Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının və Nümayəndələr Palatasının sədrləri ilə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasına rəsmi səfəri çərçivəsində bu ölkənin Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanova və Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.
Əvvəlcə tərəflər arasında təkbətək görüş keçirilib.
Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Azərbaycan parlament nümayəndə heyətini səmimiyyətlə salamlayan Respublika Şurasının sədri Natalya Koçanova, Milli Məclis sədrinin bu səfərinin münasibətlərimizə yeni impuls verəcəyinə inamını ifadə edib. O, qeyd edib ki, Azərbaycan və Belarus təkcə tərəfdaş ölkələr deyil, iki ölkə arasında münasibətlər bütün sahələri əhatə etməklə, dostluq və qardaşlıq prinsiplərinə söykənir.
Nümayəndələr Palatasının sədri İqor Sergeyenko da ölkələrimiz və parlamentlərimiz arasında münasibətlərin mövcud səviyyəsindən razılığını bildirərək, xalqlarımız arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu, bu gün ölkələrimiz arasında münasibətlərin bu möhkəm əsasa söykəndiyini söyləyib.
Görüşdə Azərbaycan və Belarus arasında münasibətlərin hazırki yüksək səviyyədə inkişafında iki ölkənin dövlət başçıları arasında yüksək səviyyəli münasibətlərin mühüm rolu qeyd olunaraq, vurğulanıb ki, ali və yüksək səviyyədə həyata keçirilən səfərlər və imzalanan sənədlər əlaqələrin daha da dərinləşməsini təmin edib. Həmçinin qeyd olunub ki, son illərdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin sayının artması da münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir.
Qeyd olunub ki, bu günədək Azərbaycan və Belarus arasında siyasi, iqtisadi, sosial, humanitar, elmi-texniki və regional əməkdaşlıq məsələlərini əhatə edən 150-yə yaxın sənəd imzalanıb ki, bu sənədlər ikitərəfli münasibətlərin inkişafı üçün fundamental əsaslar yaradıblar. Tərəflər həmçinin əməkdaşlığın müxtəlif sahələrdə daha da dərinləşdirilməsinin əhəmiyyətini qeyd edərək, bu istiqamətlərdə mövcud imkanlarla bağlı fikirlərini ifadə ediblər.
Söhbət zamanı, həmçinin əlaqələrimizin mühüm bir istiqamətini əhatə edən beynəlxalq platformalarda əməkdaşlıq məsələlərinin əhəmiyyəti də qeyd edilib və bildirilib ki, ölkələrimiz beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlıq təcrübəsinə malikdirlər. Bu günə qədər ölkələrimiz beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək göstəriblər.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycan və Belarus coğrafi baxımdan bir-birinə yaxın ölkələr olmasalar da, ölkələrimiz və xalqlarımız arasında qarşılıqlı hörmət və etimada söykənən yüksək səviyyədə münasibətlər mövcuddur. O, parlamentlərimiz arasında əlaqələrin də bu əsaslara söykəndiyini qeyd edib.
Görüşdə qanunverici orqanlarımızın həm ikitərəfli əsasda, həm də beynəlxalq parlament təşkilatlarında uğurlu əməkdaşlığından məmnunluq ifadə edilib. Spiker Sahibə Qafarova beynəlxalq fəaliyyət çərçivəsində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsində əməkdaşlığın da önəmini qeyd edib.
Söhbət zamanı parlamentlərimiz arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığı xatırlanaraq, bu sənədin qanunverici orqanlarımız arasında əlaqələrin inkişafına töhfə verdiyi bildirilib. Qeyd olunub ki, qarşılıqlı səfərlər, dostluq qruplarının sıx təmasları, parlament komitələri arasında müxtəlif istiqamətlərdə əməkdaşlığın yaradılması əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verə bilər.
Spiker Sahibə Qafarova görüşdə Azərbaycanın 30 il işğaldan əziyyət çəkdiyini, 2020-ci ildə öz gücü hesabına əldə etdiyi qələbə nəticəsində ərazi bütövlüyünü bərpa etdiyini, ötən il həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini təmin etdiyini diqqətə çatdırıb. Bildirilib ki, işğal zamanı bütün şəhər və rayonlarımız, infrastruktur, tarixi və mədəniyyət abidələri, dini məbədlər tamamilə dağıdılıb, talan olunub. O, hazırda Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən və "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyalarına əsaslanan nəhəng bərpa və quruculuq işləri barədə də məlumat verib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işlərində Belarus şirkətlərinin də iştirakı ilə bağlı əldə olunmuş razılaşma yüksək qiymətləndirilib.
Söhbət zamanı həm humanitar əməkdaşlıq, həm də mədəniyyət sahəsində əlaqələrin də yüksək səviyyədə olduğu qeyd edilərək, vurğulanıb ki, bu da öz növbəsində iki xalqın bir-birinə daha da yaxınlaşmasında xüsusi rol oynayır. Bildirilib ki, xalqlarımız arasında dostluq əlaqələri mühüm əsaslara malikdir. Bu il Belarusun faşist işğalçılarından azad edilməsinin 80-ci ildönümünün tamam olduğu, Belarus torpaqlarının azad edilməsində azərbaycanlıların da şücaət göstərdikləri qeyd olunaraq, Belarus xalqının bunu heç vaxt unutmadığı və yüksək qiymətləndirdiyi diqqətə çatdırılıb. Həmçinin, qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, şəhərlərimiz arasında qardaşlıq haqqında müqavilələrin imzalanması kimi tədbirlərin önəmi diqqətə çatdırılıb.
Görüşdə bu ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 haqqında da söhbət açılıb və spiker Sahibə Qafarova qarşı tərəfi COP29 çərçivəsində Milli Məclisin Parlamentlərarası İttifaq ilə birlikdə təşkil edəcəyi Parlament konfransında iştiraka dəvət edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi