Milli Məclisin komitələri ilə TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyası arasında görüşlər keçirilib

Tədbirlər
22 may 2024 | 17:21   
Paylaşın:        

Mayın 22-də Milli Məclisin komitələri ilə Türkiyə Böyük Millət Məclisinin Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşlər keçirilib.

Gənclər və idman komitəsi ilə görüşdə Milli Məclisin sədr müavini Adil Əliyev dövlət başçılarının səmimi dostluğu sayəsində ölkələrimiz arasındakı münasibətlərin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsindən, parlamentlərarası əməkdaşlığın dövlətlərarası münasibətlərə verdiyi töhfədən bəhs edib. Gənclər və idman komitəsinin sədri Adil Əliyev bu gün ölkələrimiz arasında mövcud olan möhkəm dostluq, qardaşlıq münasibətlərinin Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarının sarsılmazlığını bir daha nümayiş etdirdiyini deyib. O, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Zəfər yürüşümüz zamanı qardaş ölkənin verdiyi mənəvi dəstəyin, ədalətli mövqeyin Azərbaycan xalqının yaddaşında əbədi qalacağını bildirib.

Beynəlxalq parlament təsisatlarında qardaş ölkələrin bir-birinə verdiyi dəstəyi vurğulayan  vitse-spiker parlamentlərarası münasibətlərimizin yeni müstəviyə daşındığını diqqətə çatdırıb və parlament diplomatiyası sahəsində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsinin əhəmiyyətini qeyd edib.

TBMM-in komissiya sədri Mahmut Özer səmimi görüşə görə minnətdarlığını bildirib, rəhbərlik etdiyi komissiya ilə Milli Məclisin Gənclər və idman komitəsi arasında əməkdaşlığın qurulmasının parlamentlərarası münasibətlərinin möhkəmləndirməsinə verəcəyi töhfələrdən danışıb.

Deputat Etibar Əliyev hər iki ölkənin gənclərinin iştirak etdiyi elmi və idman olimpiadalarına toxunaraq, bu sahədə aparılan işlərin gələcək nəslin sağlam ruhda yetişməsindəki rolunu diqqətə çatdırıb.

Görüşdə Komitə sədrinin müavini Şahin İsmayılov, komitə üzvləri Mahir Abbaszadə, Elnur Allahverdiyev, Müşfiq Cəfərov, Jalə Əhmədova, Ramil Həsən, Sevinc Hüseynova, Vüqar İskəndərov, Ülvi Quliyev, Könül Nurullayeva, Cavid Osmanov, TBMM-in millət vəkilləri Mehmet Emin Öz, Nurten Yontar, Nazim Maviş, Şenol Sunat və digər rəsmi şəxslər iştirak ediblər.

 

***

 

Elm və təhsil komitəsinin TBMM-in nümayəndə heyəti ilə görüşündə komitənin sədri Bəxtiyar Əliyev Azərbaycanla Türkiyə arasında olan qardaşlıq münasibətlərindən söz açıb, qarşılıqlı səfərlərin bu münasibətlərin möhkəmlənməsinə xidmət etdiyini deyib.

O, dövlətlərimiz  arasında dostluq və qardaşlığın möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin gördüyü işləri vurğulayıb, bu gün dövlət başçılarımızın xidmətləri  sayəsində yüksək səviyyədə olan strateji tərəfdaşlığımız və müttəfiqliyimizdən danışıb.

Bəxtiyar Əliyev Azərbaycan və Türkiyənin elm, təhsil sahəsində əməkdaşlığının genişləndirilməsinin vacibliyini qeyd edib, bu istiqamətdə parlamentlərin verə biləcəyi töhfələrlə bağlı fikirlərini bölüşüb.

TBMM-in komissiya sədri Mahmut Özer xalqlarımız arasında tarixi köklərə və möhkəm təməllərə əsaslanan  dost və qardaş münasibətlərinin  prezidentlərimizin rəhbərliyi altında bütün istiqamətlərdə  yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb. O,  elm, təhsil sahəsində əməkdaşlığımızın genişləndirilməsi perspektivləri ilə bağlı  fikirlərini açıqlayıb, bu işdə imkan və potensialların birləşdirilməsinin əhəmiyyətindən danışıb.

Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvü Eldar Quliyev,  TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının üzvləri Nazim Maviş, Şenol Sunat ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın, təcrübə mübadiləsinin, inteqrasiyanın gücləndirilməsinin əhəmiyyətindən bəhs ediblər, elm və təhsil sistemlərinin uyğunlaşdırılması ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə deputatlar Aqiyə Naxçıvanlı, Ceyhun Məmmədov, Tamam Cəfərova, TBMM-in millət vəkilləri Mehmet Emin Öz, Nurten Yontar, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və digər rəsmi şəxslər iştirak ediblər.

 

***

Səhiyyə komitəsi ilə görüşdə komitə sədri və Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafında ölkə başçılarının xüsusi rolunu vurğulayıb. O  bildirib ki, bu gün ölkələrimiz arasındakı siyasi sahədəki sıx əməkdaşlıq iqtisadi, mədəni, elmi-texniki, səhiyyə və humanitar sahələrdə də əlaqələrin daha da genişlənməsinə öz müsbət təsirini göstərməkdədir.

Söhbətdə, ikitərəfli münasibətlərin inkişaf dinamikasından məmnunluq ifadə olunub,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilən andiçmə mərasimində söylədiyi “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikrinin əhəmiyyəti xüsusi qeyd olunub.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf edən münasibətlərin fonunda parlamentlərarası əlaqələrin genişləndirilməsinin əhəmiyyəti vurğulanıb, qanunverici orqanların profil komitələri arasında yaranmış sıx əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mahmut Özer deyib ki, ölkələrimiz arasında əlaqələr ölkə prezidentlərinin iradəsinə uyğun şəkildə yüksələn xətt üzrə inkişaf edir. Siyasi, iqtisadi, mədəni, təhsil və səhiyyə sahəsində əməkdaşlığın dərinləşdirilməsi hər iki xalqın mənafeyinə uyğundur.

Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Fəzail Ağamalı və TBMM-in millət vəkili Şenol Sunat çıxış edərək iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər.

Söhbətdə dövlətlərarası və parlamentlərarası əməkdaşlığın inkişaf perspektivləri və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Milli Məclisin Hesablayıcı komissiyasının sədri Eldar Quliyev, deputatlar Ağalar Vəliyev, Kamilə Əliyeva, Anar İsgəndərov, Anar Məmmədov, TBMM-in millət vəkilləri Mehmet Emin Öz, Nurten Yontar, Nazim Maviş və Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU