Milli Məclislə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində Parlament Konfransının təşkilinə dair Anlaşma Memorandumu imzalanıb

Sədrin səfərləri
17 may 2024 | 10:50   
Paylaşın:        

İsveçrənin Cenevrə şəhərində Azərbaycan Respublikası Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Parlament Konfransının təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb. Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq imzalayıblar.

İmzalanma mərasimində çıxış edən Milli Məclisin sədri imzalanan sənədin əhəmiyyətini qeyd edərək deyib ki, Parlament konfransı COP29 çərçivəsində keçiriləcək tədbirlərə parlament platformasında dəstək verəcək. Onun sözlərinə görə, bu tədbir parlamentarilərə fikir mübadiləsi aparmağa və iqlim dəyişikliyi ilə mübarizədə təkliflərlə və yeni fikirlərlə çıxış etməyə imkan verəcək. Spiker, Azərbaycan Milli Məclisi və Parlamentlərarası İttifaqın birgə səyləri ilə konfransın yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.

Azərbaycanın COP29 kimi mötəbər tədbirə evsahibliyi etməkdən qürur duyduğunu söyləyən spiker Sahibə Qafarova qeyd edib ki, bu, ölkəmizin iqlim dəyişikliyi ilə mübarizədə təkcə milli deyil, həm də regional və qlobal miqyasda göstərdiyi səylərin tanınmasının göstəricisidir.

Martin Çunqonq Azərbaycana səfəri və Prezident İlham Əliyevlə görüşünü məmnunluqla xatırladaraq, verdiyi dəstəyə görə Azərbaycanın dövlət başçısına təşəkkür edib. O, bu sənədin Milli Məclis ilə aparılan danışıqlar nəticəsində ərsəyə gəldiyini bildirərək, Parlament konfransının parlament diplomatiyası və qlobal çağırışlara qarşı birgə mübarizə baxımından da tarixi bir hadisə olacağını söyləyib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU