Milli Məclisin deputatları MDB PA-nın komissiya iclaslarında iştirak edəcəklər

Tədbirlər
20 may 2024 | 15:36   
Paylaşın:        

Milli Məclisin deputatları Rauf Əliyev,  İltizam Yusifov, Jalə Əliyeva və Sabir Hacıyev MDB Parlamentlərarası Assambleyasının Mədəniyyət, informasiya, turizm və idman, İqtisadiyyat və maliyyə, Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi və Hüquqi məsələlər üzrə daimi  komissiyalarının iclaslarında iştirak etmək üçün mayın 21-də Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə səfər edəcəklər.

İclaslarda “Rəqəmsal media resursları mühitində elektron kommunikasiya haqqında”, “Strateji planlaşdırma haqqında”, “Standartlaşdırma haqqında”, “Paytaxtların, dövlət əhəmiyyətli şəhərlərin və region mərkəzlərinin statusu haqqında ”, “Dövlət kadastr qiymətləndirməsi haqqında” və digər model qanun layihələri müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Milli Məclisin deputatları komissiya iclaslarında müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, qeyd və təkliflərini bildirəcəklər.

Səfər çərçivəsində millət vəkilləri “MDB ölkələrində Prezident Hakimiyyəti İnstitutu” mövzusunda keçiriləcək beynəlxalq elmi-praktik konfransda da iştirak edəcəklər.

Səfər mayın 26-da başa çatacaq.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU