Milli Məclisin iclasında
Mayın 21-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri əvvəlcə aprel-may aylarında Milli Məclisin beynəlxalq əlaqələrinin inkişafı sahəsində görülmüş işlər haqqında qısa məlumat verib.
Spiker bildirib ki, bu dövrdə Milli Məclis sədrinin iki ölkəyə rəsmi və iki ölkəyə də işgüzar səfərləri həyata keçirilib.
Monteneqro Respublikasına aprelin 25-də başlanan üç günlük rəsmi səfər gedişində ölkə Prezidenti Yakov Milatoviç, Parlamentin sədri Andrija Mandiç, Baş nazirin müavini Aleksa Becic ilə görüşlər olub. Spiker qeyd edib ki, Milli Məclis sədrinin Monteneqro Respublikasına rəsmi səfəri ilk dəfə həyata keçirilirdi.
Aparılan danışıqlarda dost və strateji tərəfdaşlıq haqqında məsələlər nəzərdən keçirilib və ikitərəfli münasibətlərin gücləndirilməsində parlamentlərin qarşılıqlı fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Spiker həmsöhbətlərinə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa edildikdən sonra Cənubi Qafqaz regionunda mövcud olan vəziyyət, həyata keçirilən tikinti və quruculuq işləri, Ermənistanla aparılan sülh danışıqları barədə məlumat verib. O, bəzi dövlətlərin və beynəlxalq təşkilatların ölkəmizə qarşı qərəzli münasibətinin və qarayaxma kampaniyasının regionda gərginliyi artırmağa və münaqişəni yenidən alovlandırmağa xidmət etdiyini bildirib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, mayın 12-13-də Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfərdə məqsəd bu şəhərdə keçirilən Asiya Qadınlar Forumunda iştirak etmək idi. Forumda “Qadınların iqtisadi, sosial və siyasi hüquq və imkanlarının genişləndirilməsinə regional yanaşma” mövzusunda müzakirələr aparıldı.
Spiker qeyd edib ki, oradakı çıxışında Azərbaycanda qadın hüquqlarının inkişafı sahəsində əldə edilən nailiyyətlərdən danışıb. Qadınların ictimai həyatın bütün sahələrində fəal iştirak etdiyini və yüksək vəzifələrdə təmsil olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ictimai-siyasi fəaliyyəti qadınlarımızın cəmiyyətin və ölkəmizin inkişafına dəyərli töhfələrini təcəssüm etdirir.
Milli Məclisin sədri bildirib ki, Səmərqənddə onun Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşü keçirilib.
Görüşdə dost və qardaş ölkələrimiz arasında münasibətlərin dinamik inkişafından məmnunluq ifadə olunub. Söhbət zamanı spiker Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin “Bizim ailəmiz Türk dünyasıdır” fikrini xatırladıb, türk dövlətləri arasında əlaqələrin dərinləşməsində Azərbaycan və Özbəkistanın dövlət başçılarının rolunu xüsusi qeyd edib.
Görüşdə Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafında parlamentlərin roluna da diqqət yetirilib. Parlamentlərimiz arasında əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları nəzərdən keçirilib.
Spiker diqqətə çatdırıb ki, mayın 14-15-də Milli Məclis sədrinin Sinqapur Respublikasına ilk rəsmi səfəri həyata keçirilib.
Səfərin gedişində Milli Məclisin sədrinin Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam, Parlamentin sədri Seah Kian Penq, Davamlılıq və ətraf mühit naziri Qreys Fu ilə görüşləri olub.
Görüşlərdə ölkələrimiz arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub. Beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı çərçivəsində uğurlu iş birliyi qeyd edilib.
Milli Məclisin sədri görüşlərdə Azərbaycan Prezidenti möhtərəm cənab İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin fəaliyyəti haqqında məlumat verib, Şəbəkənin parlamentlərimizin əməkdaşlığı üçün mühüm bir platforma ola biləcəyini vurğulayıb.
Spiker orada parlamentlərin qarşılıqlı fəaliyyətinin ikitərəfli münasibətlərdə mühüm rol oynadığını, parlamentlərarası təşkilatlarda bir-birimizi dəstəkləmək üçün iş birliyini daha da genişləndirməyin vacibliyini nəzərə çatdırıb. Həmçinin, bu ilin noyabrında Azərbaycanda keçiriləcək COP29 konfransı haqqında geniş fikir mübadiləsi aparılıb. Spiker orada Bakının evsahibliyi ilə təşkil olunacaq bu mühüm beynəlxalq tədbirə hazırlıqla bağlı görülən işlər barədə məlumat verib.
Görüşlərdə spiker COP29 çərçivəsində keçiriləcək tədbirlərə Azərbaycan Milli Məclisinin də fəal surətdə qoşulduğunu bildirib. Milli Məclisin Parlamentlərarası İttifaqla birlikdə təşkil edəcəyi Parlament toplantısı haqqında məlumat verib. Söhbət zamanı Sinqapur nümayəndələrinin də bu tədbirdə iştirakı məsələləri nəzərdən keçirilib.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, mayın 15-17-də İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərdə məqsəd Parlament Sədrlərinin 6-cı Dünya Konfransının Təşkilat Komitəsinin 1-ci iclasında iştirak etmək idi.
Spiker deyib ki, iclasda etdiyi çıxışda Parlament Sədrlərinin 6-cı Dünya Konfransının təşkili ilə bağlı fikirlərini bölüşüb. Birləşmiş Millətlər Təşkilatında və onun Təhlükəsizlik Şurasında islahatların aparılmasının vacibliyini və həmin islahatlar barəsində Parlamentlərarası İttifaqın da yeni təkliflər hazırlamasının əhəmiyyətini bildirib.
Spiker orada Qadın Parlament Sədrlərinin Sammitinə hazırlıq məqsədi ilə keçirilən qadın parlament sədrlərinin görüşündəki çıxışında dünyada gender bərabərliyinin təmin olunması məsələlərində qarşıya çıxan problemlərdən danışıb. Bildirib ki, növbəti Sammitdə qadınların ictimai fəallığının artırılması, onların təhsil hüququnun reallaşdırılması, yüksək vəzifələrdə təmsil olunması mövzuları geniş müzakirə edilməlidir.
Spiker qeyd edib ki, Cenevrə şəhərində Azərbaycan Respublikasının Milli Məclisi ilə Parlamentlərarası İttifaq arasında COP29 çərçivəsində Parlament toplantısının təşkili ilə əlaqədar Anlaşma Memorandumu imzalanıb.
Sənəd Milli Məclisin sədri və Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq arasında imzalanıb.
Milli Məclisin sədri bildirib ki, onun Cenevrəyə işgüzar səfəri çərçivəsində BMT-nin bu şəhərdəki Ofisinin Baş direktoru Tatyana Valovaya ilə görüşü olub. Görüş BMT-nin Ofisindəki “Azərbaycan otağında” keçirilib.
Görüşdə təşkilatla ölkəmiz arasında münasibətlərə dair müzakirələr aparılıb. Müasir qlobal çağırışların həllində parlament diplomatiyasının əhəmiyyəti nəzərə çatdırılıb.
Söhbət zamanı “Azərbaycan otağının” Heydər Əliyev Fondu tərəfindən bərpa olunduğu vurğulanıb. Fondun çoxşaxəli fəaliyyəti, o cümlədən BMT-nin layihələrində fəal iştirakı yüksək qiymətləndirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barəsində də fikir mübadiləsi aparılıb.
Milli Məclisin sədri deyib ki, Cenevrədə Azərbaycan və Ermənistan parlamentləri sədrlərinin ikinci görüşü də keçirilib. Görüşdə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının aparıldığı şəraitdə iki ölkənin parlamentlərinin sülh prosesinə necə dəstək verə biləcəyi ilə bağlı məsələlərin müzakirəsi davam etdirilib.
Spiker Milli Məclisin nümayəndə heyətlərinin dörd ölkəyə rəsmi və işgüzar səfərlərini uğurlu adlandırıb və bununla əlaqədar nümayəndə heyətlərinin hər bir üzvünə minnətdarlığını bildirib.
Spiker onu da diqqətə çatdırıb ki, ötən dövrdə Milli Məclisdə Bolqarıstan və Konqo prezidentləri, Malayziya, İraq, Latviya parlamentlərinin sədrləri, Türkiyə, İtaliya, Gürcüstan, Əlcəzair, Yeni Kaledoniya parlamentlərinin təmsilçiləri, Çin Xalq Respublikasının Xarici Ölkələrlə Dostluq Assosiasiyasının sədri, Beynəlxalq Parlamentarilər Konqresinin Baş katibi, Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası Parlamentlərarası Assambleyasının Baş katibi və rəhbərlik etdikləri nümayəndə heyətləri, Türk dövlətləri parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri və digər rəsmi şəxslərlə onun görüşləri olub.
Görüşlərdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonra spiker Sahibə Qafarova iclasın gündəliyinə 11 məsələnin daxil edildiyini bildirib. O, ilk məsələnin İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2023-cü ildə Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair məlumatı olduğunu söyləyib.
İclasda daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı təqdim edib.
Nazir müavini bildirib ki, hesabat ilində insan alverinə qarşı mübarizədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi ilə bağlı müvafiq işlər görülüb. Belə ki, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020–2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın icraçı qurumlarının siyahısı dəqiqləşdirilib, normativ hüquqi aktlara uyğunlaşdırmalar aparılıb. Bununla yanaşı, “İnsan alveri qurbanları üçün xüsusi müəssisələrin yaradılması, maliyyələşdirilməsi, fəaliyyəti, habelə onların fəaliyyətinə nəzarət Qaydaları”na əsasən İnsan alveri qurbanları üçün Yardım Mərkəzinin yaradılması, xüsusi müəssisədə insan alveri qurbanlarının dərman preparatları ilə təmin edilməsi, təxirəsalınmaz tibbi və psixoloji yardımın göstərilməsi Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyinin funksiyalarına aid edilib. Həmçinin, Nazirlər Kabinetinin 2023-cü il 16 may tarixli Qərarı ilə “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator yanında İşçi Qrupun tərkibi, təşkili və fəaliyyəti qaydası” təsdiqlənib. Eyni zamanda, Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası imzalanıb, “İnsan alveri cinayətindən zərər çəkmiş şəxslərə, insan alverinin ehtimal olunan qurbanlarına və potensial qurbanlara xidmət edən “Qaynar xətt” haqqında” və “İnsan alveri qurbanlarının müvəqqəti yaşaması üçün sığınacaq haqqında” nizamnamələr təkmilləşdirilib.
Qeyd olunub ki, yetkinlik yaşına çatmayanları ictimai mənəviyyata zidd əməllərə cəlb etmə də cinayət tərkibinin əlaməti kimi müəyyənləşdirilib, bu məqsədlərlə uşaqların təqib edilməsinə görə qanunvericiliyə cinayət məsuliyyətini nəzərdə tutan müddəalar əlavə edilib. Habelə, valideyninin və ya digər qanuni nümayəndəsinin müşayiəti olmadan xarici ölkədə aşkar edilmiş, çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan vətəndaşlarının repatriasiyası və reabilitasiyası üzrə qaydaları müəyyən edən fərman, eləcə də Nazirlər Kabineti tərəfindən uşaqların təhsilə, sosial, tibbi və psixoloji xidmətlərə əlçatanlığının təmin edilməsi sahəsində aidiyyəti dövlət orqanlarının vəzifələrini müəyyənləşdirən qərar qəbul edilib.
Seyfulla Əzimov qeyd edib ki, insan alverinin qarşısının alınması barədə metodik vəsaitlərin və maarifləndirici materialların hazırlanması və yayımlanması, həmin cinayətlərin törədilməsinə şərait yaradan hallarla bağlı cəmiyyətdə dözümsüzlük mühitinin yaradılması, bu işə vətəndaş cəmiyyəti institutlarının və media subyektlərinin cəlb edilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilib.
Məlumata əsasən, Milli Fəaliyyət Planının icrası çərçivəsində erkən nikahların qabaqlanması işi də nəzarətdə saxlanılaraq 293 evliliyin qarşısı alınıb. Hesabat ilində “Mobil notariat” tətbiqi üzərindən həm ölkə daxilində, həm də xaricdə yaşayan Azərbaycan vətəndaşlarına doğumun və ölümün elektron qeydiyyatı, ailə vəziyyəti və ailə üzvləri haqqında arayışları onlayn əldə etmək imkanı yaradılıb. Polis orqanları tərəfindən baxımsız, müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 132 uşağa və onların valideynlərinə hüquqi, psixoloji və digər yardımlar göstərilib. Bununla yanaşı, insan alveri cinayətlərinin qurbanı olmuş şəxslərin sosial reabilitasiyasına, sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə də lazımi vəsait ayrılıb.
Nazir müavini bildirib ki, ölkəmizdə məcburi əmək hallarının qarşısının alınmasının səmərəli təşkili məqsədilə işçilərin əmək hüquqları, o cümlədən məcburi əmək və insan alverinin qarşısının alınması mövzularında Bakı və regionlarda tədbirlər keçirilib. Tikilməkdə olan 32 çoxmərtəbəli yaşayış binasında yoxlamalar aparılıb və 47 şəxsin əmək müqaviləsi olmadan işə cəlb edilməsi faktı aşkarlanaraq 13 işəgötürən inzibati məsuliyyətə cəlb edilib. Dövlət Əmək Müfəttişliyi Xidmətinin keçirdiyi yoxlamalar zamanı 512 şəxsin əmək müqaviləsi olmadan işləməsi, bir işçinin əmək funksiyasına aid olmayan işi yerinə yetirməyə məcbur edilməsi, habelə 15 yaşına çatmamış şəxsin işə cəlb olunması ilə bağlı 2 fakt müəyyən edilərək təqsirkarlar barədə qanunvericiliyə uyğun tənbeh tədbirləri görülüb.
Vurğulanıb ki, ümumilikdə həyata keçirilən qabaqlayıcı tədbirlər, o cümlədən Dövlət Məşğulluq Agentliyi tərəfindən işaxtaran və işsiz şəxslərdən 118.398 nəfərin, əmək haqlarının birgə maliyyələşməsi proqramı çərçivəsində 1.198 nəfərin və kvota üzrə 2.751 nəfərin işlə təmin edilməsi, 5.628 şəxsin haqqı ödənilən ictimai işlərə, 17.362 nəfərin özünüməşğulluq proqramına cəlb olunması, 8.370 nəfərə işsizlikdən sığorta ödənişi təyin edilməsi, 9.518 nəfərin peşə hazırlığı kurslarına yönləndirilməsi, 281.539 nəfərə peşə yönümlü məsləhət xidmətinin göstərilməsi nəticəsində vətəndaşların məcburi əməyin qurbanına çevrilmə riski xeyli azalıb.
Məlumatda qeyd olunur ki, insan alveri və məcburi əmək qurbanlarının müəyyənləşdirilməsi, istismar hallarına yol verən şəxslər haqqında müvafiq məsuliyyət tədbirlərinin görülməsi işi də davam etdirilərək həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 159 insan alveri və 3 məcburi əmək faktı, həmçinin insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə əlaqədar 44 cinayət aşkarlanıb. Həmin faktlar üzrə 16 cinayət işi başlanılaraq 18 şəxs təqsirləndirilən qismində cəlb edilib. Ümumilikdə 11 cinayət işinin istintaqı tamamlanıb, 14 nəfər məhkəmə məsuliyyətinə verilib, insan alverçilərinin 10-u haqqında ittihamedici hökmlər çıxarılıb. Bununla yanaşı, informasiya texnologiyalarının tətbiqi ilə törədilmiş 58 fakt aşkarlanaraq, onlar üzrə 23 cinayət işi başlanılıb. Hazırda İnterpol kanalları ilə beynəlxalq axtarışı elan olunmuş 12 təqsirləndirilən şəxsin ölkəmizə ekstradisiyası üçün tədbirlər görülür.
Sənəddə, həmçinin, bildirilir ki, hesabat ilində insan alveri qurbanlarının müdafiəsi, bu istiqamətdə hüquqi, sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası da diqqətdə saxlanılıb. Qurbanlardan 90 nəfərinin hər birinə 700 manat məbləğində birdəfəlik müavinət ödənilib, 68 nəfəri müvəqqəti yaşaması üçün Daxili İşlər Nazirliyinin müvafiq sığınacağına yеrləşdirilərək tibbi, sosial, psixoloji, hüquqi və digər yardımlarla təmin ediliblər. Nəzərə çatdırılıb ki, insan alveri qurbanlarının 14 nəfəri pеşə kurslаrınа yönəldilib, 10 nəfəri işlə təmin еdilib, 2 əcnəbi qurbana Azərbaycan Respublikasında müvəqqəti yaşamaq icazəsinin verilməsində, 8 qurbana şəxsiyyət vəsiqəsi alınmasında, 1 qurbana cərrahiyyə əməliyyatı keçirməkdə, 3 qurbana tibbi müalicə, 11 qurbana ünvanlı sosial yardım almaqda yardım göstərilib, 34 qurbanın аilələrinə qаyıdışı təmin olunub.
Sonra parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair illik məlumatı haqqında bu komitənin rəyini səsləndirib. O, insan alveri ilə mübarizənin müstəqillik dövrümüzün son 30 illik hüquq-mühafizə siyasəti, o cümlədən, insan hüquq və azadlıqlarının qorunmasına yönələn dövlət kursunun mühüm nailiyyəti kimi dəyərləndirib. Ötən il insan alverinə qarşı mübarizə sahəsində kütləvi maarifləndirmə ilə bağlı həyata keçirilən tədbirlərin önəmindən bəhs edib. İnsan alverinin transmilli xarakteri nəzərə alınaraq, beynəlxalq əməkdaşlığın həyata keçirilməsini, qabaqcıl təcrübələrin öyrənilməsini, xarici hesabatlardan irəli gələn tövsiyələrin nəzərə alınmasını müsbət hal kimi qeyd edib.
Zahid Oruc bildirib ki, illik məlumat 32 mərkəzi və 68 yerli icra hakimiyyəti orqanının, eləcə də Daxili İşlər Nazirliyinin struktur qurumlarının müvafiq sahə üzrə Milli Fəaliyyət Planından irəli gələn tədbirlərin yerinə yetirilməsinin və apardıqları monitorinqlərin nəticələri, təhlilləri, tövsiyələri nəzərə alınmaqla hazırlanıb. Komitə sədri insan alverinə qarşı mübarizə ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görülən işlərin vacibliyindən söhbət açıb.
O, bu istiqamətdə həyata keçirilən tədbirlərə dair bəzi statistik göstəriciləri də nəzərə çatdırıb. Qeyd edib ki, Baş İdarə tərəfindən 47 şəxsin əmək müqaviləsi olmadan işlədiyi üçün 13 işəgötürən haqqında ümumilikdə 123.100 manat cərimə tətbiqi, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 512 şəxslə bağlı ümumilikdə 2.374.400 manat məbləğində sanksiya tədbiri, 8 miqrasiya kanalının aşkarlanaraq, 154 şəxsin saxlanılması, küçə həyatına, dilənçiliyə və qeyri-qanuni qulluğa cəlb edilən 342 azyaşlının müəyyən edilməsini və digər genişmiqyaslı işlərin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Bildirilib ki, kiberməkanda insan alveri faktlarının aşkarlanması, müasir kommunikasiya vasitələri ilə qurbanları ələ keçirən cinayətkar qruplara qarşı WhatsApp, İnstagram, Telegram sosial şəbəkələrində aparılan mübarizə nəticəsində 58 fakta görə cinayət işi qaldırılıb. Görülən tədbirlər rəqəmsal sistemin diqqət mərkəzində saxlanıldığını təsdiqləyir.
Komitə sədri insan alveri və məcburi əməklə bağlı “152” qаynаr xəttinə 9.626 zəngin daxil olduğunu deyərək, bunun əhali tərəfindən dövlət orqanlarına inamın artdığının, insanların polis orqanları ilə birgə mübarizəsinin effektivliyinin göstəricisi olduğunu söyləyib. O, vətəndaş cəmiyyətinin fəaliyyətinə dəstəyin əhəmiyyətindən danışaraq, ötən il qeyri- hökumət təşkilatlarının 11 layihəsinə 94 min manat qrant ayrıldığını qeyd edib.
Çıxışının sonunda Zahid Oruc rəhbərlik etdiyi komitənin Milli Koordinatorun illik məlumatını qənaətbəxş hesab etdiyini bildirib.
Məsələ ilə bağlı fikirlərini açıqlayan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli diqqətə çatdırıb ki, onun rəhbərlik etdiyi komitə tərəfindən Milli Koordinatorun hesabat ilində digər dövlət orqanları, Qeyri-Hökumət Təşkilatları, media nümayəndələri ilə səmərəli əməkdaşlığı yüksək qiymətləndirilib. Bununla yanaşı, daxil olan müraciətlərə, o cümlədən deputat sorğularına Daxili İşlər Nazirliyi tərəfindən operativ şəkildə cavab verilməsi təqdirəlayiq hesab olunub. O, komitənin Milli Koordinatorun illik məlumatını müsbət dəyərləndirdiyini bildirib.
Mövzu ətrafında müzakirələrdə komitə sədri Siyavuş Novruzov, deputatlar Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Səbinə Xasayeva, Aqiyə Naxçıvanlı, Aydın Hüseynov, Etibar Əliyev, Razi Nurullayev, Musa Qasımlı çıxış ediblər, öz fikir və qeydlərini səsləndiriblər. Daxili işlər nazirinin birinci müavini Seyfulla Əzimov qaldırılan məsələlərə münasibət bildirib.
Müzakirələrin yekununda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı səsə qoyularaq nəzərə alınıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti 3 məsələsi beynəlxalq sazişlərin təsdiq edilməsi ilə bağlıdır. O, qeyd edib ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən, bu qanun layihələri bir oxunuşda baxılıb, qəbul edilməlidir. Spiker 2-ci və 3-cü məsələlərin möhtərəm cənab Prezidentin bir məktubu ilə parlamentə daxil olduğunu deyib.
Sonra Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında 2017-ci il 3 aprel tarixli Sazişə dəyişikliklər edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsini təqdim edib.
Qeyd olunub ki, iki ölkə arasında təhsil sahəsində əməkdaşlığa dair Sazişin 7-ci maddəsinə uyğun olaraq hazırlanmış Protokol 2024-cü il martın 11-də Bakı şəhərində imzalanıb. Protokolda nəzərdə tutulan dəyişikliklərdə Sazişin adında və mətnində “Azərbaycan Respublikasının Təhsil Nazirliyi”, “Qazaxıstan Respublikasının Təhsil və Elm Nazirliyi” və “təhsil sahəsində əməkdaşlıq haqqında” sözləri “Azərbaycan Respublikasının Elm və təhsil Nazirliyi”, “Qazaxıstan Respublikasının Elm və Ali Təhsil Nazirliyi” və “elm və ali təhsil sahəsində əməkdaşlıq haqqında” sözləri ilə əvəz olunur. Bununla yanaşı, Sazişin bir sıra maddələri yeni redaksiyada təqdim edilir.
Bildirilib ki, Protokolda tərəflər arasında dövlətlərin milli qanunvericiliyinə uyğun olaraq bərabərlik və qarşılıqlı fayda əsasında Azərbaycan Respublikasının ali təhsili sahəsində və Qazaxıstan Respublikasının ali və ali təhsildən sonrakı təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi təsbit olunur. Bu əməkdaşlıq çərçivəsində dövlətlərin maraqlı elm və ali təhsil müəssisələri arasında müqavilələr əsasında tələbələrin, professor-müəllim heyətinin, elmi işçilərin mübadiləsi, müxtəlif konfrans və forumlarda tələbələrin qarşılıqlı iştirakı, dövri nəşrlərin, təhsil sahəsinin müxtəlif aspektləri, attestasiya və akkreditasiya prosedurları, elmi dərəcələr və elmi adlar barədə, sənədlərin tanınması prosedurları haqqında məlumatların mübadiləsi nəzərdə tutulur. Təklif olunan dəyişikliklərə əsasən, tərəflər hər il bakalavriat proqramları üzrə 3 nəfər, magistratura proqramları üzrə 5 nəfər, doktorantura proqramları üzrə 2 nəfər, əsas tibb təhsili və rezidentura proqramları üzrə 2 nəfər tələbənin bərabər sayda mübadiləsini həyata keçirirlər.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev sənəd barədə bu komitənin müsbət rəyini diqqətə çatdırıb.
Deputat Sabir Rüstəmxanlı məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi arasında dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının qarşılıqlı tanınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Bildirilib ki, Saziş 2024-cü il martın 11-də Bakı şəhərində imzalanıb. Əsas məqsəd dəniz gəmilərinin heyət üzvlərinin ixtisas diplomlarının ikitərəfli qaydada tanınmasıdır. Qeyd olunub ki, iki ölkə arasında diplomların tanınması üçün əsas şərtlərindən biri dənizçilərin hazırlanması, onlara diplom verilməsi və növbə çəkməyə dair Beynəlxalq Konvensiyanın müddəalarına tam əməl edilməsidir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Sahib Alıyev təmsil etdiyi komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən “Samur” (Azərbaycan Respublikası) – “Yaraq–Qazmalar” (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün və giriş yollarının istismarı və onlara xidmət göstərilməsi qaydaları haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib.
Nəzərə çatdırılıb ki, Saziş 2024-cü il martın 5-də Bakı şəhərində imzalanıb. Sazişin müddəalarına əsasən Tərəflər avtomobil körpüsünün istismarını öz qanunvericiliyinə uyğun olaraq 12 il müddətində növbə ilə həyata keçirəcəklər.
Sazişə əsasən hər bir Tərəf öz dövlətinin ərazisində avtomobil körpüsünə giriş yollarının istismarı və onlara xidmət göstərilməsi üzrə işlərin aparılmasını müstəqil olaraq həyata keçirir. Bu proses çərçivəsində vergitutma məsələləri dövlətlərin vergi qanunvericiliyinə əsasən tənzimlənir, həmçinin tərəflər arasında 3 iyul 1997-ci il tarixli gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında Sazişin müddəaları nəzərə alınacaqdır.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sazişin ikitərəfli əlaqələrin inkişafında mühüm əhəmiyyət kəsb etdiyini söyləyərək, rəhbərlik etdiyi komitənin məsələ ilə bağlı rəyinin müsbət olduğunu qeyd edib.
Parlamentin komitə sədrləri Siyavuş Novruzov və Zahid Oruc məsələyə dair öz münasibətlərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin növbəti 5 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) haqqında məlumat verib. O, sənədlə bağlı əlavə heç bir təklifin olmadığı deyib və layihənin səsə qoyulmasını xahiş edib.
Layihə gömrük orqanlarında xidmətin keyfiyyətinin yüksəldilməsi, gömrük orqanları əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, onların yeni qulluq yerinə köçməsinin və bununla bağlı kompensasiyanın, habelə qulluq keçmə yerində yaşayış yeri olmayan əməkdaşların mənzil kirayəsi üçün pul kompensasiyasının verilməsi məsələlərini tənzimləyir.
Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsini təqdim edib. O, məsələ barədə birinci və ikinci oxunuşda geniş məlumat verildiyini bildirib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihədə təklif edilən dəyişikliklərdə övladlığa götürmə və valideynlik hüquqlarının məhdudlaşdırılması haqqında qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən çıxarışın məhkəmənin elektron informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sisteminə inteqrasiya edilməsinin sürətləndirilməsi məsələsi ehtiva olunur. Sənəddə, habelə nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın elektron qaydada ötürülməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ barədə bu komitələrin müsbət rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-biri ilə yaxın olduğunu qeyd edib. Spiker bildirib ki, layihələrə parlamentin iki komitəsində - Hüquq siyasəti və dövlət quruculuğu və Əmək və sosial siyasət komitələrində baxılıb.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) nəzərə çatdırıb. O, məsələ barədə əvvəlki iki oxunuşda geniş məlumat verildiyini, sənədin deputatlar tərəfindən dəstəkləndiyini söyləyib və olduğu kimi səsə qoyulmasını xahiş edib.
Layihədə hüquqi şəxslərin elektron dövlət qeydiyyatı prosedurunun həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətlərin daha təkmil şəkildə tənzimlənməsini ehtiva edən dəyişikliklər nəzərdə tutulur. Sənədə, həmçinin, hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından imtinanın qanunvericilik əsaslarına yeni hallar əlavə edilir.
Bəhruz Məhərrəmov, habelə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin gündəliyin növbəti məsələsi - Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi ilə bağlı müsbət rəyini də səsləndirib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) barədə fikirlərini açıqlayıb. O, əvvəlki iki oxunuşda layihə barədə ətraflı məlumat təqdim edildiyini, məsələ ilə bağlı komitəyə əlavə təklifin daxil olmadığını, mətndə dəyişiklik edilmədiyini bildirib və sənədin dəstəklənməsini xahiş edib.
Sənəd "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanuna təklif edilən dəyişikliklərə uyğunlaşdırma xarakteri daşıyır.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, heç bir irad və təklifin daxil olmadığını nəzərə alaraq, sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Qanun layihəsində COP29-un Azərbaycanda keçirilməsi ilə əlaqədar qeyri-rezidentlərə 2024-cü il martın 1-dən 9 ay müddətinə vergi azadolmalarının nəzərdə tutulduğu bildirilir. Sənəddə malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdiyi gəlirlərin gəlir vergisindən, mənfəət vergisindən, malların idxalı da daxil olmaqla ƏDV-dən azad olunması təklif olunur.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova diqqətə çatdırıb ki, növbəti məsələ “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 2023-cü il 5 dekabr tarixli 1035-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Spiker qeyd edib ki, layihə uyğunlaşdırma xarakteri daşıyır və qanunvericiliyin tələbinə əsasən, bir oxunuşda qəbul ediləcək.
İclasda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu məsələ barədə məlumat verib. O, bildirib ki, layihədə "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunun 9-cu maddəsinə və "Özəl tibb fəaliyyəti haqqında" Qanunun 13-cü maddəsinə təklif olunan dəyişiklikdə "Nağdsız hesablaşmalar haqqında" Qanunun 3.4.12-ci maddəsində göstərilən bir nəzarət-kassa aparatının çeki üzrə hesablaşma tələbi əlavə olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova gündəliyin sonuncu məsələsinin ikinci oxunuşda müzakirəyə təqdim edilən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi olduğunu bildirib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov layihə barədə məlumat verib. O, diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş sənəddə yeni 405-1-ci və 451-1-ci maddələrin əlavə edilməsi təklif olunur.
Dəyişikliklərə əsasən, Mülki Məcəllədə nəzərdə tutulmuş müddətdə məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapitalının tamamilə ödənilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Habelə, məhdud məsuliyyətli cəmiyyətin tamamilə ödənilmiş nizamnamə kapitalı barədə məlumatın "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanunda nəzərdə tutulmuş müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana verilməməsinə görə vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir.
Sənəddə, həmçinin bildirilir ki, "Tütün və tütün məmulatı haqqında" Qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə, hüquqi şəxslər on min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.
Layihə ilə bağlı deputat Vüqar Bayramov bəzi fikirlərini səsləndirib. Deputat Bəhruz Məhərrəmov qaldırılan məsələlərə aydınlıq gətirib və qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər müşayiət edən şəxslər helikopter qəzasında həlak olublar. Bu faciə ilə əlaqədar biz dost və qardaş İran xalqının kədərinə şərik oluruq və həlak olanlara Allahdan rəhmət, onların yaxınlarına və bütün İran xalqına səbir diləyirik. İclasda qəza nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi