Qırğızıstan Joqorku Keneşinin sədrinin başçılıq etdiyi nümayəndə heyəti Füzuli və Şuşa şəhərlərində olub

Tədbirlər
05 iyun 2024 | 16:39   
Paylaşın:        

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikası Joqorku Keneşinin sədri Nurlanbek Şakiyevin başçılıq etdiyi parlament nümayəndə heyəti iyunun 5-də Füzuli və Şuşa şəhərlərində olub.

Əvvəlcə nümayəndə heyəti Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olub. Sonra qonaqlar Füzuli şəhərinə gəliblər. Onlara Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılmış Füzulidə törədilən dağıntılar, vandalizm aktları barədə məlumat verilib. Bildirilib ki, erməni vandalları işğal etdikləri digər şəhər və kəndlər kimi, Füzuli şəhərini də talayıb, yer üzündən siliblər. İşğal dövründə bütün evlər, infrastruktur, sosial obyektlər dağıdılıb, təsərrüfatlar məhv edilib.

Qonaqlara rayon işğaldan azad edildikdən sonra Füzuli şəhərində Baş plana uyğun olaraq Azərbaycan dövləti tərəfindən həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. Şəhərdə ilk yaşayış məhəlləsinin inşasının yekunlaşdığı və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışının başlandığı bildirilib.

Sonra qırğız nümayəndə heyəti Şuşa şəhərinə yola düşüb.

Qonaqların Şuşaya səfəri Azərbaycanın tanınmış şəxsiyyətləri olan Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin yerləşdiyi şəhər mərkəzi meydanı ilə tanışlıqdan başlayıb.

Qırğızıstan nümayəndə heyətinə Şuşa şəhərinin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə məlumat verilib.

Sonra nümayəndə heyəti Yuxarı Gövhərağa məscidi, qala divarları ilə tanış olublar. Sonda Cıdır düzünə gələn qonaqlar oradan açılan gözəl mənzərəni seyr ediblər.

Səfərdə qonaqları Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Azərbaycan-Qırğızıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Musa Quliyev, ölkəmizin Qırğızıstandakı səfiri Lətif Qəndilov və digər rəsmi şəxslər müşayiət ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU