REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
24 yanvar 2012 | 05:01   
Paylaşın:        

Yanvarın 24-də parlamentin yaz sessiyasında ilk iclasını keçirən Milli Məclisin Regional məsələlər komitəsində iki məsələyə baxıldı.
Öncə komitənin sədri Arif Rəhimzadə Milli Məclisin 2011-ci ilin payız sessiyası dövründə komitədə görülən işlər barədə hesabatı təqdim etdi. Bildirdi ki, hesabat dövründə komitənin 4 iclası keçirilib və 17 məsələ müzakirə olunub. Həmin məsələlərdən 15-i qanunvericilik təşəbbüsü qaydasında komitəyə daxil olmuş qanun layihələri olub ki, onların da hamısı  Milli Məclisdə qəbul edilibdir.
İclasa toplaşanların nəzərinə çatdırıldı ki, payız sessiyasında komitəyə daxil olan 84 məktub, ərizə, şikayət və təklifin 64-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitə üzvləri hesabat dövründə seçicilərlə çoxsaylı görüşlər və qəbullar keçiriblər, ATƏT PA, TürkPA, AŞ PA və MDB PA-nın tədbirlərində, eləcə də Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak ediblər. 
Sonra iclasda Regional məsələlər komitəsinin 2012-ci il yaz sessiyası üçün iş planının layihəsi müzakirəyə çıxarıldı. Plana əsasən, bu sessiyada “Bələdiyyələrin hesabatları haqqında” və “Azərbaycan Respublikasının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə” yeni qanun layihələrinə baxılacaq, bəzi qanunlara əlavələr və dəyişikliklər olunacaq. Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin illik hesabatı dinləniləcək.
Müzakirələrdə deputatlar Fəzail İbrahimli, Tahir Rzayev, Qalib Salahzadə, komitənin sədr müavini Fəttah Heydərov çıxış edərək hesabat dövründə görülmüş işlərlə bağlı fikirlərini və qanunvericilik fəaliyyəti ilə əlaqədar rəy və təkliflərini bölüşdülər. İclasda Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə bələdiyyələrin fəaliyyəti və beynəlxalq əməkdaşlığı barədə danışdı, bu sahəni tənzimləyən qanunvercilik bazasının təkmilləşdirilməsi istiqamətində parlamentin fəaliyyətini xüsusi qeyd etdi. 
Fikir mübadiləsinin yekununda komitənin hesabatı nəzərə alındı. Komitə üzvləri yaz sessiyasının iş planını təsdiqlədilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU