Milli Məclisdə görüş

Tədbirlər
29 aprel 2024 | 18:25   
Paylaşın:        

Aprelin 29-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Porebanı qəbul edib.

Dünyada və regionda cərəyan edən proseslər barədə danışan Səməd Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu günlərdə Almaniya Federativ Respublikasına baş tutmuş işgüzar səfərinin müsbət nəticələri barədə fikirlər səsləndirib, bu səfəri Azərbaycanın regionda və bütün dünyada artan nüfuzunun bariz nümunəsi adlandırıb. 

Söhbət zamanı komitə sədri Cənubi Qafqaz regionunun aparıcı ölkəsi kimi Azərbaycanın zəngin iqtisadi potensialı barədə danışıb, ölkəmizin unikal coğrafi mövqeyinin Avropa və Asiyanı birləşdirən mühüm körpü rolunu oynadığını bildirib. Azərbaycanın Mərkəzi Asiyanın resurslarla zəngin regionlarını Avropanın sənaye mərkəzləri ilə əlaqələndirəcəyinə dair perspektivlərdən söz açan komitə sədri diqqətə çatdırıb ki, gələcəkdə regionun bütün ölkələri bu nəqliyyat platformasından faydalana biləcəklər.

Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra başda Fransa olmaqla bəzi ölkələrin, həmçinin bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli mövqe nümayiş etdirdiyini deyən Səməd Seyidov, bu dairələr tərəfindən aparılan böhtan və qarayaxma kampaniyalarını  pisləyib. Avropa Parlamentində (AP) təmsil olunan bir sıra deputatların Avropa seçicilərinin deyil, lobbi qruplarının maraqlarını təmsil etdiyini deyən komitə sədri söyləyib ki, AP-nin Azərbaycanda vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq 25 aprel tarixli qətnaməsi yalan və saxta məlumatlar üzərində qurulub.  Bildirilib ki, bu əsassız qətnamə ölkəmizə qarşı irəli sürülmüş qondarma iddiaların açıq təzahürü olmaqla yanaşı, eyni zamanda, ikili standartların bariz nümunəsidir. Azərbaycana qarşı çirkin siyasi aksiyaların həqiqi səbəblərinin hamıya məlum olduğunu deyən komitə sədri vurğulayıb ki, heç bir qüvvə bizə təzyiq göstərə bilməz, ölkəmiz bundan sonra da müstəqil və yalnız sülhün, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlığın təşviqinə yönəlmiş siyasətini davam etdirəcəkdir.

Qəbula görə təşəkkürünü bildirən Avropa Parlamentinin Nəqliyyat və turizm komitəsinin üzvü Tomaş Piotr Poreba səfərinin məqsədləri barədə məlumat verib. İlyarım əvvəl Azərbaycana birinci səfəri zamanı işğaldan azad olunmuş Şuşa şəhəri ilə tanışlığından bəhs edən qonaq, regionda cərəyan edən tendensiyalara və gələcək inkişaf perspektivlərinə toxunub,  Azərbaycan və Ermənistan arasında delimitasiya üzrə danışıqların müsbət nəticələrindən məmnunluğunu ifadə edib. Azərbaycanın mühüm iqtisadi-coğrafi mövqeyi barədə fikirlər söyləyən Tomaş Poreba ölkəmizin Avropa İttifaqı (Aİ) ilə əlaqələri barədə danışıb, Aİ-nin Cənubi Qafqaz regionun aparıcı ölkəsi olan Azərbaycanla bir çox sahələrdə, o cümlədən enerji, ətraf mühit, nəqliyyat və logistika kimi mühüm əhəmiyyətli seqmentlərdə əməkdaşlığının daha da dərinləşdirilməsinin vacibliyinə dair fikirlərini səsləndirilib.

Son dövrlərdə Avropa Parlamentinin ölkəmizə  qarşı qərəzli və ikili standartları özündə ehtiva edən mövqeyini pisləyən qonaq, bu mövqeyi ədalətsiz və məntiqə sığmayan addım kimi dəyərləndirib. Ortaya çıxan məsələlərin təzyiq yolu ilə deyil, yalnız əməkdaşlıq və bərabərhüquqlu dialoq yolu ilə həll olunmasının əhəmyyətini qeyd edən Avropa  Parlamentinin üzvü Azərbaycanın Aİ-nin etibarlı tərəfdaşı olduğunu, bu əməkdaşlığın bundan sonra da davam etdirilməsinin vacibliyini vurğulayıb. 

Görüşdə komitənin üzvü Tural Gəncəliyev Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı faydalı əməkdaşlıqdan söz açıb, ölkəmizin qurumla nəqliyyat və logistika sahəsində də əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Söhbətdə Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında  münasibətlərin inkişafından məmnunluq ifadə olunub, tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU