Avstraliyalı deputatla görüşdə
Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvü Asim Mollazadə mayın 1-də Avstraliya Parlamentinin deputatı Riçard Ceyms Vilson ilə görüşüblər.
Görüşdə qonağa Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüquqa uyğun bərpa etməsi, işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, hazırda sülh sazişi üzrə aparılan danışıqlar barədə məlumat verilib. Ermənistanla Azərbaycanın bu gün sülhə yaxın olduqları bildirilib. Lakin Qərb dairələrinin Azərbaycana qarşı böhtan xarakterli qarayaxma kampaniyaları aparmasının regionda sülhün möhkəmləndirilməsinə və iqtisadi əməkdaşlığın bərqərar olmasına ciddi ziyan vurduğu diqqətə çatdırılıb.
Söhbətdə ölkələrimiz arasında münasibətlərin inkişafına mühüm və müsbət təsir imkanlarına malik parlamentlərarası əlaqələrin əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, bu istiqamətdə də əlaqələri daha da dərinləşdirmək baxımından qarşılıqlı səfərlər və dialoqu davam etdirmək çox vacibdir.
Görüş ölkələrimizin qanunverici orqanları arasında əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi ilə davam etdirilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi