Əmək və sosial siyasət komitəsinin iclasında

Komitə iclasları
22 may 2024 | 17:23   
Paylaşın:        

 

Mayın 22-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Musa Quliyev iclasda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin birinci oxunuşda müzakirə olunacağını söyləyib.

Musa Quliyev məsələnin aktuallığı nəzərə alınaraq, iclasın geniş tərkibdə, parlamentin digər komitələrinin üzvlərinin iştirakı ilə keçirildiyini deyib, buna şərait yaratdığına və dəstək verdiyinə görə Milli Məclisin sədri Sahibə Qafarovaya təşəkkürünü ifadə edib.

Komitə sədri qanun layihəsini təqdim edərək, bildirib ki, ölkədə aparılan sosial islahatların mühüm tərkib hissəsi olan pensiya islahatları uğurla davam etdirilir. Qeyd olunub ki, pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olmaq, pensiya təminatı sistemində sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi, pensiya təyinatı prosesinin sadələşdirilməsi və digər istiqamətlərdə mühüm əhəmiyyətə malik tədbirlər həyata keçirilir, effektiv mexanizmlər formalaşdırılır. Ölkədə vahid indeksasiya metoduna keçid qulluq stajına görə əlavə almaq hüququ olan şəxslərin pensiyasının daha çox artmasına və onların xidmət keçdiyi qurumların hər hansı məlumat təqdim etmək öhdəliyinin aradan qalxmasına, bütün növ əmək pensiyalarının məbləğinin hər il vahid qaydada indeksləşdirilərək artırılmasına, bu prosesin tamamilə elektronlaşdırılmasına imkan yaradıb.

Musa Quliyev bildirib ki, aparılan islahatların davamı olaraq “Əmək pensiyaları haqqında” Qanuna bir sıra dəyişikliklərin edilməsi zərurəti yaranıb. O, qanunun 5 maddəsinə 17 dəyişiklik və 1 keçid müddəasının təklif edildiyini söyləyib. Qeyd edib ki, layihədə dəqiqləşdirici xarakterli texniki dəyişikliklər, sosial sığorta prinsipinin daha da gücləndirilməsinə və təkmilləşdirilməsinə xidmət edən dəyişikliklər, elektron pensiya təminatının və proaktiv təyinatların çərçivəsinin genişləndirilməsi məqsədi ilə dəyişikliklər nəzərdə tutulub.

Diqqətə çatdırılıb ki, Qanunun 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldığı gündən təyin olunur. Bununla yanaşı, qanunda hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslərin, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslərin, hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslərin və ali zabit heyətinə aid şəxslərin əmək pensiyasının yenidən hərbi xidmətə qəbul edilməsi ilə əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanması müəyyən edilir. Layihədə bu şəxslərin əmək pensiyasının yenidən hesablanmasının dəqiqləşdirilməsi üçün dəyişiklik təklif olunur.

Sənəddə qanunun 9.5.2-ci maddəsində “buraxılmış” sözündən sonra, 20.14.2-ci maddəsində “30 təqvim ili” sözlərindən əvvəl “buraxıldığı günə” sözlərinin əlavə edilməsində məqsəd şəxsin hərbi xidmətdə qalmasını təşviq etmək, eləcə də daha çox xidmət edən hərbi qulluqçu ilə qeyd olunan maddələrə əsasən daha az xidmət edən və pensiya hüququ əldə edən hərbi qulluqçuların pensiya məbləğləri arasında ədaləti qorumaqdır.

Sonra Qanunun 20.2-20.3-cü, 20.6-cı, 20.9-20.10-cu və 20.21-20.22-ci maddələrinə təklif olunan dəyişikliklər və 20.25-ci maddənin ləğv edilməsi ilə bağlı məlumat verilib. Bildirib ki, bəzi uyğunsuzluqların aradan qaldırılması üçün Qanunun 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrində nəzərdə tutulmuş şəxslərin qulluq stajına görə əmək pensiyasına əlavələr həmin şəxslərin orta aylıq əməkhaqları, son 12 ay ərzində müvafiq vəzifələr üzrə aldığı vəzifə maaşının və məcburi dövlət sosial sığortasına cəlb edilən bütün ödənişlərin cəminin 12-yə nisbəti yolu ilə müəyyən edilməsi təklif olunur. Dəyişikliyə görə, həmin kateqoriyadan olan şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavənin müəyyən edilməsi üçün orta aylıq əməkhaqqının hesablanmasında vahid yanaşma tətbiq olunacaq.

Qeyd olunub ki, layihəyə əlavə edilmiş keçid müddəasına əsasən həmin şəxslər bu Qanunun qüvvəyə mindiyi tarixədək 20.1.1-ci, 20.1.3-cü, 20.1.6-cı və 20.1.16-cı maddələrdə nəzərdə tutulmuş sığorta stajını topladığı halda onlara əvvəlki normalar tətbiq olunacaq.

Musa Quliyev nəzərə çatdırıb ki, Qanunun 20.16.2-ci maddəsinə təklif edilən dəyişiklik hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Bu qəbildən olan şəxslərin orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi zamanı onların pensiyasının məbləğinin təminat xərclərinin 60%- dən 70%-ə qaldırılması təklif edilir.

Sənəddə öz əksini tapmış avtomatlaşdırılmış pensiya sisteminin təkmilləşdirilməsi və proaktiv pensiya təyinatı dairəsini genişləndirmək məqsədi daşıyan dəyişiklərdən bəhs edən komitə sədri bildirib ki, Qanunun 22-1.5-ci maddəsinə təklif edilən dəyişiklik sosial müavinətdən pensiyaya keçidin qaydasını dəqiqləşdirir. Bununla yanaşı, 31.1-1-ci maddəyə təklif edilən dəyişiklik, eləcə də Qanuna yeni əlavə olunan 34.1-1-ci maddə bir pensiya növündən başqa, daha yüksək pensiya növünə keçmənin avtomatlaşdırılmış, proaktiv şəkildə həyata keçirilməsinə hüquqi baza yaradacaqdır.

Bildirib ki, qanun layihəsi sosial sığorta prinsiplərinin dərinləşməsi, sosial ədalətin təmin olunması, pensiya təminatının avtomatlaşdırılması və sosial müdafiə sisteminin dayanıqlığının artmasına xidmət edəcək.

Məsələ ətrafında aparılan müzakirələr zamanı parlamentin komitə sədri Səməd Seyidov, deputatlar Hikmət Məmmədov, Kamal Cəfərov, Məlahət İbrahimqızı, Səttar Möhbalıyev, Rəşad Mahmudov, Naqif Həmzəyev, Kamilə Əliyeva, Sədaqət Vəliyeva, Aydın Hüseynov, Azər Badamov, Razi Nurullayev, Şahin İsmayılov, Asim Mollazadə çıxış ediblər. Millət vəkilləri qanun layihəsinin mütərəqqi xarakter daşıdığını, ölkə vətəndaşlarının sosial rifahının daha da gücləndirilməsinə, sosial ədalətin qorunmasına xidmət etdiyini söyləyiblər, sənədin pensiya təminatı sahəsində həyata keçirilən islahatların qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıblar. Milli Məclisin müxtəlif komitələrini təmsil edən deputatlar, həmçinin bu komitələrin layihə barədə müsbət rəy verdiyini də bildiriblər.

Sonra iclasda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev layihə barədə fikirlərini açıqlayıb. O, bildirib ki, sənəddə vətəndaşların rifahının daha da yaxşılaşdırılmasına, sosial ədalət prinsipinin təmin olunmasına, o cümlədən proaktiv təyinatların daha da genişləndirilməsinə, hərbçilərin pensiya təminatının yaxşılaşdırılmasına, pensiya təyinatı zamanı sığorta stajının hesablanmasına, habelə bir səlahiyyət müddəti ilə bağlı sığorta prinsiplərinin gücləndirilməsinə yönəlmiş dəyişikliklər öz əksini tapıb. Sahil Babayev həmçinin deputatların qaldırdığı məsələlərə münasibət bildirib, onların suallarını cavablandırıb.

Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU