Milli Məclisin iclasında

Plenar iclaslar
23 aprel 2024 | 19:05   
Paylaşın:        

Aprelin 23-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.

Parlamentin bugünkü iclasının gündəliyi qəbul edildikdən sonra, cari məsələlərlə bağlı müzakirələr keçirilib.

Müzakirələrdə komitə sədrləri Siyavuş Novruzov, Zahid Oruc, deputatlar Kamran Bayramov, Anar İsgəndərov, Cəbi Quliyev, Razi Nurullayev, Elşad Mirbəşir oğlu, Qüdrət Həsənquliyev, Elman Nəsirov, Naqif Həmzəyev çıxış ediblər.

Deputatlar Qazaxın işğal altında olan 4 qeyri-anklav kəndinin Azərbaycana qaytarılması ilə əlaqədar aprelin 19-da keçirilmiş Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşündə əldə edilmiş razılığı yüksək qiymətləndiriblər. Bu razılığın Qarabağ üzərində suverenliyin tam bərpa edilməsi və Rusiyanın sülhməramlı kontingentinin Azərbaycan ərazisindən çıxarılması da daxil olmaqla, mühüm qələbələr silsiləsində yeni bir mərhələnin olduğunu vurğulayıblar. Bildirilib ki, bu, ölkə Prezidentinin irəli sürdüyü tələblərin təmin edildiyinin, nəzərdə tutulan planların isə dövlətimizin milli maraqlarına uyğun olaraq müvəffəqiyyətlə həyata keçirildiyinin bariz nümunəsidir. O da qeyd edilib ki, bəzi Qərb dairələri delimitasiya prosesinə müxtəlif yollarla təsir göstərməyə çalışsalar da, Azərbaycanın dövlət başçısı bu müdaxilənin qarşısını qətiyyətlə alaraq, eyni zamanda, razılaşmanın həmin qüvvələr tərəfindən dəstəklənməsinə nail oldu.

Millət vəkilləri Prezident İlham Əliyevin aprelin 22-də Rusiya Federasiyasına səfəri, bu səfər çərçivəsində Sovetlər Birliyi üçün əlamətdar hadisələrdən hesab edilən Baykal Amur Magistralının (BAM) inşasına başlanmasının 50 illiyi münasibətilə keçirilən tədbirdə iştirakı ilə bağlı fikirlərini açıqlayıblar. Çıxışlarda dünyanın ən böyük dəmir yolu xəttindən biri olan bu layihənin o dövrdə Sovetlər Birliyi üçün əhəmiyyəti qeyd olunub, BAM-ın tikintisində Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri xüsusi vurğulanıb.

Deputatlar ölkədə və xaricdə gündəmdə olan bir sıra digər aktual məsələlərə də münasibət bildiriblər.

Sonra spiker Sahibə Qafarova gündəliyə 18 məsələnin daxil edildiyini bildirib. O, qeyd edib ki, ilk üç məsələ beynəlxalq sazişlərin təsdiqi ilə bağlıdır və qanunvericiliyin tələbinə əsasən bir oxunuşda baxılıb qəbul edilməlidir. Sədr 1-ci və 2-ci məsələlərin ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olduğunu söyləyib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. O, Sazişin 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalandığını deyib. Bildirilib ki, preambuladan və 13 maddədən ibarət olan Sazişin məqsədi tərəflər arasında baytarlıq sahəsində əməkdaşlığın genişləndirilməsi, baytarlıq nəzarətində olan yüklərin qarşılıqlı ticarətinin və mübadiləsinin asanlaşdırılması ilə bağlıdır. Komitə sədri bu sahədə əməkdaşlığın insan və heyvan sağlamlığının qorunması, yoluxucu heyvan xəstəliklərinin meydana gəlməsinin və yayılmasının qarşısının alınması baxımından əhəmiyyətli olduğunu qeyd edib.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov məsələyə dair bu komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. Qeyd olunub ki, 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış Saziş Azərbaycan iqtisadiyyatına Türkiyə investisiyalarının cəlb edilməsi, habelə bir dövlətin müəssisələrinin və fiziki şəxslərinin digər dövlətdə iqtisadi fəaliyyətlə məşğul olduqları zaman onlar üçün əlverişli vergi mühitinin formalaşmasına şərait yaradır.

Diqqətə çatdırılıb ki, Saziş iqtisadi əlaqələrin genişləndirilməsi, vergi sahəsində əməkdaşlığın gücləndirilməsi, o cümlədən vergitutmanın olmamasına və ya vergidən yayınma vasitəsilə aşağı dərəcəli vergitutmaya şərait yaratmamaq məqsədilə gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması məsələlərinin təmin edilməsinə yönəlib. Sənəd Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın daha da inkışafına xidmət edəcək.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov məsələ ilə bağlı təmsil etdiyi komitənin müsbət rəy verdiyini söyləyib.

Deputat Sahib Alıyev bəzi fikirlərini açıqladıqdan sonra, qanun layihəsi səsə qoyularaq qəbil edilib.

İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib. Komitə sədri Azərbaycanın bütün ölkələrlə beynəlxalq əlaqələrini yüksək səviyyədə qurmaq üçün geniş potensial imkanlarının olduğunu söyləyib. O, həmçinin ölkəmizlə dost olan Albaniya ilə münasibətlərin yeni müstəviyəyə  yüksəldilməsinin də vacibliyini qeyd edib.

Layihədə ikitərəfli münasibətlərin inkişafının təşviq edilməsi və hər iki dövlətin vətəndaşlarının hərəkətinin asanlaşdırılması ilə bağlı məsələlər ehtiva olunur. Sənədə əsasən, hər bir tərəfin ümumvətəndaş pasportlarına malik olan vətəndaşları digər dövlətin ərazisinə daxil olmaq, oradan çıxmaq və ya tranzit keçmək və hər 180 günlük müddət ərzində 90 gündən artıq olmayaraq orada qalmaq üçün viza tələbindən azad edilir. Sazişdə bildirilir ki, hər bir dövlətin vətəndaşları digər dövlətin ərazisində qaldığı müddətdə həmin dövlətin milli qanunvericiliyinə riayət etməlidir. Bununla yanaşı, hər bir tərəf digər tərəfin “persona non qrata” və ya arzuolunmaz sayılan şəxslərinə öz dövlətinin ərazisinə daxil olmasına icazə verməkdən imtina etmək və ya həmin şəxslərin burada qalmaq müddətini dayandırmaq hüququnu özündə saxlayır.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti iki məsələ üçüncü oxunuşda olan qanun layihələridir.

Əmək və sosial siyasət komitəsinin üzvü Arzu Nağıyev “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumat verib. O, layihənin birinci və ikinci oxunuşda ətraflı müzakirə edildiyini, deputatlar tərəfindən müsbət fikirlərin səsləndirildiyini, heç bir iradın olmadığını bildirib və səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi "Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinin təyin edilməsi və onların fəaliyyətinin təmin olunması haqqında" ölkə Prezidentinin müvafiq Fərmanına uyğun olaraq hazırlanıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin müsbət rəy verdiyini bildirdikdən sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli  979-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihədə qanunvericilikdə təsbit olunmuş müvafiq norma və yeni anlayışların bəzi qanunlarda tətbiqinin, habelə bir sıra terminlərin dəqiqləşdirilməsinin  nəzərdə tutulduğunu bildirib. Millət vəkili məsələ ilə bağlı komitəyə əlavə heç bir təklifin daxil olmadığını deyib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.

Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ barədə bu komitələrin müsbət rəy verdiklərini bildirdikdən sonra, qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu bildirib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (ikinci oxunuş) qanun layihəsindən danışıb. Millət vəkili birinci oxunuş zamanı layihə barədə geniş məlumat verildiyini, əlavə heç bir təklif və iradın olmadığını söyləyib və sənədin səsə qoyulmasının xahiş edib.

Layihədə ədliyyə orqanları işçilərinin sosial müdafiəsinin daha da yaxşılaşdırılması məqsədi ilə müvafiq dəyişikliyin edilməsi nəzərdə tutulur.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, birinci oxunuş zamanı layihə ilə bağlı bəzi deputatların səsləndirdiyi qeydlərlə əlaqədar aidiyyəti qurumun nümayəndələri ilə birgə işçi qaydada müzakirələrin keçirildiyini söyləyib və həmin görüşdə aydınlıq gətirilən məsələlər barədə məlumat verib.

Təqdim edilən qanun layihəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində tikinti məqsədləri üçün süni torpaq sahələrinin yaradılması ilə bağlı ictimai münasibətləri tənzimləyir, süni torpaq sahələrinin yaradılmasının təşkilati və hüquqi əsaslarını və süni torpaq sahələrindən istifadənin, o cümlədən süni torpaq sahələrində tikinti aparılmasının xüsusiyyətlərini müəyyən edir. Sənəddə süni torpaq sahələrinin yaradılma formaları və süni torpaq sahələrinin yaradılmasına dair ümumi tələblər, bunun üçün müraciət və müraciətə baxılması qaydaları müəyyən edilir. Habelə, süni torpaq sahəsinin yaradılması məqsədilə su fondu torpaq sahəsinin ayrılması barədə qərarla bağlı müddəalar, həmçinin süni torpaq sahələrinin yaradılması və həmin torpaq sahəsində tikinti fəaliyyətinin xüsusiyyətləri, mülkiyyət və icarə münasibətlərinin tənzimlənməsi məsələləri təsbit olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitələrdə məsələ barədə müsbət rəy verildiyini diqqətə çatdırıblar.

Məsələ ətrafında müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Qüdrət Həsənquliyev öz fikir və qeydlərini nəzərə çatdırıblar. Komitə sədri Tahir Mirkişili və deputat Nurlan Həsənov qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova gündəliyin digər 11 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu söyləyib. Spiker növbəti üç məsələnin möhtərəm Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu bildirib. O, həmin qanun layihələrinə Aqrar siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrində baxıldığını qeyd edib.

Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) və “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi (birinci oxunuş) barədə qanun layihələrini təqdim edib.

Bildirilib ki, hər iki qanuna təklif edilən dəyişikliklər Azərbaycan Prezidentinin "Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında" 2023-cü il 7 fevral tarixli 3742 nömrəli Sərəncamından irəli gələn tələbləri özündə ehtiva edir. Bu dəyişikliklər əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, sanitar-gigiyena normalarına əməl olunmasına, sahibkarlıq subyektlərinin maraqlarının qorunmasına, istehsalın və dövriyyənin tənzimlənməsinə, vergidən yayınma hallarının və qeyri-qanuni istehsalın qarşısının alınmasına yönəlib. Düzəlişlər rəqabətə dözümlü investisiya mühitinin formalaşmasına, istehsal olunmuş məhsulların ixrac potensialının artırılmasına, yerli xammaldan istifadənin genişləndirilməsinə imkan yaradacaq.

Qeyd edilib ki, “Tütün və tütün məmulatı haqqında” qanuna edilən dəyişikliklərdə tütün məmulatlarının istehsalının və idxalının həyata keçirilməsi fəaliyyətinə görə icazə sisteminin tətbiq edilməsi, bu məqsədlə  tütün məmulatlarının istehsalı və idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyata alınması və reyestrinin aparılması nəzərdə tutulub. İcazə sisteminin tətbiqi bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, əhalinin sağlamlığının müdafiəsinin təmin edilməsinə, istehsalın və dövriyyənin tənzimlənməsinə xidmət edəcək. Sənəddə, habelə tütün məmulatı qismində siqaret istehsalı ilə bağlı tətbiq ediləcək icazə şərtlərinə məhsulların yerli xammaldan istifadə edilməklə istehsalına icazə verilməsi şərtinin daxil edilməsi məsələsi öz əksini tapıb.

“Qida təhlükəsizliyi haqqında” Qanunda edilən dəyişikliklər barədə məlumatında komitə sədri bildirib ki, layihə alkoqollu içkilərin idxalı və istehsalı ilə bağlı icazə sisteminin təkmilləşdirilməsini nəzərdə tutur. Bununla yanaşı, sənədə əsasən, istehsal fəaliyyətinin həyata keçirildiyi qida obyektində ölçü cihazlarının quraşdırılması alkoqollu içki istehsalçılarının istehsal həcmlərinin gizlədilməsi hallarının qarşısının alınmasına və hazır məhsul dövriyyəsinin müəyyənləşdirilməsinə xidmət edir. Habelə alkoqollu içki növü olan arağın idxalı ilə bağlı təchizatçı ilə müqavilənin, eləcə də istehsalda xammal qismində istifadə olunan spirtin alışına dair sənədlərin mövcudluğu şərtinin müəyyən edilməsi  bu sahədə mənşəyi məlum olmayan və aşağı keyfiyyətli malların dövriyyəsini həcmini məhdudlaşdıracaq.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) nəzərə çatdırıb.

Bildirilib ki, layihədə "Lisenziyalar və icazələr haqqında" Qanunda dəyişiklik edilərək tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın "Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı"na əlavə edilməsi nəzərdə tutulur.

Sənəddə Vergi Məcəlləsinə edilən dəyişiklikdə qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyətinin həyata keçirilməsi, habelə "Tütün və tütün məmulatı haqqında" Qanunla müəyyən olunmuş qeydiyyat şərtlərinin pozulması faktlarının aşkar edilməsinin operativ vergi nəzarətinin əhatə etdiyi məsələlər kimi müəyyən edilməsi təklif olunur.

Bununla yanaşı, Tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinə tütün məmulatının idxalı və istehsalını həyata keçirən sahibkarlıq subyektlərinin Reyestrindən çıxarışın verilməsinə görə dövlət rüsumunun müəyyən edilməsi ilə əlaqədar "Dövlət rüsumu haqqında" Qanunda, habelə, tütün məmulatının idxalını həyata keçirən sahibkarlıq subyektlərinin qeydiyyata alınması tələbindən irəli gələrək gömrük nəzarəti zamanı müvafiq Reyestrdən çıxarışın yoxlanılması ilə bağlı Gömrük Məcəlləsində dəyişikliklər edilib.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu məsələ barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini açıqlayıb.

Komitə sədri Tahir Mirkişili, deputatlar Razi Nurullayev, Qüdrət Həsənquliyev, Əli Məsimli, Fəzail Ağamalı bu məsələlərlə bağlı öz fikir və qeydlərini səsləndiriblər. Komitə sədri Tahir Rzayev qaldırılan bəzi məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda hər üç qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini  (birinci oxunuş) təqdim edib.  Diqqətə çatdırılıb ki, layihə gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanlarının əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yeni qulluq yerinə köçməsinin və bununla bağlı kompensasiyanın, eləcə də qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələlərini tənzimləyir.

Sənəddə qeyd olunur ki, gömrük orqanlarının vəzifəli şəxslərinə yeni qulluq yerinə köçmə, habelə əmlakın daşınması üçün xərclərlə yanaşı birdəfəlik kompensasiya da ödəniləcək. Layihəyə əsasən, gömrük orqanlarında qulluq yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan gömrük orqanlarının vəzifəli şəxslərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq mənzil kirayəsi üçün pul kompensasiyasının ödənilməsi nəzərdə tutulur. Pul kompensasiyasının ödənilmə qaydası və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Parlamentin sədri Sahibə Qafarova növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu deyib. Spiker qeyd edib ki, bu məsələlər - “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələridir. 

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov həmin qanun layihələri barədə məlumat verib.

Nəzərə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya" təsdiq edilib. Strategiyada dövlət qulluğunda institusional islahatlar aparılması məqsədilə dövlət qulluğu və onun xüsusi növləri, dövlət orqanlarının kateqoriya və iyerarxiyası, struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları, vəzifə adları ilə bağlı bir sıra anlayışların təhlil edilməsi, mütərəqqi sistemin qurulması üçün kompleks təkliflərin hazırlanması nəzərdə tutulur.

Bildirilib ki, “Dövlət qulluğu haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlı qanun layihəsi yuxarıda qeyd olunanların təmin edilməsi məqsədilə hazırlanıb. Sənəddə həm texniki, həm substansional məsələlərin həlli nəzərdə tutulur. Qeyd olunub ki, mövcud qanunun 8-ci maddəsi ilə tənzimlənmən dövlət orqanlarının iyerarxiyası və yurisdiksiyası nəzərə alınmaqla, müvafiq kateqoriyalar üzrə təsnifatda dəyişiklik edilərək, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəliyi 2-ci kateqoriya dövlət orqanları sırasına daxil edilir.

Millət vəkili diqqətə çatdırıb ki, sənəddə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə uyğun olaraq və qanunvericilik texnikası baxımından inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişiklik nəzərdə tutulub. 11-ci maddədə edilən bu dəyişikliklər, dövlət idarəetməsi sistemində hazırki dövrün tələblərinə uyğun olaraq formalaşmış, mövcud təsnifatların yerini dəqiq müəyyənləşdirir.  O, təklif edilən dəyişikliklərin dövlət qulluğunda dövlət başçısının rəhbərliyi altında aparılan uzunmüddətli islahatların davamı olduğunu deyib.

Sonra Nizami Səfərov Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Qeyd olunub ki, sənəd  Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurasının fəaliyyət istiqamətlərinin genişləndirilməsi məqsədi ilə hazırlanıb.

Layihəyə əsasən, Şuranın fəaliyyət istiqamətlərinə dövlət qulluğu sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər verilməsi, dövlət qulluqçuları üçün hazırlanmış təlim strategiyasına razılıq verilməsi, dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsi, dövlət qulluqçularının reyestrinin aparılmasına nəzarət edilməsi kimi səlahiyyətlər əlavə edilir.

Deputatlar Aydın Mirzəzadə, Etibar Əliyev, Qüdrət Həsənquliyev təqdim edilən sənədlər barədə öz fikirlərini açıqlayıblar. Millət vəkili Nizami Səfərov qaldırılan məsələlərə münasibət bildirib.

Sonra bu iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüqar İskəndərov  Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) nəzərə çatdırıb.

Bildirilib ki, layihədə "Dekstrometorfan" maddəsinin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq, Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısına "başqa mürəkkəb tərkibli dərman preparatlarının tərkibində nəzarətdə saxlanılmır" qeydi ilə daxil edilməsi təklif edilir. Bu qeydin müəyyən edilməsi layihənin qəbul olunacağı təqdirdə "Dekstrometorfan" maddəsi olan mürəkkəb tərkibli dərman preparatlarının sahibkarlar tərəfindən ölkəyə gətirilməsindəki qadağanın aradan qaldırılmasını, əhalinin qeyd edilən dərman preparatlarına əlçatanlığını təmin edəcək.

Digər dəyişikliyə əsasən, Buprenorfin maddəsinin tibbi-farmakoloji xüsusiyyətləri nəzərə alınaraq, Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısından çıxarılaraq yalnız Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısında qalması təklif edilir.

Komitə sədri Siyavuş Novruzov və deputat Aydın Hüseynov layihənin əhəmiyyəti barədə fikirlərini və məsələyə dair bəzi qeydlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib.

Bildirilib ki, layihədə Mülki Prosessual Məcəllənin 350.4-cü və Ailə Məcəlləsinin 68.6-cı, 118.20-ci maddələrinə təklif edilən dəyişikliklərin əsas məqsədi övladlığa götürmə və valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən çıxarışın məhkəmənin elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə inteqrasiya edilməsinin sürətləndirilməsidir.

Sənəddə  Ailə Məcəlləsinin 11.1-ci və 171.2-ci maddələrinə həmin Məcəllənin 13.3-cü maddəsinin tələblərinə uyğunlaşdırma məqsədi ilə dəyişikliklər də təklif edilir. Belə ki "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında" 2023-cü il 2 may tarixli QanunIa 13.3-cü maddəyə müvafiq dəyişiklik edilərək, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın elektron formada tərtib olunaraq tibb müəssisənin rəhbəri tərəfindən elektron qaydada aidiyyəti qurumların informasiya sisteminə ötürülməsi imkanı qanunvericilikdə təsbit edilib. Bununla əlaqədar olaraq Məcəllənin  11.1-ci maddəsinə müvafiq dəyişikliyin edilməsi və 171.2-ci maddəsinin ləğv edilməsi təklif edilir.

Habelə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya arayışın təqdim edilməli olduğu şəxslərin siyahısının genişləndirilməsi, yəni həmin sənədlərin təkcə barəsində akt qeydi tərtib edilmiş şəxsin müraciəti əsasında deyilhəmçinin  şəxsin qanuni nümayəndəsi, etibarnamə ilə səlahiyyət verdiyi şəxs və barəsində akt qeydi tərtib edilmiş şəxs öldükdə isə yaxın qohumları müraciət etdikdə də verilməsi təklif edilir. Həmçinin,  Ailə Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulan "qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış" ifadəsinin dəqiqləşdirilərək "məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış" ifadəsi ilə əvəz edilməsi təklif olunur.

Digər dəyişikliklərə  əsasən, "Dövlət rüsumu haqqında" Qanunun 2.0.3-cü maddəsində dövlət rüsumunun tutulduğu hallar sırasında nəzərdə tutulmuş "vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı" sözlərindən sonra "şəhadətnamə" sözünün əlavə edilməsi nəzərdə tutulur.  Həmçinin Azərbaycan Respublikasında və ya Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatı üçün dövlət rüsumunun tutulduğu hallar siyahısına məhkəmə qətnaməsi əsasında nikahın pozulmasının qeydə alınmasına görə dövlət rüsumunun tutulması da müəyyən edilir.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qanun layihəsi barədə bu komitələrin müsbət rəyini diqqətə çatdırıblar.

Deputatlar Fəzail Ağamalı, Qüdrət Həsənquliyev məsələ ilə bağlı bəzi qeydlərini bildiriblər. Millət vəkili səsləndirilən fikirlərə münasibət bildirib.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Spiker Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin də möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə yaxın olduğunu qeyd edib. Spiker bildirib ki, layihələrə parlamentin iki komitəsində - Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrində baxılıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı  məlumat verib. Millət vəkili bildirib ki, təklif edilən dəyişikliklər özündə hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosedurunun həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin daha təkmil şəkildə tənzimlənməsini ehtiva edir. Belə ki, yeni müddəalara əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı ilə xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı proseduru fərqləndirilir. Təkmilləşmə həmçinin adi və sürətli elektron qeydiyyat prosedurunun həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərə də şamil edilir.

Layihədə işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarının qeydiyyat prosesi başa çatdıqdan sonra müəyyən edilmiş informasiya sisteminə avtomatik olaraq ötürülmə ilə əlaqədar, xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı zamanı təsisçi xarici hüquqi şəxs olduğu təqdirdə, onun qeydiyyatını təsdiq edən sənədlərin digər informasiya sistemlərinə ötürülməsi ilə əlaqədar, habelə hüquqi şəxsin adında istifadəsi qadağan edilən simvollara dair ümumi qaydalar müəyyən edilir.

Sənəddə həmçinin hüquqi şəxs  statusu  almaq  istəyən  qurumun,  habelə  xarici hüquqi   şəxsin nümayəndəlik və  ya  filialının  dövlət qeydiyyatına alınmasından imtinanın qanunvericilik əsaslarına yeni hallar əlavə edilir.

Bəhruz Məhərrəmov Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyin növbəti məsələsi -  Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı müsbət rəyini də diqqətə çatdırıb.

Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. O, bildirib ki, sənəd "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanun layihəsinə uyğun olaraq hazırlanıb.

Sənədə əsasən, Əmək Məcəlləsində müvafiq dəyişiklik edilərək, Məcəllənin 7-ci maddəsinin 2-2-ci hissəsinin və 49-cu maddəsinin 1-2-ci hissəsinin istisnasız olaraq bütün məhdud məsuliyyətli cəmiyyətlərə şamil edilməsi təmin olunur.

Mülki Məcəlləyə nəzərdə tutulan dəyişiklikdə isə qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsinin, habelə dövlət nəzarəti və yoxlama funksiyalarının nəzərdə tutulmasının məhdudlaşdırılması ilə bağlı tələbin digər hüquqi şəxslərə də aid edilməsi təklif olunur.  Bu zaman publik hüquqi şəxslər və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş nizamnaməsi ilə dövlət nəzarəti və yoxlama funksiyaları verilmiş hüquqi şəxslər istisna təşkil edəcəkdir.

Hər iki qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı təqdim edib.  

Elnur Allahverdiyev qeyd edib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) cari ilin noyabr ayında Azərbaycanda keçiriləcək. O, dünyanın ən böyük mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsini Azərbaycan Prezidenti cənab İlham Əliyev siyasətinin növbəti təntənəli qələbəsi, dövlətimizin beynəlxalq aləmdə artan nüfuzunun və etibarının göstəricisi kimi dəyərləndirib.

Millət vəkili təqdim edilən qanun layihəsində COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezidentlərə 2024-cü il martın 1-dən 9 ay müddətinə vergi azadolmalarının nəzərdə tutulduğunu bildirib. Sənəddə malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlərin gəlir vergisindən, mənfəət vergisindən, həmçinin malların idxalı da daxil olmaqla ƏDV-dən azad olunması təklif edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla Milli Məclisin bugünkü plenar iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU