Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri TBMM-in nümayəndə heyəti ilə görüşüblər
Mayın 23-də Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Türkiyə Böyük Millət Məclisinin(TBMM) Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüblər.
Mədəniyyət komitəsinin sədri Fazil Mustafa qonaqları salamlayaraq, dövlətlərimiz arasındakı əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin rolundan danışıb. O, təhsil, elm, mədəniyyət sahələrində əlaqələrin inkişaf etdirilməsinin əhəmiyyətindən, Azərbaycan-Türkiyə Universitetinin açılmasının təhsil sahəsində əməkdaşlığın inkişafına yeni töhfə olmasından, TÜRKPA çərçivəsində əməkdaşlığın türk dövlətlərinin ümumi maraqlarının müdafiəsinə xidmət etməsindən söhbət açıb.
Səmimi görüş üçün təşəkkürünü ifadə edən TBMM-in Milli təhsil, mədəniyyət, gənclik və idman komissiyasının sədri Mahmut Özer başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri zamanı keçirdiyi görüşlər barədə xoş təəssüratlarını bölüşüb.
Qonaq Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” şüarına əsasən inkişaf edən qarşılıqlı münasibətlərimizdə mədəni əlaqələrin rolundan danışıb, Bakıda keçirilmiş VI Beynəlxalq Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini qeyd edib.
Söhbət zamanı iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası əməkdaşlığın güclənməsində rolundan danışılıb, Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyənin göstərdiyi mənəvi-siyasi dəstəkdən söhbət açılıb, dövlətlərimizin hər zaman bir-birinin yanında olduğu qeyd edilib.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Sabir Rüstəmxanlı, Ülviyyə Həmzəyeva, Cavanşir Feyziyev türk dünyasının mədəniyyət sahəsində əlaqələrinin inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.
Görüşdə Milli Məclisin Mədəniyyət komitəsinin üzvləri Əziz Ələkbərov, Mixail Zabelin, Razi Nurullayev və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi