Milli Məclisdə görüş

Tədbirlər
11 iyun 2024 | 15:15   
Paylaşın:        

İyunun 11-də parlamentin Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Etibar Əliyev Albaniya Respublikası parlamentinin üzvləri Eduard Şalsi və Arben Pellumbi ilə görüşüb.

Görüşdə dövlətlərarası münasibətlərin inkişaf dinamikasından məmnunluğunu ifadə edən işçi qrupunun rəhbəri, ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin inkişafında ölkə başçılarının xüsusi rolunu qeyd edib.

İkitərəfli əlaqələrin dərinləşdirilməsində ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin, imzalanan sənədlərin rolu diqqətə çatdırılıb, dövlət başçılarının dostluq münasibətlərinin və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyən strateji baxış və qərarlarının əhəmiyyəti vurğulanıb.

Azərbaycana səfərin məqsədləri barədə məlumat verən qonaqlar, keçirilən görüşləri, aparılan danışıqları yüksək qiymətləndiriblər, dünən baş tutmuş Azərbaycan-Albaniya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 1-ci iclasının, imzalanan sənədlərin ölkələr arasında çoxşaxəli əməkdaşlığın dərinləşməsində əhəmiyyətini qeyd ediblər.

Albaniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Əliabbas Salahzadə ölkələrimizi birləşdirən bağlardan söz açaraq, iki ölkə arasında münasibətlərin bütün istiqamətlər üzrə surətli inkişaf etdiyini deyib, qanunverici orqanlarımız arasında mövcud əməkdaşlığın genişləndirilməsi barədə fikirləri ilə bölüşüb.

Söhbət zamanı Albaniya parlamentində Azərbaycanla dostluq qrupunun tez zamanda yenidən formalaşdırılmasının vacibliyi vurğulanıb, parlamentarilərimizin qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin əlaqələrimizin daha da genişlənməsinə xidmət edəcəyi bildirilib.

Görüşdə Azərbaycanın Albaniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU