Milli Məclisdə görüş

Tədbirlər
23 may 2024 | 14:23   
Paylaşın:        

Mayın 23-də Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Cümhuriyyəti parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş katibinin müavini Naim Çobanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin "Bir millət, iki dövlət" və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir" prinsipləri əsasında yüksələn xətt üzrə inkişaf edən ikitərəfli münasibətlərin dərinləşdirilməsində dövlət başçılarının xüsusi rolu qeyd olunub.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin 14 fevral tarixində keçirilən andiçmə mərasimində söylədiyi nitqində ölkəmizin xarici siyasət kursu ilə bağlı strateji seçiminə bir daha diqqət çəkilib, ölkə başçısının “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” fikrinin yeni tarixi mərhələyə keçiddə strateji məqsəd və vəzifələri müəyyən etdiyi qeyd olunub.

Söhbətdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, həmçinin ölkələrin parlament aparatları arasında əməkdaşlığın, qarşılıqlı təcrübə mübadiləsinin və mütəmadi səfərlərin əhəmiyyəti vurğulanıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən Naim Çoban deyib ki, ikitərəfli əlaqələrin dərinləşməsində parlamentlərarası münasibətlərin rolu böyükdür. İşçi qruplarının təmaslarının, qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd edən qonaq, iki ölkənin parlament aparatlarının arasında həyata keçirilən sıx təcrübə mübadilələri və qarşılıqlı səfərlər barədə də məlumat verib. 

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı, deputat Naqif Həmzəyev və TBMM-in nümayəndə heyətinin üzvləri çıxış edərək iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələri barədə fikirlərini bölüşüblər, parlamentlərarası münasibətlərin dərinləşdirilməsi, həmçinin parlament aparatları arasında təcrübə mübadiləsinin davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU