Milli Məclisin 2024-cü ilin yaz sessiyası başa çatıb
Mayın 31-də Milli Məclisin spikeri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin yaz sessiyasında növbəti plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri əvvəlcə Milli Məclis sədrinin rəhbərliyi ilə parlament nümayəndə heyətinin mayın 27-28-də Antiqua və Barbudaya işgüzar səfəri barədə deputatlara məlumat verib.
Spiker bildirib ki, səfərin məqsədi Antiqua və Barbudanın paytaxtı Sent-Cons şəhərində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin “Dayanıqlı firavanlıq üçün istiqamətin müəyyən olunması” mövzusunda 4-cü Beynəlxalq Konfransında iştirak etmək idi.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, o, dünyanın müxtəlif ölkələrindən hökumət üzvləri olmaqla yüzdən çox nümayəndənin iştirak etdiyi toplantıda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin konfrans iştirakçılarına müraciətini çatdırıb.
Sahibə Qafarova səfər çərçivəsində keçirdiyi görüşlər haqqında danışıb. Bildirilib ki, Seynt Vinsent və Qrenadinin Baş naziri Ralf Qonzalves, Kubanın vitse-prezidenti Salvador Antonio Valdes Mesa, Antiqua və Barbudanın Nümayəndələr Palatasının sədri Cerald Uott və Senatın sədri Alinsia Vilyams Qrant ilə danışıqlarda Azərbaycanın bu ölkələrlə münasibətlərinə dair fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.
Sonra spiker iclasın gündəliyinə 9 məsələnin daxil edildiyini deyib. O, birinci məsələnin “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) olduğunu söyləyib.
İclasda məsələ barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili nəzərə çatdırıb.
Komitə sədri bildirib ki, “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və “Azərbaycan Respublikasının 2023-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat” qanunvericiliyə uyğundur. Təqdim olunmuş sənədlər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində ətraflı müzakirə edilib.
Tahir Mirkişili bildirib ki, qlobal geosiyasi çağırışlara rəğmən, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatların nəticəsi olaraq 2023-cü ildə ölkəmizdə makroiqtisadi sabitlik təmin edilib, inflyasiya birrəqəmli səviyyədə saxlanılıb. Həmçinin ötən il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft/qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
Ötən ilin dünya iqtisadiyyatının zəif bərpası ilə xarakterizə olunduğunu deyən komitə sədri 2023-cü ildə Azərbaycanda keçirilən antiinflyasiya siyasəti nəticəsində orta illik inflyasiyanın 10.4%-lik proqnoza qarşı 8.8% təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, 2023-cü ildə dünya üzrə büdcə kəsirinin ÜDM-ə nisbəti 5,5%-ə bərabər olub. Ölkəmizdə isə bu göstərici ÜDM-nin 1 faizini təşkil edib.
Komitə sədri deyib ki, 2023-cü ildə ölkəmizdə ÜDM real ifadədə 1,1 faiz artaraq nominal olaraq 111,6 milyard manat proqnoza qarşı 123 milyard manat təşkil edib. Qeyri-neft/qaz sektorunda 3,7 faizlik artım, neft-qaz sektorunda isə əsasən neft hasilatının azalması ilə bağlı 1,7 faiz azalma qeydə alınıb.
Tahir Mirkişili diqqətə çatdırıb ki, ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 12,8 faiz artaraq 78,1 milyard manat təşkil edib və hər nəfərə düşən illik gəlir orta hesabla 7687 manata çatıb. 2023-cü ildə ixracımız 27.6 milyard dollar təşkil etməklə 17.3 milyard dollarlıq idxalımızı 10.3 milyard dollar üstələyib. Qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 3,9 faiz artaraq 3348 milyon dollara bərabər olub və əvvəlki illərdən fərqli olaraq, idxalın artımında dövlətin rolu azalıb, fiziki şəxslərin rolu isə artıb. 2023-cü ilin sonuna olan məlumata əsasən, ölkənin məcmu valyuta ehtiyatları 17,1 faiz artaraq 68,5 milyard dolları ötüb.
Dövlət Büdcəsinin əsas parametrlərini təqdim edərkən komitə sədri bildirib ki, 2023-ci ildə dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 1 345.9 milyon manat və ya 4 faiz çox icra olunub. Büdcə gəlirlərinin 45,8 faizi vergi orqanlarının xətti ilə, 18 faizi gömrük orqanlarının xətti ilə, 33,3 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 2,9 faizi isə digər gəlirlər üzrə daxilolmaların payına düşüb. Dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 17080 milyon manat olmaqla proqnozdan 1129.2 milyon və ya 7.1% çoxdur.
Digər istiqamətlər üzrə dövlət büdcəsinə daxilolmaların müsbət dinamikası və onların strukturu barədə danışan komitə sədri ötən ilin büdcəsinin xərc istiqamətləri barədə də geniş izahat təqdim edib. Bildirilib ki, 2023-ci il dövlət büdcəsində təsdiq olunmuş 36 624.8 milyon manat xərcin 99.5%-i icra olunub. Qeyd olunub ki, bu icra faizi son illərin ən yüksək icra faizidir. Strukturuna görə xərclərin 55.6%-ni cari xərclər, 41.2%-ni əsaslı xərclər, 3.2%-ni isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər təşkil edib. Sosialyönlü xərclər 2023-ci il dövlət büdcəsinin icrasında 13050,4 milyon manat və ya xərclərin 35,8 faizi həcmində olub.
Dövlətin apardığı sosial-iqtisadi siyasətin davamı olaraq əhalinin gəlir əldə etmək imkanlarının artırılması və rifahının yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin azaldılması, aztəminatlı ailələrin, xüsusilə də sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onlara ödənilən sosial ödənişlərin, o cümlədən əməkhaqlarının, əmək pensiyalarının, sosial müavinətlərin və təqaüdlərin məbləğlərinin artırılması 2023-cü ildə də davam etdirilib. Belə ki, 2023-cü ildə sosial müavinətlər, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları, diplomatik xidmət əməkdaşlarının əməkhaqqıları və Azərbaycan Respublikası Prezidentinin təqaüdləri əhəmiyyətli dərəcədə artırılıb. Bundan başqa dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində çalışan 165 minə yaxın işçinin əməkhaqqılarının artımı üçün 142,7 milyon manat vəsait sərf edilib. Yuxarıda sadalanan artımların maliyyə tutumu cəm olaraq 749,8 milyon manata bərabər olmaqla 1,9 milyon nəfər vətəndaşı əhatə edib.
Dövlət büdcəsindən digər tədbirlərə sərf olunan vəsaitləri də diqqətə çatdıran Tahir Mirkişili qeyd edib ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-ci ilin dövlət büdcəsindən cəm olaraq 5581,6 milyon manat vəsait ayrılıb.
2023-ci ilin dövlət büdcəsinin qarşıya qoyulan hədəflərə adekvat icra olunduğunu vurğulayan və qanun layihəsinə rəhbərlik etdiyi komitənin rəyinin müsbət olduğunu deyən Tahir Mirkişili çıxışının sonunda büdcə gəlir və xərclərinin daha dəqiq planlaşdırılması və daha effektiv icrası ilə bağlı qənaətlərini və fikirlərini səsləndirib.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək 2023-cü ilin dövlət büdcəsinin icrası ilə bağlı Hesablama Palatasının rəyini təqdim edib.
Palata sədri dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühitin təhlili, büdcə hesabatlılığının hüquqi aktlara və strateji sənədlərə uyğunluğu, büdcə vəsaitlərinin idarə edilməsinin qiymətləndirilməsi nəticələri barədə məlumat verib. O, qeyd edib ki, dövlət büdcəsinin gəlirlərinin icrasını təmin edən qurumların təqdim etdiyi hesabatlar əsasında 2023-cü ildə 34477,1 mln. manat məbləğində (büdcəsinin ümumi gəlirlərinin 97,8%-i) daxilolmalar təhlillə əhatə edilib.
Hesablama Palatası tərəfindən rəyin tərtib edilməsi zamanı 158 qurum və 1 istiqamət üzrə 31,2 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib ki, bu da icra edilmiş dövlət büdcəsi xərclərinin 85,5%-ni təşkil edir. Qeyd olunub ki, təhlilin əhatə dairəsi əvvəlki ilə nəzərən 7,9 faiz bəndi artırılıb.
Vüqar Gülməmmədov 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı təqdim olunan sənədlərin siyahısının əvvəlki illərlə müqayisədə nisbətən artırıldığını, izah və məlumatların keyfiyyətinin yüksəldilməsi istiqamətində addımların atıldığını bildirib.
Vüqar Gülməmmədov dövlət büdcəsi gəlirlərinin əsas mənbələr üzrə icra vəziyyəti, inzibatçılığın qiymətləndirilməsi, habelə 2023-cü il ərzində dövlət büdcəsinin xərclərinin icrası prosesində həyata keçirilmiş dəyişikliklər, funksional, iqtisadi və inzibati təsnifat üzrə, fondlar üzrə xərclərin icra vəziyyəti, dövlət əsaslı vəsait qoyuluşlarının icrası, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin icrası və digər istiqamətlər üzrə palatanın münasibətini diqqətə çatdırıb.
Bildirilib ki, dövlət büdcəsinin icrası barədə Hesablama Palatasına təqdim edilmiş əlavə hesabatlara əsasən 2023-cü ildə təsdiq edilmiş göstəricilərdə dəyişikliklərin məbləği 3048,6 mln. manatdır. İnzibati təsnifat üzrə dəyişikliklərə dair məlumatların təhlili göstərir ki, ümumilikdə 36,6 mlrd. manatı əhatə edən xərclərin nəzərdə tutulduğu 235 istiqamətdən (təşkilatlar və tədbirlər üzrə) 19,3 mlrd. manatı əhatə edən 141 istiqamət üzrə dəyişikliklər edilmiş, yerdə qalan 17,3 mlrd. manatı əhatə edən 94 istiqamət üzrə isə dəyişiklik aparılmamışdır.
Məsələnin müzakirəsində komitə sədrləri Fazil Mustafa, Tahir Rzayev, Zahid Oruc, deputatlar Sabir Rüstəmxanlı, Elman Nəsirov, Vüqar Bayramov, Qüdrət Həsənquliyev, Bəhruz Məhərrəmov və Kamran Bayramov fikirlərini bildiriblər, rəylərini səsləndiriblər.
Sonra “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova növbəti məsələnin ikinci oxunuşda müzakirəyə təqdim edilən “Əmək pensiyaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu deyib. Spiker bildirib ki, məsələ ilə əlaqədar Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyəti sədrinin müavini Zəka Mirzəyev, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial sığorta və pensiya siyasəti şöbəsinin müdiri Elnur Abbasov iclasda iştirak edirlər.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə məlumat verib. O, qeyd edib ki, layihə birinci oxunuşda ətraflı müzakirə olunub, qaldırılan məsələlərə komitədə ikinci oxunuş zamanı aydınlıq gətirilib, verilən suallarla bağlı arayış təqdim olunub.
Sonra Musa Quliyev diqqətə çatdırıb ki, təklif olunan dəyişikliklər mahiyyət etibarı ilə 4 istiqaməti əhatə edir. Belə ki, layihədə qanunun 9.5, 9.5-2, 9.6 və 20.14.2-ci maddələrini əhatə edən dəqiqləşdirici xarakterli dəyişikliklər, 20.2, 20.3, 20.6, 20.9, 20.10, 20.21, 20.22 və 20.16.2-ci maddələrdə nəzərdə tutulan bir səlahiyyət müddətində sığorta stajı olan şəxslərin pensiya təminatının sığorta pensiyası prinsiplərinə uyğunlaşdırılmasına xidmət edən dəyişikliklər öz əksini tapıb. Növbəti dəyişiklik hərbi xidmətlə bağlı əlilliyi olan şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Bu qəbildən olan şəxslərin orqanizmin funksiyalarının 81-100 faiz itirilməsi zamanı onların pensiyasının məbləğinin təminat xərclərinin 60%-dən 70%-ə qaldırılması təklif edilir. Sənəddə, həmçinin avtomatlaşdırılmış pensiya sisteminin təkmilləşdirilməsi və proaktiv pensiya təyinatı dairəsini genişləndirmək məqsədi daşıyan dəyişikliklər də ehtiva olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri bildirib ki, növbəti məsələ “Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya”nın təsdiq edilməsi haqqında qanun layihəsidir. O, qeyd edib ki, layihə beynəlxalq sənədin təsdiq edilməsi ilə bağlı olduğuna görə bir oxunuşda baxılıb qəbul ediləcək.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qanun layihəsini təqdim edib. Bildirilib ki, "Vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması (BEPS) məqsədilə Vergi Sazişi üzrə tədbirlərin həyata keçirilməsinə dair Çoxtərəfli Konvensiya" İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən BEPS layihəsi çərçivəsində hazırlanıb və vergi bazasının aşınmasının və mənfəətin köçürülməsinin qarşısını almağa yönəlmiş beynəlxalq vergi müqaviləsidir. Qeyd olunub ki, BEPS, vergi qaydalarındakı boşluqlar və uyğunsuzluqlardan istifadə edərək, mənfəəti aşağı və ya heç vergi olmayan yerlərə süni şəkildə köçürmə strategiyalarını ifadə edir və bu, ümumi olaraq korporativ vergilərin az və ya heç ödənilməməsinə səbəb olur. Çoxtərəfli Konvensiya BEPS-ə qarşı qlobal mübarizənin əsas elementi olmaqla, vergidən yayınma məsələsini həll etmək və mənfəət əldə edən iqtisadi fəaliyyətlərin həyata keçirildiyi və dəyərin yaradıldığı yerlərdə mənfəətin vergiyə cəlb edilməsini təmin etmək üçün ölkələr arasında geniş konsensusu əks etdirir. Konvensiya vergitutma bazasının aşınması və mənfəətin köçürülməsinin qarşısının alınması üçün nəzərdə tutulmuş müxtəlif tədbirləri həyata keçirir, müxtəlif yurisdiksiyaların xüsusi vergi siyasəti üstünlüklərinə uyğunlaşmaq üçün çevikliyi təmin edir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Azər Kərimli məsələ ilə bağlı bu komitənin rəyini açıqlayaraq bildirib ki, Konvensiya ölkələr arasında vergi məlumatlarının şəffaflığının artırılması, sui-istifadə hallarının və vergidən yayınmanın qarşısının alınması baxımından mühüm rol oynayır, bu isə dövlətlər arasında etimadı gücləndirir və daha ədalətli, dürüst vergi sisteminin əsasını yaradır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri Sahibə Qafarova gündəliyin digər üç məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu və növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu və mahiyyətcə bir-birinə yaxın olduğunu söyləyib. Spiker diqqətə çatdırıb ki, bu məsələlər – “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihələridir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov həmin qanun layihələri barədə məlumat verib. Hər iki sənədin iki oxunuşda müzakirə olunaraq qəbul edildiyini nəzərə çatdıran millət vəkili layihələrin mətnində hər hansı bir dəyişikliyin edilmədiyini bildirib və sənədin üçüncü oxunuşda qəbul olunması üçün səs verməyi xahiş edib. Hər iki layihə Azərbaycan Prezidentinin 2018-ci il 23 noyabr tarixli 739 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya"nın icrası ilə bağlı hazırlanıb.
Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. Deputat əvvəlki oxunuşlarda məsələ barədə ətraflı məlumat verildiyini, əlavə heç bir təklif və dəyişikliyin olmadığını deyib və sənədin səsə qoyulmasını xahiş edib.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Spiker Sahibə Qafarova gündəliyin son üç məsələsinin uyğunlaşdırma xarakteri daşıdığını, müvafiq qanunvericiliyin tələbinə əsasən bu qanun layihələrinin bir oxunuşda baxılıb qəbul ediləcəyini söyləyib.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” və “Reklam haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Diqqətə çatdırılıb ki, layihə “Qida təhlükəsizliyi haqqında" 5 may 2022-ci il tarixli Qanunun icrası məqsədilə hazırlanıb. Həmin qanunla "bioloji aktiv qida məhsulları" qida məhsulu olaraq tənzimlənmiş və ona dair bir sıra tələblər təsbit edilmişdir. Bununla əlaqədar olaraq qeyd olunan qanunlara təklif edilən dəyişikliklərdə "bioloji fəallığa malik qida əlavələri" termininin "bioloji aktiv qida məhsulları" termini ilə əvəz edilməsi, "Dərman vasitələri haqqında" qanunda təsbit olunan "bioloji aktiv qida məhsulları" anlayışının yeni redaksiyada verilməsi, bioloji aktiv qida məhsullarının reklamına dair tələblərin dəqiqləşdirilməsi nəzərdə tutulur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ barədə bu komitənin rəyini açıqlayaraq qeyd edib ki, bioloji aktiv qida məhsullarının reklamında onların dərman vasitəsi olmaması, habelə qeydiyyata alınmasının təsdiqi ilə bağlı məlumat əks olunmalıdır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Bildirilib ki, "Publik hüquqi şəxslər haqqında" 2015-ci il 29 dekabr tarixli Qanunun tətbiqi barədə" Azərbaycan Prezidentinin 2016-cı il 3 fevral tarixli Fərmanına uyğun olaraq, xüsusi təhsil müəssisələrinin fəaliyyətinin ümumi təhsil müəssisələrinin nümunəvi nizamnaməsi çərçivəsində tənzimlənməsi nəzərdə tutulur. Bununla əlaqədar olaraq, "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Qanunun 13.4-cü maddəsinin ləğv edilməsi, 20.1-ci maddəsində isə dəqiqləşdirmə məqsədilə "fiziki çatışmazlığı, əqli və (və ya) psixi ləngimələri olanlar" ifadəsinin "sağlamlıq imkanları məhdud olan şəxslər" ifadəsi ilə əvəz edilməsi nəzərdə tutulur.
Deputat Sədaqət Vəliyeva bəzi qeyd və təkliflərini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin mahiyyəti barədə danışıb.
Qeyd olunub ki, sənəd uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, "Elektroenergetika haqqında" qanunun 8-ci maddəsində 200 kVt-dan yuxarı elektrik qurğularının istismarının "icazə" əsasında həyata keçirilməsi təsbit edildiyindən "Dövlət rüsumu haqqında" və "Lisenziyalar və icazələr haqqında" qanunlarda müvafiq dəyişiklik təklif edilir.
Bununla yanaşı, elektrik enerjisinin istehsalının "icazə" əsasında həyata keçirilməsinin hədləri "Elektroenergetika haqqında" qanunda təsbit edildiyindən "Lisenziyalar və icazələr haqqında" qanunun 3 nömrəli əlavəsinin 53-cü maddəsində və "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" qanunda müvafiq dəyişiklik nəzərdə tutulur. Həmçinin, "Elektroenergetika haqqında" qanunun qəbulu ilə əlaqədar "Elektrik və istilik stansiyaları haqqında" qanunun ləğv edildiyi qeyd olunaraq, bildirilib ki, bununla əlaqədar "Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında" və "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" qanunlarda dəyişikliklər olunur, habelə bir sıra qanunlarda termin və anlayışların dəqiqləşdirilməsi həyata keçirilir.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məsələ ilə bağlı bu komitənin müsbət rəyini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.
Sonra Milli Məclisin sədri deyib ki, bu gün yaz sessiyasının son iclasıdır. O deyib ki, Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 80 deputat növbədənkənar sessiyanın çağırılması üçün parlamentin sədrinə müraciət edib və iyun ayında parlamentin növbədənkənar sessiyası olacaq.
Spiker deputatlara yaz sessiyasının yekunları barədə qısa məlumat verib.
Bildirilib ki, Milli Məclisin yaz sessiyası başladıqdan az sonra, fevralın 14-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində söylədiyi proqram xarakterli nitqində Azərbaycan Prezidenti dövlətin yeni dövrün tələblərindən irəli gələn vəzifələrini müəyyən edib. Qeyd olunub ki, Milli Məclis də dövlət başçısının müəyyən etdiyi hədəflərə uyğun olaraq, yaz sessiyasında fəaliyyətini həmin tələblər səviyyəsində qurmağa çalışıb.
Diqqətə çatdırılıb ki, sessiya ərzində parlamentin 13 iclası keçirilib, 61 qanun qəbul edilib. Başqa sözlə, 2 yeni qanun qəbul olunub, 50 qanunda dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiq olunub.
Spiker Sahibə Qafarova bildirib ki, inamla demək olar ki, qəbul edilmiş qanunvericilik aktları ölkəmizdə həyata keçirilən quruculuq işlərinin və islahatların qanunvericilik bazasını daha da möhkəmləndirməyə və təkmilləşdirməyə xidmət edir.
Yaz sessiyasında görülmüş işlər haqqında danışan parlamentin sədri vurğulayıb ki, həmişə olduğu kimi, hakimiyyətin müxtəlif qolları arasında səmərəli əməkdaşlıq Milli Məclisin qarşısında dayanan vəzifələrin uğurla yerinə yetirilməsinə köməklik göstərib.
Parlamentlə hökumət arasında konstruktiv işbirliyini xüsusi qeyd edən Milli Məclisin sədri, hökumətin müxtəlif strukturlarının, o cümlədən nazirliklərin və dövlət komitələrinin nümayəndələrinin mütəmadi olaraq Milli Məclisin və komitələrin iclaslarına dəvət olunduğunu diqqətə çatdırıb, qanun layihələrinin müzakirəsi zamanı onların rəylərinin dinlənildiyini deyib. Bununla birlikdə, deputatların da bir sıra mülahizə və təkliflərinin icra orqanları tərəfindən nəzərə alındığı bildirilib.
Qeyd olunub ki, yaz sessiyası dövründə böyük ictimai əhəmiyyət daşıyan məsələlərin müzakirəsi və qanun layihələrinin keyfiyyətinin daha da yüksəldilməsi məqsədi ilə lazım gəldikdə ictimai dinləmələr keçirilməsi praktikasından da istifadə edilib. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Aqrar siyasət komitəsinin birgə təşkilatçılığı ilə “Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar” mövzusunda, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən "Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar" mövzusunda, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə təşkilatçılığı ilə ”Sağlam ailə modelinin hüquqi aspektləri – Yaşıl dünya müstəvisində” mövzusunda ictimai dinləmələrin keçirildiyi diqqətə çatdırılıb.
Bununla birlikdə, qeyd olunub ki, Milli Məclis deputatlarının, Bakı Təşəbbüs Qrupunun, Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universiteti təmsilçilərinin, Yeni Kaledoniya parlamenti üzvlərinin iştirakı ilə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda və Fransız Polineziyası parlamenti deputatlarının və siyasi xadimlərinin iştirakı ilə “Fransız Polineziyasının dekolonizasiya hüququ: çağırışlar və perspektivlər” mövzusunda konfranslar təşkil edilib.
Milli Məclisin sədri deyib ki, 44 günlük Vətən müharibəsi və bir günlük antiterror tədbirləri nəticəsində əldə olunmuş tarixi qələbələr sayəsində Azərbaycan beynəlxalq hüququn qüvvəsini bərpa etdikdən və ərazi bütövlüyünü, suverenliyini təmin etdikdən sonra ölkəmizə qarşı qərəzli hücumlar güclənib. Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etməyən bu qüvvələr müxtəlif bəhanələr altında ölkəmizin daxili işlərinə müdaxilə etməyə çalışır, bu məqsədlə böhtan və hədələrə də əl atırlar. Beynəlxalq təşkilatların Azərbaycan barəsində qeyri-obyektiv və əsassız qətnamələrinə, eləcə də bəzi ölkələrin parlament üzvlərinin qeyri-adekvat iddialarına Milli Məclisin və onun komitələrinin münasibəti yaz sessiyasında lazım gəldikcə qətiyyətlə və kəskin şəkildə ifadə edilib.
Milli Məclisin sədri deyib ki, sessiya ərzində parlamentin səlahiyyət dairəsinə daxil olan bir sıra təyinat məsələləri də həll edilib.
Bildirilib ki, ümumən bu sessiya dövründə Milli Məclisin 21 qərarı qəbul olunub.
Spiker diqqətə çatdırıb ki, yaz sessiyasında Milli Məclisin nəzarət funksiyasının yerinə yetirilməsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, Nazirlər Kabinetinin, Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun, Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının hesabat, məruzə və məlumatları dinlənilib.
Yaz sessiyasında parlamentin beynəlxalq əlaqələrinin inkişafı sahəsində zəruri tədbirlərin həyata keçirildiyi deyilib, qeyd olunub ki, bu dövr ərzində Milli Məclisin 62 deputatı 26 ölkəyə 102 səfər həyata keçirib. Deputatlarımız 9 beynəlxalq təşkilatın tədbirlərində iştirak və çıxış ediblər.
Millət vəkillərimiz Rusiyada keçirilən prezident seçkilərini, Belarusda keçirilən parlament seçkilərini və yerli deputat şuralarına seçkiləri, eləcə də İndoneziyada keçirilən prezident və parlament seçkilərini müşahidə ediblər.
Yaz sessiyası ərzində 56 ölkənin və 20 beynəlxalq təşkilatın 101 nümayəndə heyəti, ümumən 544 nəfərdən çox xarici qonaq Milli Məclisdə olub.
Diqqətə çatdırılıb ki, Milli Məclis sədrinin 2 ölkəyə rəsmi və 4 ölkəyə işgüzar səfərləri baş tutub, parlamentin spikerinin Milli Məclisdə 3 ölkənin prezidenti, 20 ölkənin parlament sədrləri və sədr müavinləri, 7 beynəlxalq təşkilatın rəhbərləri, 2 ölkənin icra hakimiyyəti orqanının nümayəndələri, 5 dövlətin Azərbaycandakı səfirləri ilə görüşləri keçirilib. Aparılan danışıqlarda ikitərəfli və çoxtərəfli parlamentlərarası əlaqələr və digər məsələlər müzakirə edilib.
Spiker Sahibə Qafarova deputatlara yaz sessiyası dövründə Milli Məclis tərəfindən 7 beynəlxalq tədbir keçirildiyi barədə məlumat verib. Bildirilib ki, tədbirlərdən 5-i Bakıda Milli Məclisin evsahibliyi ilə baş tutub, 2-i isə xaricdə keçirilib. Belə ki, fevralın 21-də və 22-də Asiya Parlament Assambleyasının İcraedici Şurasının iclası və 14-cü plenar sessiyası 276 nəfərin iştirakı ilə keçirilib. Martın 4-də TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının iclası, aprelin 25-də Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Birinci iclası və mayın 2-də 6-cı Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Parlamentlərarası konfransı Bakıda keçirilib.
Spiker diqqətə çatdırıb ki, Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında 2024–2025-ci illər üçün bu təşkilata sədrlik Azərbaycan Respublikasına keçib.
Milli Məclisin xaricdə baş tutmuş 2 tədbiri barədə danışan parlamentin spikeri söyləyib ki, martın 23-də Asiya Parlament Assambleyasının koordinasiya iclası və martın 25-də Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin (QHPŞ) 3-cü konfransı Milli Məclisin təşkilatçılığı və Azərbaycan parlamentinin spikerinin rəhbərliyi ilə İsveçrənin Cenevrə şəhərində keçirilib. QHPŞ-nin 3-cü konfransının işində 275 nəfər qonaq qismində iştirak edib.
Deputatlara yaz sessiyası dövründə Milli Məclis ilə Parlamentlərarası İttifaq arasında, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi ilə Parlamentlərarası İttifaq arasında anlaşma memorandumlarının, eləcə də Milli Məclis ilə Yeni Kaledoniya Konqresi arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanması barədə məlumat verilib.
Sonda spiker Sahibə Qafarova Milli Məclisin yaz sessiyasının uğurla başa çatdığını deyib və bununla əlaqədar deputatlara səmərəli iş üçün təşəkkür edib.
Milli Məclisin sədri yaz sessiyasını bağlı elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Bununla Milli Məclisin 2024-cü il yaz sessiyasının sonuncu plenar iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi