İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında

Komitə iclasları
12 iyun 2024 | 17:15   
Paylaşın:        

 

İyunun 12-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Komitə sədri Tahir Mirkişili iclası açaraq gündəliyə 6 məsələnin daxil olduğunu bildirib.

Tahir Mirkişili ilk üç məsələnin ikinci oxunuşda müzakirəyə təqdim edilən “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri olduğunu deyib.

Komitə sədri, əvvəlcə, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.

O, bildirib ki, 2024-cü ilin dövlət büdcəsinə ediləcək dəyişikliklərə əsasən, gəlirlərin 2 milyard 180 milyon manat artırılaraq 36 milyard 353 milyon manata, xərclərin 2 milyard 944,3 milyon manat artırılaraq 39 milyard 707,3 milyon manata çatdırılması, dövlət büdcəsinin kəsirinin isə 764,3 milyon manat artırılaraq 3 milyard 354,3 milyon manat olacağı planlaşdırılır.

Qeyd olunub ki, 2024-cü ilin 4 ayı üzrə aparılan təhlillər, eyni zamanda, işlərin icrası büdcə xərcləri qarşısında əlavə 3,8 milyard manat vəsaitin xərclənməsi üçün yeni tələbat yaradıb. Bunlardan 1 milyard 160 milyon manat işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, 1 milyard 184 milyon manat avtomobil yolları, su təchizatı, elektrik enerjisi və digər məsələlər, 807 milyon manat müdafiə və təhlükəsizlik, 498,8 milyon manat vəsait beynəlxalq münasibətlər və beynəlxalq fəaliyyət üçün nəzərdə tutulur.

Diqqətə çatdırılıb ki, yenidən baxılan büdcə zərfində neftin 1 barrelinin qiymətinin 60 ABŞ dollarından 75 ABŞ dollarınadək artırılması, Ümumi Daxili Məhsulun artım tempinin 2,4%-dən 3,8%-ə yüksəlməsi, qeyri-neft-qaz sektorunda real artım proqnozunun 4.6%-dən 5.5%-ə qədər, neft-qaz sektorunda real artım proqnozunun isə -1.7%- dən +0.8%-ə dəyişdirilməsi proqnozlaşdırlır.

Məsələ ətrafında müzakirələrdə komitənin sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Vüqar Bayramov, Rüfət Quliyev, Aydın Hüseynov, Elnur Allahverdiyev çıxış edərək öz fikirlərini, qeyd və təkliflərini açıqlayıblar.

İclasda iştirak edək maliyyə nazirinin müavini Azər Bayramov, iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər.

Sonra iclasda “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə baxılıb. Layihəyə əsasən, Fondun xərcləri 30,0 milyon manat və ya 0,4 faiz artırılaraq 6949,9 milyon manata çatdırılmışdır. Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin (transfert) məbləği 160,0 milyon manat azaldılaraq 1232,0 milyon manat təşkil edəcəkdir.

Tədbirdə “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də nəzərdən keçirilib. Sənəddə işsizlikdən sığorta haqları üzrə daxilolmaların 4 700 000,00 manat artırılaraq 179 976 800,0 manatdan 184 676 800,0 manata çatdırılması təklif olunur.

Hər üç qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Sonra komitə sədri gündəliyin 4-cü məsələsi olan  “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsini (üçüncü oxunuş) müzakirəyə təqdim edib. O, bildirib ki, məsələ birinci və ikinci oxunuşlarda kifayət qədər geniş müzakirə olunub. Diqqətə çatdırılıb ki, 2023-ci il dövlət büdcəsinin gəlirləri 33 890,5 milyon manat proqnoza qarşı 35 236,4 milyon manat təşkil edib. Gəlirlər proqnozla müqayisədə 4 faiz çox icra olunub. Keçən ilin dövlət büdcəsində təsdiq olunmuş 36 624.8 milyon xərcin 99.5%-i icra olunub.

Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov 2023-cü il dövlət büdcəsinin icrası ilə bağlı palatanın rəyini səsləndirərək bildirib ki, Hesablama Palatası tərəfindən rəyin tərtib edilməsi zamanı 158 qurum və 1 istiqamət üzrə 31,2 mlrd. manatı əhatə edən və vəsaitlərin icrasını təsdiq edən xəzinə üzləşmə aktları və digər sənədlər nəzərdən keçirilib. Bu, icra edilmiş dövlət büdcəsi xərclərinin 85,5%-ni təşkil edir. Palata sədrinin müavini ötən ilin büdcəsinin icrasının xərclər istiqamətləri ilə bağlı palatanın bəzi qeydlərini diqqətə çatdırıb.

Maliyyə nazirinin müavini Azər Bayramov 2023-cü il dövlət  büdcəsinin icrasının xərclər istiqaməti ilə bağlı  Hesablama Palatanın mövqeyinə münasibətini bildirəndən sonra qanun layihəsi üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Sonra iclasda Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) baxılıb. Deputatlar əmək münasibətləri, dövlət sosial sığorta sistemində fərdi uçot və məşğulluq sahələrində rəqəmsal xidmətlərin genişləndirilməsi məqsədilə hazırlanan bu qanun layihəsini də baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Gündəliyin sonuncu məsələsi olan Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) müzakirəyə çıxaran komitə sədri bildirib ki, layihədə ilk dəfə olaraq bir sıra elektron xidmətlərin göstərilməsi qaydaları təsbit olunub.

İclasda çıxış edən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Samir Məmmədov Rəqəmsal İnkişaf Konsepsiyası çərçivəsində görülən işlər, dövlət qurumlarında prosesləri 80% rəqəmsallaşdırmaqla kağızsız hökumətə keçidin təmini istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib. Nazir müavini vurğulayıb ki, təqdim olunan layihə dövlət informasiya ehtiyatlarının və sistemlərinin göstərdiyi elektron xidmətlərin daha da təkmilləşdirilməsi və genişləndirilməsi məqsədi ilə hazırlanıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyətinin sədr müavini  Rəşad Xalıqov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi İdarə Heyəti sədrinin müşaviri Şahin Əliyev qanun layihəsində təklif olunan elektron xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi (o cümlədən mygov tətbiqi) üzərindən təşkili və göstərilməsi, habelə dövlət informasiya ehtiyatları və sistemlərində aparılan digər təkmilləşdirmələr və yeniliklər barədə məlumat veriblər.  Bildirilib ki, təklif olunan  dəyişikliklərə əsasən, dövlət informasiya ehtiyatlarında və sistemlərində mövcud olan nikah, doğum və ölüm haqqında şəhadətnamələr, şəxsiyyət vəsiqəsinə dair  məlumatlar həmin sənədin fiziki daşıyıcıda təqdim edilməsi ilə bərabər hüquqi qüvvəyə malik olması təmin ediləcək. Fərdi məlumatların məcburi şəkildə toplanılması və işlənilməsi istisna olmaqla, fərdi məlumatların toplanılmasına və işlənilməsinə subyektlərin razılığının alınması və geri çağırılması mərkəzləşdirilmiş qaydada Elektron Hökumət İnformasiya Sistemi üzərindən həyata keçiriləcək.

Layihənin müzakirəsində  komitə  üzvləri Məzahir Əfəndiyev,  Vahid Əhmədov, Məşhur Məmmədov, Vüqar Bayramov, Aydın Hüseynov çıxış ediblər, qeydlərini və suallarını səsləndiriblər.

 Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavinləri Samir Məmmədov, Elmin Məmmədov deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallarını cavablandırıblar.

Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.

İclasda deputatlar Anar Məmmədov, İqbal Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU