Milli Məclisdə Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüş keçirilib

Tədbirlər
30 aprel 2024 | 16:48   
Paylaşın:        

Aprelin 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyasının sədri Çiğdem Erdoğan Atabekin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova qonaqları salamlayaraq, Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq, strateji müttəfiqlik  münasibətlərinin daim möhkəmləndiyini vurğulayıb. Bildirilib ki, iki qardaş ölkə beynəlxalq müstəvidə də qarşılıqlı faydalı əməkdaşlıq edir, hər zaman bir-birilərini dəstəkləyirlər. Komitə sədri dövlətlərimiz arasında əlaqələrin güclənməsində parlamentlərin önəmli rolundan danışıb. Qeyd edib ki, qanunvericilik orqanlarında fəaliyyət göstərən ayrı-ayrı komitələr, dostluq qrupları arasında əməkdaşlığın inkişafı, qarşılıqlı səfərlərin və görüşlərin keçirilməsi ümumi maraqlara xidmət edir.

Hicran Hüseynova qadınların siyasi, iqtisadi və digər sahələrdə daha fəal təmsilçiliyinin vacibliyindən, bu istiqamətdə dövlət tərəfindən olan diqqət və qayğıdan, həyata keçirilən layihələrdən  söhbət açıb.

Türkiyə Böyük Millət Məclisinin Qadınlar və kişilər üçün bərabər imkanların təmin edilməsi komissiyasının sədri Çiğdem Erdoğan Atabek Azərbaycanla Türkiyə arasında hər zaman sıx münasibətlərin olduğunu bildirib. Ölkələrimiz arasında iqtisadiyyat, ticarət, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əlaqələrin dinamik inkişaf etdiyini deyib. Qonaq qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsində həyata keçirilən birgə layihələrin vacibliyindən danışıb. Türk dövlətləri arasında əlaqələrin inkişafı üçün birgə səylərin əhəmiyyətindən bəhs edib.

Çiğdem Erdoğan Atabek parlamentlərarası əlaqələrin də uğurla inkişaf etdiyini vurğulayıb. O, qanunvericilik sahəsində təcrübə mübadiləsinin önəmli olduğunu, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, aparılan danışıqların, habelə deputatların regional və beynəlxalq parlament qurumlarında səmərəli əməkdaşlığının mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikirlərini bölüşüblər.

Görüşdə Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Tamam Cəfərova, Sədaqət Vəliyeva, Rauf Əliyev, Rəşad Mahmudov, Türkiyə nümayəndə heyətinin üzvləri və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU