Çin nümayəndə heyəti ilə görüşdə
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli mayın 14-də Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin (ÇXSMŞ ÜK) sədr müavini, Şanxay Əməkdaşlıq Təşkilatının Mehriban Qonşuluq, Dostluq və Əməkdaşlıq üzrə Çin Komitəsinin sədri Şen Yueyuenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Birinci vitse-spiker qonaqları salamlayaraq Azərbaycanla Çin arasında yüksək inkişaf dinamikası ilə seçilən münasibətlərin strateji xarakter daşıdığını və ölkələrimizin bir çox istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini bildirib. O, Azərbaycanın həmişə “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini birmənalı olaraq dəstəklədiyini diqqətə çatdırıb və Çinin ölkəmizin ərazi bütövlüyünü və suverenliyini müdafiə etməsini də yüksək qiymətləndirib.
Əli Hüseynli ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlığını vurğulayıb, bir çox qlobal əhəmiyyətli layihələrdə, eləcə də Orta Dəhlizin reallaşması çərçivəsində birgə səylərini yüksək dəyərləndirib, Azərbaycanda iqtidar partiyası olan Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında müntəzəm əlaqələrin əhəmiyyətini qeyd edib, bir sıra sahələrdə və parlament müstəvisində əlaqələrimizin inkişaf etdirilməsi, o cümlədən işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı infrastruktur layihələrində Çin şirkətlərinin iştirakı barədə fikirlərini bölüşüb.
Çin Xalq Siyasi Məşvərət Şurasının Ümumçin Komitəsinin sədr müavini Şen Yueyue səfəri ilə bağlı xoş təəssüratlarını bildirib, göstərilən yüksək qonaqpərvərliyə, Azərbaycanda Çinə və Çin xalqına olan isti münasibətə, dəstəyə görə təşəkkür edib. Azərbaycan-Çin əlaqələrinin möhkəmlənməsində dövlət başçılarının xüsusi rolunu vurğulayan qonaq bu yüksək siyasi dialoqun iqtisadi-ticari münasibətlərə və digər sahələrdə əməkdaşlığın inkişafına müsbət təsir etdiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi ilə bağlı fikirlərini səsləndirib.
Sonra Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Siyavuş Novruzov, qrupun üzvü İsa Həbibbəyli ölkələrimiz arasında bir sıra istiqamətlərdə münasibətlərin gələcək perspektivləri haqqında danışıblar.
Söhbətdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.
Görüşdə Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov, deputatlar Rauf Əliyev, Elman Nəsirov, parlament Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi