Latviya parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda rəsmi səfərdə olan Latviya parlamentinin sədri Daiga Mierinanın rəhbərlik etdiyi nümayəndə heyəti mayın 20-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Sonda Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi