Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Komitə iclasları
20 may 2024 | 18:32   
Paylaşın:        

Mayın 20-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib. İclasda Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı müzakirə olunub.

Parlamentin komitə sədri Hicran Hüseynova məsələ ilə bağlı fikirlərini açıqlayaraq bildirib ki, Dövlət Komitəsinin illik məlumatı “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun 20-ci maddəsinə əsasən hazırlanıb və ötən il respublikamızda bu sahədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətləri üzrə beynəlxalq öhdəliklərin yerinə yetirilməsi ilə bağlı görülmüş işləri və əvvəlki illərlə müqayisədə irəliləyişlərin dinamikasını özündə əks etdirir.

Qeyd olunub ki, aparılan təhlillərə görə, ölkədə gender bərabərliyinin təmin edilməsi  sahəsində müsbət  dinamika var. İdarəetmə və qərar qəbul etmədə qadınların iştirakçılığının artması müşahidə olunur. İnzibati vəzifələrə təyin olunan, hüquq-mühafizə, prokurorluq orqanlarında xidmət edən, xüsusilə  də  hakim qadınların sayı artır.  Bununla yanaşı, ölkədə  əmək bazarında gender bərabərsizliyinin aradan qaldırılması istiqamətində bir çox işlər görülür, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı mühüm addımlar atılır.

Hicran Hüseynova ölkəmizdə kişilər və qadınların təhsilin bütün pillələrində bərabər şəkildə fəal iştirak etdiyini, oğlan tələbələrlə, yanaşı qızların da dünyanın ən nüfuzlu ali təhsil müəssisələrində təhsil aldıqlarını söyləyib. O, həmçinin təhsildən yayınma halları, erkən nikahların qarşısının alınması, uşaq hüquqlarının qorunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsinin, qanunvericilikdə bunun nəzərə alınmasının vacibliyini də qeyd edib. Qız uşaqlarına münasibətdə mövcud ayrı-seçkiliyin qarşısının alınması, doğulan uşaqlar arasında cins nisbətinin pozulması məsələsi ilə bağlı fikirlərini açıqlayıb.

Komitə sədri diqqətə çatdırıb ki, pensiyalarla bağlı  gender bərabərliyinin təmin edilməsi sahəsində də müsbət tendensiyalar mövcuddur. Qanunvericiliyə edilən dəyişikliklərdə artıq analarla yanaşı, atalar da uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olacaqlar.

Məişət zorakılığı və onun fəsadları barədə danışan komitə sədri bildirib ki, belə halların qarşısının alınması, zərər çəkmiş şəxslərin hüquqlarının müdafiəsinin gücləndirilməsi, zərər törədən şəxslərin məsuliyyətinin artırılması üçün qanunvericilikdə önəmli dəyişikliklər nəzərdə tutulub.

Hicran Hüseynova illik məlumatı yüksək qiymətləndirib, sənədin peşəkar səviyyədə tərtib olunduğunu, bütün sahələr üzrə detallı təhlillərin aparıldığını, verilən təklif və tövsiyələrin, habelə qarşıya qoyulan vəzifələrin məqsədəmüvafiq olduğunu vurğulayıb.

Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin mavini Sədaqət Qəhrəmanova qurumun 2023-cü il üzrə məlumatını təqdim edib. Bildirilib ki, Dövlət Komitəsi 2023‐cü ildə öz əsasnaməsində müəyyən edilmiş istiqamətlər üzrə vəzifələrini uğurla həyata keçirib. Komitə il ərzində bütün dövlət orqanları ilə səmərəli əməkdaşlıq edib, beynəlxalq və qeyri‐hökumət təşkilatları ilə birgə layihələr icra edib. 2023‐cü ildə normativ hüquqi bazanın təkmilləşdirilməsi sahəsində önəmli addımlar atılıb.

Diqqətə çatdırılıb ki, 2023‐cü il ərzində Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən erkən nikah, məişət zorakılığı, sağlam həyat tərzi və reproduktiv sağlamlığın, milli mənəvi dəyərlər və vətənpərvərlik, insan hüquqlarının təbliği, eyni zamanda, dövlət proqramları və milli fəaliyyət planlarının müvafiq bəndlərinin icrası məqsədilə bir sıra tədbirləri keçirilib. Komitə yerli icra hakimiyyətləri orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qurub, habelə Komitənin tövsiyəsi ilə bütün Bələdiyyələrdə Gender Komissiyaları yaradılıb.

Məlumatda qeyd olunur ki, hesabat dövründə gender əsaslı zorakılıqla bağlı daxil olan müraciətlər əsasında bu istiqamətdə hüquqi, psixoloji, tibbi xidmətlər göstərilib, məşğulluqla bağlı məlumatlandırma, müraciət edənlərin ailə və yaşayış şəraiti ilə bağlı sosial dəstək tədbirləri həyata keçirilib. Dövlət Komitəsi tərəfindən məişət zorakılığının qarşısının alınması istiqamətində tədbirlərin gücləndirilməsi və regionlarda zorakılıqla mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimlər təşkil edilib.

Sədaqət Qəhrəmanova dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının strukturunda, müxtəlif sahələr üzrə, o cümlədən əmək və təhsil hüquqlarının həyata keçirilməsində, informasiya‐kommunikasiya texnologiyaları sahəsində, iqtisadi və sosial münasibətlərdə gender bərabərliyinin təmin edilməsi ilə bağlı mövcud vəziyyət və görülən işlər barədə fikirlərini açıqlayıb.

Qeyd edilib ki, məlumatda, həmçinin hesabat ilində əldə olunan nailiyyətlər, beynəlxalq əməkdaşlıq, mövcud problemlər və maneələr, gələcəkdə icrası planlaşdırılan məsələlər və qarşıya qoyulan hədəflər də öz əksini tapıb.

Məsələ ətrafında müzakirələrdə parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri Rəşad Mahmudov, Tamam Cəfərova, Rauf Əliyev, Sədaqət Vəliyeva, Sevil Mikayılova, Könül Nurullayeva, Nigar Arpadarai, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış edərək Dövlət Komitəsinin məlumatını müsbət qiymətləndiriblər. Çıxışlarda ölkədə qadın hüquqlarının qorunması, gender bərabərliyinin təmin edilməsi, cəmiyyətdə qadınların rolunun artırılması sahəsində həyata keçirilən tədbirlərin məqsədəmüvafiq olduğu qeyd edilib, dövlət tərəfindən bu istiqamətdə görülən işlər yüksək dəyərləndirilib. Millət vəkilləri bəzi qeyd və təkliflərini də səsləndiriblər. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova qaldırılan məsələlərə aydınlıq gətirib, sualları cavablandırıb.

Müzakirələrin sonunda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatı baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU