MİLLİ MƏCLİSDƏ GOPAC-ın İNFORMASİYA SESSİYASI KEÇİRİLDİ
Mayın 21-də Milli Məclisdə Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının – GOPAC-ın informasiya sessiyası keçirildi.
Tədbiri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının üzvü Əli Hüseynli aparırdı.
Sessiyada öncə Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının – GOPAC-ın Direktorlar Şurasının sədri Edqardo Anqara çıxış edərək başçılıq etdiyi qurumun yaranma tarixi, keçdiyi inkişaf yolu, gördüyü işlər, qarşıya qoyulmuş vəzifələr barədə ətraflı məlumat verdi. Bildirdi ki, dünyada milyonlarla insanı yoxsulluqdan qurtarmaq, gənclərin hakim dairələrə qarşı yönəlmiş narazılığını aradan qaldırmaq və yaxşı idarəetmə ilə bağlı gözləntilərini doğrultmaq üçün GOPAC dünya ölkələrində daha yaxşı idarəetmənin bərqərar olmasına çalışır. O, bir sıra ölkələrdə, hətta inkişaf etmiş ölkələrdə baş verənləri, həmçinin “ərəb baharı”nı yada saldı. Sürətlə dəyişən dünyada yeni çağırışlara hazır olmağın vacibliyini vurğuladı.
GOPAC-ın nümayəndə heyətinin başçısı sessiyadakı çıxışında Azərbaycana ilk dəfə gəldiyini də qeyd etdi. Xəzərin sahilində bu qədər müasir, gözəl, inkişaf etmiş, sivilizasiyalı şəhər görəcəyini təsəvvür belə etmədiyini, Azərbaycan paytaxtının onu heyrətləndirdiyini, Bakıya valeh olduğunu vurğuladı. Azərbaycanın GOPAC-a qoşulmasında çox maraqlı olduqlarını, belə əməkdaşlığın ikitərəfli fayda gətirəcəyini dedi. Burada qurumun Milli nümayəndəliyinin yaranmasının gələcək perspektivlərindən danışdı.
Ölkəmiz və paytaxtımız haqqında xoş sözlərə görə minnətdarlıq edən Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov son illər Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizədən, qanunvericilik sahəsindəki islahatlardan danışdı. Bu sahədə beynəlxalq təşkilatlarla yaxşı əməkdaşlıq əlaqələri qurduğumuzu qeyd etdi. Valeh Ələsgərov qonaqlara Azərbaycan Dövlət Neft Fondunun, yeni yaradılmış “ASAN” xidmətinin fəaliyyəti barədə də məlumat verdi. Bildirdi ki, beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən ölkəmiz GOPAC-ın 2015-ci ildə keçiriləcək 6-cı qlobal konfransını da lazımi səviyyədə reallaşdırmağa qadirdir.
Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının Milli nümayəndəliyi barədə informasiya sessiyasında qurumun icraedici direktoru Akaaş Maharac GOPAC-ın rolu, Milli nümayəndəliklərin iş prinsipləri, məqsəd və vəzifələri haqqında açıqlama verdi. Daha sonra Azərbaycan Respublikasının Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyasının katibi Vüsal Hüseynov ölkəmizdə korrupsiya əleyhinə görülmüş tədbirlərdən danışdı.
Təqdimatların yekununda Milli Məclisin komitə sədri Əli Hüseynli bildirdi ki, GOPAC unikal təşkilatdır. Yeni yaranan Azərbaycan Milli nümayəndəliyi gələcəkdə qurumun Avropa bölməsini əvəz edə bilər, bizim deputatların potensialı buna imkan verir.
İnformasiya sessiyasına yekun vuruldu.
Milli Məclisin
Mətbuat xidməti