Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında

Komitə iclasları
03 iyun 2024 | 16:55   
Paylaşın:        

 

İyunun 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbədənkənar sessiyada ilk iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsinin birinci oxunuşda müzakirəyə çıxarıldığını söyləyib.

Hicran Hüseynova ölkəmizdə ailə institutunun möhkəmləndirilməsi,  onun sosial rifahının yaxşılaşdırılması, ailələrdə sağlam mühitin yaradılması sahəsində mühüm qanunların qəbul edildiyini, dövlət proqramlarının həyata keçirildiyini söyləyib. O, bu gün təqdim olunan qanun layihələrində də ailə institutunun müdafiəsi ilə bağlı müasir tələblər zəminində Ailə Məcəlləsinə bir sıra önəmli düzəlişlərin təklif edildiyini bildirib.

Məsələlər barədə məlumat verən komitə sədri birinci qanun layihəsi ilə bağlı diqqətə çatdırıb ki, Azərbaycan ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, yaxud qeydiyyatsız uzun müddət yaşayan əcnəbilərin bir çoxu ölkə ərazisini tərk etməmək üçün Azərbaycan vətəndaşı ilə nikah bağlamağı qərar verirlər. Bu hal Azərbaycan vətəndaşı ilə nikahda olan əcnəbilərə münasibətdə qanunvericiliyin müəyyən etdiyi imtiyazlardan sui-istifadə edilməsi riski yaratmaqla yanaşı, qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərin effektivliyinə mənfi təsir göstərir.

Bildirilib ki, qeyd olunan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin səmərəliliyinin artırılması məqsədilə hazırlanmış qanun layihəsində Ailə Məcəlləsinin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə müvafiq dəyişiklik təklif olunur. Dəyişikliyə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.

Ailə Məcəlləsinə dəyişiklik edilməsi haqqında digər qanun layihəsini təqdim edən Hicran Hüseynova bildirib ki, mövcud ailə qanunvericiliyinə uyğun olaraq nikaha daxil olmaq istəyən şəxslər siyahısı müəyyən edilmiş xəstəliklər üzrə tibbi müayinədən keçirlər. Lakin həmin şəxslərin tibbi müayinəsi və onlara müvafiq məsləhətlər verilməsi ilə bağlı nəzərdə tutulan qayda Azərbaycan Respublikasının səfirlikləri və konsulluqlarının akkreditə olunduğu ölkələrdəki hallara şamil edilmir. Bu baxımdan, ölkə hüdudlarından kənarda yaşayan Azərbaycan vətəndaşları arasında nikah bağlanılması məqsədilə həmin vətəndaşlar tələb olunan tibbi müayinədən keçmək üçün Azərbaycan Respublikasına gəlməlidirlər. Bu isə nikaha daxil olmaq istəyən şəxslər üçün maliyyə və vaxt itkisinə səbəb olur.

Qeyd olunub ki, deyilənləri nəzərə alaraq, təqdim olunan qanun layihəsində Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi təklif edilir. Belə ki, Məcəlləyə əlavə edilən 13.5-1-ci maddəyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasının vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin (konsulluq idarəsinin) akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər. 13.5-2-ci maddədə isə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə bu Məcəllənin 13.5-1-ci maddəsində nəzərdə tutulan tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə olunması müəyyən edilir.

Müzakirələrdə çıxış edən komitənin sədr müavini Jalə Əliyeva, üzvləri Sədaqət Vəliyeva, Pərvin Kərimzadə, Sevil Mikayılova, Rauf Əliyev, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Ailə Məcəlləsinə təklif olunan dəyişikliklərin mütərəqqi xarakter daşıdığını, ailələrin sağlam təməllər üzərində qurulmasına xidmət etdiyini söyləyiblər. Millət vəkilləri, həmçinin bir sıra qeydlərini və suallarını da səsləndiriblər.

Tədbirdə iştirak edən Dövlət Miqrasiya Xidmətinin Miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin Hüquqi təminat idarəsinin rəisi Nizami Quliyev, Xarici İşlər Nazirliyinin Hüquqi Təminat İdarəsinin rəisi Hüseyn Hüseynov, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Sosial Normativ Aktlar İdarəsinin aparıcı məsləhətçisi Nərgiz Məmmədli, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdir müavini Seymur  Məmmədov deputatlar tərəfindən qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Müzakirələrin yekununda Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda komitə üzvü Tamam Cəfərova, Xarici İşlər Nazirliyinin Hüquqi Təminat İdarəsinin rəis müavini Mikayıl Yusifov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU