Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur parlamentinin sədri ilə görüşüb

Sədrin səfərləri
14 may 2024 | 17:24   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Sinqapur Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkə Parlamentinin sədri Seah Kian Penq ilə görüşüb.

Görüşdə ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərə dair müzakirələr aparılıb.  Seah Kian Penq bu səfərin ölkələrimiz və parlamentlərimiz arasında əlaqələrə töhfə verəcəyinə inamını ifadə edib. O, ölkələrimiz və qanunvericilik orqanlarımız arasında əlaqələrin daha da inkişafının vacibliyini vurğulayıb.

Söhbət zamanı bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün tamam olduğu diqqətə çatdırılaraq, ötən illər ərzində Azərbaycan və Sinqapur arasında bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdiyi bildirilib. Qeyd olunub ki, coğrafi məsafəyə baxmayaraq, ölkələrimizin qarşılıqlı maraqlarına xidmət edəcək çoxlu əməkdaşlıq imkanları mövcuddur.

Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurla əməkdaşlıq etdiyi bildirilib. Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan Qoşulamama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verərək, Şəbəkənin parlamentlərimizin əməkdaşlığı baxımından mühüm bir platforma ola biləcəyini söyləyib. Spiker, həmçinin Azərbaycan Milli Məclisinin 2022-ci ildə ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu aldığını, bu təşkilatın da əməkdaşlıq baxımından daha bir imkan olduğunu deyib.

Bu səfərin Azərbaycan Milli Məclisi sədrinin Sinqapura ilk səfəri olduğu diqqətə çatdırılaraq, iki ölkə arasında səfərlərin və fikir mübadilələrinin davam etdirilməsinin vacib olduğu bildirilib.

Sahibə Qafarova parlamentlərin qarşılıqlı fəaliyyətinin ikitərəfli və çoxtərəfli münasibətlərə mühüm və müsbət təsir göstərən amillərdən biri olduğunu diqqətə çatdıraraq, iki ölkənin parlamentləri olaraq əməkdaşlığı daha da inkişaf etdirmək, həmçinin parlamentlərarası təşkilatlarda bir-birimizi dəstəkləmək üçün qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi, ticarət, nəqliyyat sahələrində əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Həmçinin, təhsil, elm, mədəniyyət, gənclər və idman sahələrində əlaqələrin inkişafının əhəmiyyəti qeyd olunub. Vurğulanıb ki, bu cür əməkdaşlıq ölkələrimiz arasında əlaqələrin inkişafına, insanlar arasında təmasların möhkəmlənməsinə töhfə verir.

Milli Məclisin sədri qarşı tərəfə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da məlumat verib. O, ölkəmizin belə mühüm beynəlxalq tədbirə evsahibliyi etməsinin Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisi olduğunu söyləyib. Spiker sessiya çərçivəsində Parlamentlərarası İttifaq və Milli Məclisin birgə təşkilatçılığı ilə keçrilməsi nəzərdə tutulan parlament iclası haqqında da məlumat verərək, Sinqapur parlamentinin sədrini bu mühüm tədbirə dəvət edib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Görüşdən sonra spiker Sahibə Qafarova burada Xatirə kitabını imzalayıb. Sonra Milli Məclisin nümayəndə heyəti Sinqapur parlamenti ilə tanış olub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU