Milli Məclisin sədri Sahibə Qafarova Cenevrədə Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak edib

Sədrin səfərləri
16 may 2024 | 17:21   
Paylaşın:        

Mayın 16-da Parlamentlərarası İttifaqın İsveçrə Konfederasiyasının Cenevrə şəhərində yerləşən mənzil-qərargahında Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclası öz işinə başlayıb.

Milli Məclisin sədri Sahibə Qafarova iclasda iştirak və çıxış edib.

İclası Parlamentlərarası İttifaqın prezidenti Tulia Akson açaraq, iclasda iştirak edən parlament sədrlərini təqdim edib.

Sonra İttifaqın Baş katibi Martin Çunqonq iclasın gündəliyi və müzakirə olunacaq məsələlər barədə məlumat verib.

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova çıxış edərək, Parlament Sədrlərinin 6-cı Dünya Konfransının təşkili ilə bağlı öz fikirlərini bildirib.

O deyib ki, bundan əvvəl keçirilmiş 5 konfransda beynəlxalq əməkdaşlığın parlament ölçüsünün gücləndirilməsi əsas müzakirə mövzularından biri olub. Bu gün parlament diplomatiyası və əməkdaşlığı əvvəlki illərlə müqayisədə öz miqyasını genişləndirib. Parlamentlərimizin həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında əməkdaşlıq etdiyini və yeni mexanizmlər yaratdığını bildirən spiker Sahibə Qafarova, bu mənada Parlamentlərarası İttifaqın parlamentlərimiz üçün olduqca mühüm və birləşdirici platforma olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, bizim ümumi baxışlarımız, məqsədlərimiz, hədəflərimiz bu təşkilatda əks olunub.

Parlamentlərarası İttifaqın xüsusilə BMT ilə əməkdaşlığının hazırda parlament əməkdaşlığının nə qədər əhəmiyyətli səviyyəyə gəlib çatdığının bariz göstəricisi olduğunu deyən Milli Məclisin sədri inamını ifadə edib ki, növbəti konfransda BMT ilə Parlamentlərarası İttifaq arasında praktiki əməkdaşlığın necə gücləndiriləcəyi ilə bağlı məsələlər nəzərdən keçiriləcək. O vurğulayıb ki, bu çərçivədə biz bu əməkdaşlığın daha sistemli, institusional və praktiki olmasını diqqətə almalıyıq. Bu təbii ki, ümumi çağırışlarla mübarizədə parlamentlərin iştirak səviyyəsini artıracaq.

Çıxışında Birləşmiş Millətlər Təşkilatında islahatların aparılmasının vacibliyini ifadə edən spiker Sahibə Qafarova deyib ki, dünyamızın üzləşdiyi çağırışları nəzərə alsaq, çoxtərəfli mexanizmlər birgə səylərin, həllərin irəli sürülməsində mühüm rol oynayır. Lakin biz hamımız etiraf edirik ki, bu mexanizmlər, həmçinin çoxtərəfli sistem daha güclü, daha effektiv və inklüziv olmalıdır. O, təəssüflə qeyd edib ki, bugünkü vəziyyət tələblərimizə tam cavab vermir. Spikerin sözlərinə görə, ümumi konsensus var ki, çoxtərəfli sistemin əsasında dayanan BMT-nin, o cümlədən, onun Təhlükəsizlik Şurasının effektivliyinin artırılması üçün islahatlar aparılmalıdır. Təbii ki, bu islahatların necə olması haqqında çoxlu müzakirələr var, amma biz hələ də icra oluna biləcək real həlləri görmürük. Milli Məclisin sədri, bu mənada Parlamentlərarası İttifaqın BMT-də islahatların aparılmasına dair yeni fikirlər, yeni təkliflər hazırlamasını və bu təkliflərin gələcək iş prosesində nəzərə alınmasını təklif edib. O deyib ki, bu təkliflər həmin prosesdə parlamentlərin töhfəsini təmin edəcəkdir.

Təşkilat Komitəsinin iclası tədbirdə iştirak edən digər parlament sədrlərinin çıxışları ilə davam edib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU