TÜRKPA-nın komissiya iclasında

Tədbirlər
27 may 2024 | 17:39   
Paylaşın:        

Mayın 27-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının "TÜRKPA üzv ölkələrində tibbi tullantıların idarə edilməsi" mövzusuna həsr edilmiş videokonfrans formatında 9-cu iclası keçirilib. 

İclası açan Milli Məclisin Səhiyyə komitəsinin sədri, TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov bildirib ki, ölkə Prezidenti tərəfindən Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ətraf mühitə və ekoloji problemlərin həllinə verilən önəmin daha bir göstəricisidir. Komitə sədri qeyd edib ki, BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar qərar verilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana göstərdiyi böyük etimadın təzahürü ilə yanaşı, ölkəmizin qlobal problemlərin həllində göstərdiyi fəal səylərə verilən dəyərdir.

O, TÜRKPA-ya üzv olan ölkələrin qarşısında duran qanunvericiliklərin  yaxınlaşdırılması, ətraf mühit və sağlamlığın qorunması kimi aktual məsələlərə toxunub, TÜRKPA-nın bugünkü komissiya iclasının ölkələrimiz arasında bu istiqamətdə əməkdaşlığa öz töhfəsini verəcəyinə inamını bildirib.

Sonra tədbirin moderatoru və komissiyanın sədri Əhliman Əmiraslanov 9-cu iclasın mövzusu və gündəliyi ilə bağlı fikirlərini bölüşüb.

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması Komissiyasının sədr müavini Ahmed Zenbilci, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er və komissiya üzvləri çıxış edərək iclasın mövzusu ilə bağlı fikirlərini bölüşüblər. 

İclasda TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədri Əhliman Əmiraslanov “TÜRKPA üzv dövlətlərində tibbi tullantıların idarə edilməsi”nə dair komissiyanın tövsiyə qərarının layihəsini təqdim edib.

İclasın gündəliyindəki “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Model Qanun layihəsini Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri  Adil Vəliyev təqdim edib. O, model qanun layihəsində tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması məsələlərinin necə tənzimlənməsi, sənədin əsas məqsəd və hədəfləri barədə məlumat verib.

Sonra parlamentarilər komissiyanın 10-cu iclasının mövzusunu müəyyən ediblər.

Onlayn iclasda Milli Məclisin TÜRKPA-dakı nümayəndə heyətinin üzvü Sədaqət Vəliyeva, üzv dövlətlərin parlamentariləri və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU