Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi və Şuşada olublar
Aprelin 26-da Azərbaycanda səfərdə olan Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələrinin sədrləri Xankəndi şəhərinə gəliblər. Qonaqlar Xankəndi şəhəri ilə tanış olublar.
Sonra Şuşaya gələn qonaqlar Mərkəzi Meydan, Yuxarı Gövhərağa məscidi ilə tanış olublar, Qala divarlarını və Xan qızı bulağını seyr ediblər. Qonaqlara şəhərin tarixi, işğal dövründəki vəziyyəti və Şuşada cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında aparılan quruculuq işləri, şəhərdəki tarixi abidələrin bərpası və nəzərdə tutulan planlar barədə məlumat verilib.
Sonra qonaqlar Cıdır düzünə gəliblər. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.
Səfər zamanı qonaqları Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, deputatlar Cavanşir Feyziyev, Sahib Alıyev, Elman Nəsirov, Azər Kərimli, Nəsib Məhəməliyev, Sabir Hacıyev və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi