Milli Məclisdə görüş
Aprelin 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullahı qəbul edib.
Azərbaycanda ana və uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə geniş məlumat verən komitə sədri bildirib ki, uşaqlara diqqət və qayğı hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Bu sahəni əhatə edən mühüm dövlət proqramları, həyata keçirilən ardıcıl tədbirlər barədə danışan Hicran Hüseynova qeyd edib ki, bu gün ölkəmizdə uşaq və yeniyetmələrlə bağlı yürüdülən məqsədyönlü siyasət dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.
Söhbət zamanı, ölkəmizdə ailə institutunun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi, qadın və uşaqlar üçün əlverişli şəraitin yaradılması, onların hüquqlarının müdafiəsinin hüquqi aspektlərindən söz açan komitə sədri vurğulayıb ki, Milli Məclis bu sahədə yeni normativ hüquqi aktların layihələrinin hazırlanması, həmçinin mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə sıx əməkdaşlıq edir.
Səmimi qəbula görə təşəkkürünü bildirən BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Saca Faruq Abdullah ölkəmizdə ailə, qadın və uşaqların hüquqlarının qorunması sahəsində aparılan dövlət siyasətini müsbət dəyərləndirib, Azərbaycanda uşaq hüquqlarının müdafiəsi sahəsində əldə olunmuş əhəmiyyətli uğurları qeyd edib. Təmsil etdiyi qurumun ölkəmizdə həyata keçirdiyi bir sıra mühüm layihələr barədə məlumat verən qonaq bildirib ki, hazırda qurum keçmiş məcburi köçkünlərin öz yurdlarına geri qayıdışı zamanı onların təhlükəsiz şəraitdə yaşaması üçün əhali arasında minalarla bağlı geniş maarifləndirmə işi həyata keçirir.
Görüşdə komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Sədaqət Vəliyeva, Nigar Arpadarai və digər rəsmi şəxslər iştirak ediblər.
Görüş zamanı qarşılıqlı faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub, birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi