Milli Məclisdə görüşlər
Mayın 22-də Milli Məclisdə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili və İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbələrinin əməkdaşları arasında görüş keçirilib.
Görüşü açan Milli Məclis Aparatı rəhbərinin müavini Rüstəm Mahmudov Altıncı çağırış Milli Məclisin formalaşmasından sonra spiker Sahibə Qafarovanın başçılığı ilə parlamentdə aparılmış islahatlar, Aparatın strukturu və görülən işlər barədə məlumat verib.
Sonra Parlament Aparatının İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin əməkdaşı Elman Aslanov bu şöbələrin birgə fəaliyyəti barədə slaydları təqdim edib.
Təqdimatdan sonra Parlament Aparatının Milli Məclisin, komitələrin və komissiyaların işinin təşkili şöbəsinin müdiri Gülnarə İsmayılova və İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsinin müdiri Şakir Şabanov rəhbərlik etdikləri şöbələrin fəaliyyət istiqamətləri, tətbiq olunan yeniliklər, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini bölüşüblər, qonaqları maraqlandıran suallara cavab veriblər.
*****
Sonra Türkiyə Böyük Millət Məclisi Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclis Aparatının qanunvericilik şöbələrinin əməkdaşları arasında görüş keçirilib.
Görüşdə iştirak edən Milli Məclis Aparatı rəhbərinin müavini Yaşar Əməşov bildirib ki, parlament Aparatında 3 qanunvericilik şöbəsi fəaliyyət göstərir. Bunlar Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik, İqtisadi qanunvericilik və Sosial qanunvericilik şöbələridir.
Sonra Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid, İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov və Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev rəhbərlik etdikləri şöbələrin parlamentin həyata keçirdiyi qanunvericilik fəaliyyətində iştirakı, qanun layihələrinin hazırlanması, qəbulu və qüvvəyə minmə prosesi, bu şöbələrin gördükləri işlər barədə məlumat veriblər.
Söhbət zamanı qonaqları maraqlandıran suallar cavablandırılıb.
*****
Sonra Türkiyə Böyük Millət Məclisi Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin əməkdaşları arasında görüş olub.
Əvvəlcə Parlament Aparatı rəhbərinin müavini Yaşar Əməşov Altıncı çağırış Milli Məclisin formalaşmasından sonra spiker Sahibə Qafarovanın rəhbərliyi ilə parlament diplomatiyasının gücləndirilməsi istiqamətində görülən işlərdən danışıb.
Sonra Milli Məclis Aparatının Beynəlxalq münasibətlər şöbəsinin sektor müdiri Mirkamal Əlizadə çalışdığı şöbənin fəaliyyət istiqamətləri barədə slaydları nümayiş etdirib, şöbənin parlamentin beynəlxalq fəaliyyətinin təmin edilməsi sahəsində həyata keçirdiyi işlər, TBMM ilə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti barədə fikirlərini açıqlayıb.
Təqdimatdan sonra qonaqları maraqlandıran suallara cavab verilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi