TÜRKPA-nın Qadın Parlamentarilər Qrupunun iclasında
İyunun 5-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) 13-cü Plenar iclası çərçivəsində Qadın Parlamentarilər Qrupunun 3-cü iclası keçirilib.
“Qadınlar – TÜRKPA üzv dövlətlərində iqtisadiyyatın onurğa sütunu, sahibkarlığın hərəkətverici qüvvəsi” mövzusuna həsr olunmuş tədbiri TÜRKPA Qadın Parlamentarilər Qrupunun rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız açaraq, yaradılan şəraitə və qonaqpərvərliyə görə Azərbaycan tərəfinə öz təşəkkürünü ifadə edib.
Zeynep Yıldız çıxışında qadınlar və kişilər üçün bərabər imkanların yaradılması, qadınların səlahiyyətlərinin genişləndirilməsi, hamı üçün davamlı və inklüziv iqtisadi artımın təmin edilməsi, məşğulluğun və layiqli iş mühitini təşviqinin vacibliyindən söhbət açıb. O, qeyd edib ki, iqtisadiyyatın dayağı və sahibkarlığın hərəkətverici qüvvəsi olan qadın sahibkarlığının inkişafı böyük əhəmiyyət kəsb edir.
Sonra iclasda Azərbaycan Milli Məclisinin deputatları Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Çolpon Sultanbekova, Özbəkistan Respublikası Ali Məclisi Senatının üzvü Gülnora Marufova, Özbəkistan Ali Məclisi Qanunvericilik Palatasının üzvü Umidaxon Zakirova, Şimali Kipr Türk Respublikası Məclisinin üzvü İzlem Gürçağ Altuğra çıxış ediblər.
Parlamentarilər müasir dünyada qadınların cəmiyyətin bütün sahələrində təmsil olunduğunu, o cümlədən dövlətin idarəolunmasında fəal iştirak etdiyini, sosial-iqtisadi həyatda gender bərabərliyinin təmin edildiyini bildiriblər. İclas iştirakçıları ictimai-siyasi həyatda qadınların artan rolundan, onların iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyəti üçün uyğun şəraitin yaradılmasının vacibliyindən bəhs ediblər.
Müzakirələr zamanı qeyd olunub ki, qadın sahibkarlığının inkişafı cəmiyyətdə gender bərabərsizliyinin aradan qaldırılmasına, qadınların iqtisadi və sosial nüfuzunun artmasına, yoxsulluğun azaldılmasına xidmət edir. Qadın parlamentarilər, həmçinin birgə səylərin vacibliyi, əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşüblər.
İclas iştirakçıları həyatın bütün sahələrində gender bərabərliyinin təmin edilməsi sahəsində öz ölkələrinin təcrübəsindən də danışıblar.
Milli Məclisin üzvləri Məlahət İbrahimqızı və Sədaqət Vəliyeva Azərbaycanda qadınların ictimai-siyasi həyatda fəal iştirak etdiyini, onların rəhbər vəzifələrdə geniş təmsil olunduğunu, habelə iqtisadiyyatın müxtəlif sahələrində rolunun artdığını vurğulayıblar. Ölkəmizdə qadın sahibkarlığının inkişafına dövlət dəstəyindən, bu istiqamətdə qəbul edilən proqramlardan, həyata keçirilən layihələrdən söhbət açıblar. Millət vəkilləri bu sahədə qanunvericiliyin təkmilləşdirildiyini də diqqətə çatdırıblar.
İclasın sonunda mövzu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı qəbul edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi