Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında
İyunun 11-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib.
Komitənin sədri Hicran Hüseynova gündəliyə dörd məsələnin – Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda və ikinci oxunuşda olan Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında iki qanun layihəsinin daxil edildiyini söyləyib.
Hicran Hüseynova Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edərək bildirib ki, layihə yetkinlik yaşına çatmayanların erkən evliliyi və qohum nikahlarla bağlı ölkədə mövcud olan ciddi problemlərin qarşısının alınması məqsədilə hazırlanıb. O, qeyd edib ki, qanunvericilikdə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın mövcudluğu əksər hallarda yetkinlik yaşına çatmayanların hüquq və azadlıqlarının məhdudlaşdırılması ilə nəticələnir. Komitə sədri diqqətə çatdırıb ki, layihədə adları çəkilən məcəllələrə dəyişiklik etməklə nikah yaşının azaldılması ilə bağlı istisnanın ləğvi, erkən evliliyin təşkilinə, həmin yaşda olan şəxs barəsində evliliyə dair sövdələşməyə daxil olmağa, erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və dini kəbinkəsməyə görə geniş subyektlər dairəsi üçün məsuliyyətin müəyyən edilməsi təklif olunur.
Sənədə əsasən, Cinayət Məcəlləsinin 176-1-ci maddəsinin adının dəyişdirilməsi, yəni “Qadını nikaha daxil olmağa məcbur etmə” deyil, “Nikaha və ya erkən evliliyə daxil olmağa məcbur etmə” kimi müəyyən edilməsi cinayətdən zərər çəkmiş şəxslərin dairəsini genişləndirir. Məcəlləyə təklif edilən 176-2-ci maddə 16 yaşına çatmayan şəxsin erkən evliliyinin təşkilinə görə valideynlər və ya yetkinlik yaşına çatmayanları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya erkən evliliyə daxil olan yetkinlik yaşına çatmış şəxs üçün məsuliyyət müəyyən edir.
Layihədə İnzibati Xətalar Məcəlləsinə 189-1-ci maddənin daxil edilməsi təklif olunur ki, burada on altı yaşına çatmayan şəxs barəsində onun və ya evliliyə daxil olmaq niyyətində olan digər şəxsin valideynləri və ya onları tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya evliliyə daxil olmaq niyyətində olan yetkinlik yaşına çatmış şəxs tərəfindən nişanlanmaya və ya evliliyə dair digər sövdələşməyə daxil olmağa görə cərimə və ya işin hallarına görə, inzibati həbs tətbiq olunur. Həmçinin, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən erkən evliliklə bağlı mərasimlərin keçirilməsinə və yetkinlik yaşına çatmayan şəxslər barəsində dini kəbinkəsməyə görə inzibati tənbeh nəzərdə tutun 189-2 və 189-3-cü maddələrin Məcəlləyə əlavə edilməsi erkən evliliklə mübarizədə mühüm addımlardan biri olacaqdır.
Bununla yanaşı, qanun layihəsində aralarında nikahın bağlanması yol verilməyən subyektlər dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər yer alıb. Belə ki, Ailə Məcəlləsinin 12-ci maddəsində (Nikahın bağlanmasına mane olan hallar) yaxın qohumlarla yanaşı qardaşların və bacıların ümumi bioloji baba və nənəsi olan uşaqlar, o cümlədən bioloji qohumluğu olan əmi (dayı) və qardaş (bacı) qızı, həmçinin bibi (xala) və qardaş (bacı) oğlu arasında nikahın bağlanmasına yol verilməyən yeni normanın təsbit edilməsi nəzərdə tutulur.
Məsələ ətrafında müzakirələrdə çıxış edən Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyev, üzvləri Rəşad Mahmudov, Sədaqət Vəliyeva, Tamam Cəfərova, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov layihədə təklif olunan dəyişikliklərin mütərəqqi xarakter daşıdığını bildiriblər. Millət vəkilləri sənədin milli-mənəvi dəyərlər nöqteyi-nəzərindən, insanların sağlamlığının qorunması, insan hüquqlarının təmin edilməsi baxımından əhəmiyyətini qeyd ediblər, layihədə əks olunan hallarla bağlı maarifləndirmə işinin təşkilinin önəmindən söhbət açıblar.
Tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili şöbəsinin rəis müavini İmran Əliyev, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova, Ədliyyə Nazirliyinin Qanunvericilik Baş İdarəsinin Sosial Normativ Aktlar İdarəsinin aparıcı məsləhətçisi Nərgiz Məmmədli məsələyə dair bəzi qeydlərini səsləndiriblər. Komitə iclasında çıxış edən parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsinin vacibliyini qeyd edərək, dəyişikliklərin mahiyyəti barədə öz fikirlərini açıqlayıb, habelə deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.
Sonra iclasda Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb.
Məsələ barədə məlumat verən komitə sədri Hicran Hüseynova diqqətə çatdırıb ki, təklif edilən dəyişikliklərdə “elektron xidmət”in anlayışı verilir, dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına dair tələblər, həmin sistemin istifadəyə verilməsi, elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin aparılması qaydaları, dövlət informasiya ehtiyatları və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqi və auditinə dair ümumi qaydalar müəyyən olunur. Layihədə ümumilikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan məsələlərə dair əsas müddəalar əks olunur.
Qeyd olunub ki, dəyişikliklərin bir qismi isə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlər zamanı Elektron Hökumət İnformasiya Sistemindən istifadənin daha da genişləndirilməsi, vətəndaşlara göstərilən xidmətlər zamanı vaxt itkisinin qarşısının alınması dövlət orqanları arasında məlumat mübadiləsi prosesinin daha da sürətləndirilməsi məqsədilə hazırlanıb. Layihədə, həmçinin normativ aktlar arasında uyğunluğun təmin edilməsi və dəqiqləşdirmə məqsədi daşıyan digər dəyişikliklər də öz əksini tapıb.
Sənədlə bağlı deputatlar Sevil Mikayılova və Nurlan Həsənov öz fikirlərini səsləndiriblər.
İclasda, habelə Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri də ikinci oxunuşda nəzərdən keçirilib. Bildirilib ki, Məcəllənin nikahın bağlanmasına mane olan halları əks etdirən 12-ci maddəsinə təklif olunan dəyişikliyə əsasən, aralarında nikahın bağlanmasına yol verilməyən şəxslərin sırasına ikisindən biri və ya hər ikisi ölkə ərazisində qanunsuz olan əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin də əlavə edilməsi nəzərdə tutulur.
Digər layihədə Ailə Məcəlləsinin 13-cü maddəsində dəyişiklik edilməsi təklif olunur. Belə ki, Məcəlləyə əlavə edilən 13.5-1-ci maddəyə əsasən, Azərbaycanın diplomatik nümayəndəliklərində və ya konsulluq idarələrində nikaha daxil olmaq istəyən Azərbaycan vətəndaşları bu Məcəllənin 13.1-ci maddəsində nəzərdə tutulmuş xəstəliklər üzrə tibbi müayinədən öz vəsaitləri hesabına müraciət etdikləri diplomatik nümayəndəliyin akkreditə olunduğu, yaxud yerləşdiyi xarici dövlətdə seçdikləri tibb müəssisəsində keçə bilərlər. 13.5-2-ci maddədə isə diplomatik nümayəndəliklərdə və ya konsulluq idarələrində nikaha daxil olmaq barədə verilmiş ərizəyə bu Məcəllənin 13.5-1-ci maddəsində nəzərdə tutulan tibb müəssisələri tərəfindən verilmiş tibbi müayinədən keçdiklərini təsdiq edən sənədin əlavə olunması müəyyən edilir.
Müzakirəyə təqdim edilən qanun layihələrinin hər biri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
İclasda komitə üzvləri Nigar Arpadarai, Pərvin Kərimzadə, Könül Nurullayeva, DİN Bas Təşkilat-İnspeksiya İdarəsinin Hüquqi təminat şöbəsinin xüsusilə mühüm tapşırıqlar üzrə baş inspektoru Muraz Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi