdir. Hesabatda vətəndaşa yönəlik təkliflərin icrası ilə bağlı məlumatların dərc edilməsi yüksək qiymətləndirilib.
Sonra məsələ ətrafında müzakirələrdə komitə sədrləri Zahid Oruc, Sadiq Qurbanov, Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Vahid Əhmədov, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Fatma Yıldırım, Etibar Əliyev çıxış edərək hesabatla bağlı fikir və qeydlərini açıqlayıblar. Parlamentin komitə sədri Tahir Mirkişili, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov səsləndirilən fikirlərə münasibət bildiriblər.
Spiker Sahibə Qafarova hesabatın yüksək səviyyədə hazırlandığını deyərək, məsələni səsə qoyub.
Səsvermə nəticəsində Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq nəzərə alınıb.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti altı məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Millət vəkili məsələyə dair hər hansı təklifin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi xüsusi növ dövlət qulluğu sayılan orqanların təcrübəsi öyrənilməklə, eyni zamanda, təcrübədə meydana çıxan müvafiq boşluqlar təhlil edilməklə Əsasnamənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı sənəd barədə bu komitələrin müsbət rəy verdiyini bildiriblər.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Sonra Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, layihə ilə bağlı heç bir əlavə təklifin, dəyişikliyin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova məsələ barədə bu komitənin müsbət rəyini diqqətə çatdırdıqdan sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, sənəddə hər hansı bir dəyişikliyin olmadığı üçün səsə qoyulmasını xahiş edib.
Təklif olunan dəyişikliklərdə inzibati icraat zamanı həyata keçirilən tədbirlərə kənar şəxslərin (hal şahidlərinin) cəlb edilməsinin aradan qaldırılması nəzərdə tutulur.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında”, “Gömrük tarifi haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini nəzərə çatdırıb. Komitə sədri layihə ilə bağlı ikinci oxunuşdan sonra hər hansı təklifin daxil olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihədə adı çəkilən qanunlarda sənaye zonaları və texnologiya parkları ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə dəyişikliklər nəzərdə tutulur.
Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı sənəd barədə bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra komitə sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bu layihə ilə də bağlı hər hansı əlavə dəyişikliyin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov sənədlə bağlı bu komitənin rəyini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Sonra spiker Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti məsələsi “Media haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsidir. Sənəd Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib.
Məsələ barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc məlumat verib. O, iki oxunuş zamanı layihəyə hər hansı əlavələrin olmadığını deyib və səsə qoyulmasını xahiş edib.
Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli sənədlə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırıb və qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin digər beş məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, sənədin mahiyyəti barədə birinci oxunuşda ətraflı məlumat verildiyini, deputatlar tərəfindən əlavə təkliflərin daxil olmadığını deyib və səsə qoyulmasını xahiş edib.
Layihə 1954-cü il tarixli "Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" Haaqa Konvensiyasına dair İkinci Protokolunda nəzərdə tutulmuş mədəni sərvətlərin qorunmasına dair müddəaların milli qanunvericilik aktlarına daxil edilməklə onların icrasının təmin edilməsi üçün hüquqi əsasın yaradılması məqsədi ilə hazırlanıb.
Sənəd barədə Mədəniyyət komitəsinin sədr müavini Ülviyyə Həmzəyeva, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu komitələrin rəylərini səsləndiriblər.
Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
İclasda Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verib. O, layihənin birinci oxunuşda ətraflı müzakirə edildiyini, müsbət fikirlərin səsləndirildiyini bildirib və səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 28 dekabr tarixli 1936 nömrəli Fərmanının 3.3-cü bəndinə uyğun olaraq hazırlanıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin müsbət rəy verdiyini diqqətə çatdırıb.
Deputat Qüdrət Həsənquliyev məsələ ilə bağlı fikirlərini bildirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Parlamentin spikeri Sahibə Qafarova növbəti iki məsələnin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu deyib. Qeyd edib ki, bunlar “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş), “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihələridir.
Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev bu iki məsələ barədə məlumat verib. O, “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı çıxış edən deputatların bu sənədi dəstəklədiklərini, eyni zamanda, bir təklifin də verildiyini, bununla bağlı müzakirələrin aparıldığını və layihənin olduğu kimi saxlanıldığını söyləyib. Komitə sədri digər qanun layihəsinə uyğunlaşdırma xarakterli düzəlişlərin təklif edildiyini də diqqətə çatdırıb.
Əmək və sosial siyasət komitəsinin üzvü Əziz Ələkbərov, İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bu komitələrin layihələrlə bağlı müsbət rəyini bildiriblər.
Müzakirələrdə parlamentin komitə sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Məlahət İbrahimqızı, Vahid Əhmədov, Etibar Əliyev məsələ ilə bağlı bəzi fikir və qeydlərini söyləyiblər.
Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, məsələnin birinci oxunuşda qəbulundan sonra komitəyə əlavə təklif və iradların daxil olmadığına görə, layihənin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Dəyişikliklərdə bir sıra terminlərin dəqiqləşdirilməsi, o cümlədən “həkim reseptləri” sözlərinin “resept”, “dərman vasitələri” sözlərinin “dərman və tibb vasitələri”, “milli protokol” sözlərinin “klinik protokol”, “normativ-texniki sənəd” sözlərinin “texniki-normativ hüquqi akt” və bu qəbildən olan söz və ifadələrlə əvəz edilməsi nəzərdə tutulur.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə əlaqədar bu komitələrin müsbət rəy verdiyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin son iki məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu qeyd edib.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Millət vəkili bildirib ki, layihədə ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq dəyişikliyin edilməsi təklif olunur. Dəyişikliyə əsasən, ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanları işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödənilir.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikası qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Diqqətə çatdırılıb ki, qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir.
Bildirilib ki, sənəddə süni torpaq sahəsinin anlayışı və bununla bağlı ümumi tələblər öz əksini tapıb. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində torpağın və ya qruntun daşınıb tökülməsi, yaxud səpilməsi yolu ilə və ya başqa üsullardan istifadə olunmaqla yaradılan torpaq sahəsi süni torpaq sahəsi olaraq qeyd edilir.
Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, süni torpaq sahəsinin yaradılması üçün müraciət və müraciətə baxılması qaydaları müəyyən edilir. Bununla yanaşı, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur. Layihədə, həmçinin qanunun tələblərinə əməl edilməməsinə görə məsuliyyət müəyyənləşdirilir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitələrdə də məsələnin geniş müzakirə olunduğunu və müsbət rəy verildiyini diqqətə çatdırıblar.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi