İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin TikTok platformasının nümayəndə heyəti ilə görüşündə

Tədbirlər
22 may 2024 | 17:35   
Paylaşın:        

Mayın 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin TikTok platformasının nümayəndə heyəti ilə görüşü keçirilib.

Qonaqları salamlayan komitə sədri Tahir Mirkişili, Azərbaycanda sosial media istifadəçilərinin sayının son illərdə daha da artdığını bildirərək sosial mediadan düzgün  və məqsədli istifadənin vacibliyini qeyd edib, geniş tədbirlər planı çərçivəsində qarşılıqlı əməkdaşlıq aparılmasının və maarifləndirmə işlərinin vacibliyini vurğulayıb.

Görüşə görə təşəkkür edən TikTok platformasının Şərqi Avropa üzrə ictimai siyasət və korporativ əlaqələrin direktoru Sergey Sokolov səfərin məqsədləri barədə məlumat verib. Azərbaycanda həyata keçirilən layihələrdən söz açan direktor Azərbaycanın zəngin tarixi və mədəni irsinin təbliğində, “startap”ların inkişafı və digər sahələrdə əməkdaşlığın artırılmasında maraqlı olduqlarını bildirib. Görüşdə nümayəndə heyətinin üzvləri tərəfindən Azərbaycandakı platforma istifadəçilərinin, xüsusilə azyaşlıların və gənclərin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş səylər və texniki həllər barədə geniş məlumat verilib.

Görüşdə iştirak edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Mədəniyyət komitəsinin sədri Fazil Mustafa sosial media platformalarında məzmunların yaradılması zamanı milli dəyərlərin nəzərə alınmasının önəmini qeyd edib.

Söhbətdə qarşılıqlı-faydalı əməkdaşlığın davam etdirilməsinin vacibliyi qeyd olunub, birgə fəaliyyət istiqamətləri barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU