Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər ediləcək

Komitə iclasları
21 may 2013 | 07:05   
Paylaşın:        

Mayın 21-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi.
Komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyi haqqında məlumat verərək “Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” qanun layihəsinin müzakirə ediləcəyini bildirdi. Komitə sədrinin verdiyi məlumata görə, qanun layihəsində nəzərdə tutulmuşdur ki, rayonun Xanəgah kənd inzibati ərazi dairəsi tərkibindəki faktiki mövcud olan yaşayış məntəqəsi Türkelli adlandırılsın və Xanəgah kənd inzibati ərazi dairəsi tərkibində qalmaqla ona kənd ərazi vahidi statusu verilsin. Digər dəyişiklikdə təklif olunur ki, İcarə kəndinin tarixi adı bərpa edilərək Eçara kəndi adlandırılsın. Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq mərkəzi Sərhədabad olmaqla inzibati ərazi dairəsi yaradılsın. Zopun, Cəfərli, Çünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndləri Astanlı kənd izibati ərazi dairəsinin tərkibindən ayrılaraq mərkəzi Zopun kəndi olmaqla kənd izibati ərazi dairəsi yaradılsın.
Qeyd olundu ki, qanun layihəsində, həmçinin Cəlilabad rayonunda Kazımabad, Təzəkənd, Şatırlı inzibati ərazi dairələrinin də yaradılması nəzərdə tutulmuşdur.
Müzakirələr zamanı komitə üzvləri bildirdilər ki, bu dəyişikliklər əhalinin rahatlığına, kəndlərin gələcək inkişafına və idarəetmənin yaxşılaşdırılmasına xidmət edir.
Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU