PARLAMENTDƏ UŞAQ HÜQUQLARI və BİZNES PRİNSİPLƏRİ MÜZAKİRƏ OLUNDU
Mayın 22-də Milli Məclisdə “Uşaq hüquqları və biznes prinsipləri” mövzusuna həsr olunmuş dəyirmi masa keçirildi. Dövlət və hökumət qurumlarının, ölkəmizdəki iri şirkətlərin, QHT-lərin və KİV-lərin nümayəndələrinin toplaşdığı tədbiri Azərbaycan parlamenti ilə UNİCEF təşkil etmişdi.
Dəyirmi masanın aparıcısı, Milli Məclis Sədrinin müavini Bahar Muradova tədbiri açaraq UNİCEF-lə əlaqələrimizin tarixindən danışdı. Bildirdi ki, Milli Məclisin bu qurumla qarşılıqlı faydalı əməkdaşlığı yalnız qanunvericilik sahəsini əhatə etmir, uşaq hüquqlarının cəmiyyətdə reallaşması istiqamətində də vaxtaşırı fikir mübadiləsi aparılır. Bugünkü müzakirədən məqsəd sahibkarlığın inkişafına xüsusi önəm verilən ölkəmizdə biznes qurumlarından gözləntilərimizi dilə gətirmək, özəl sektorda təhlükəsiz istehsal məsələsinə və uşaq hüquqlarının daha yaxşı qorunmasına diqqət yönəltməkdir. Həmçinin qanunvericilikdə təsbit olunmuş uşaq hüquqları ilə biznes prinsiplərinin uzlaşdırılmasıdır.
Milli Məclis Sədrinin müavini onu da vurğuladı ki, uşaq əməyi sahəsində Azərbaycandakı vəziyyət qonşu ölkələrlə müqayisədə qat-qat yaxşıdır. Bahar Muradova parlamentin rəhbərliyi adından dəyirmi masada iştirak edənlərə təşəkkürünü bildirdi və tədbirə uğur arzuladı.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard dedi ki, uşaq hüquqları ən vacib hüquqlardan biri kimi müəyyənləşdirilib. Azyaşlıların bu hüquqdan məhrum edilməsi onların gələcək taleyinə ciddi təsir göstərə bilər. Ona görə də uşaqlar özəl sektorda əməyə cəlb edilərkən təhlükəsizlikləri qorunmalıdır, bu iş onların potensial inkişafını məhdudlaşdırmamalıdır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə tədbirin əhəmiyyətini yüksək dəyərləndirdi. Konkret faktlara istinadən hazırda dünya miqyasında, xüsusilə yoxsul ölkələrdə uşaqların istismara məruz qalmasından söz açdı. Problemin aradan qaldırılması üçün sahibkarlığın sosial məsuliyyəti məsələsinin düzgün qurulması vacibliyini önə çəkdi.
BMT-nin rezident-əlaqələndiricisi Antonios Broek özəl və ictimai sektor üçün davamlı dəyişikliklərin nəzəriyyəsini açıqladı.
Sonra UNİSEF Baş qərargahının Özəl sektorla iş və əməkdaşlıq departamentinin beynəlxalq eksperti İda Marqarita Hilestid “Uşaq hüquqları və biznes prinsipləri” adlı təlimatı dəyirmi masa iştirakçılarına təqdim etdi. Bildirildi ki, UNİCEF, BMT-nin Qlobal Kompakt və “Uşaqları qoruyun” təşkilatları tərəfindən hazırlanmış bu təlimatın təqdimatı keçən il Londonda olub. Həmin Prinsiplərə təcrübələrin marketinqi və reklamı da daxildir. Burada uşaq əməyindən tutmuş fövqəladə hallardan zərər çəkmiş uşaqlara yardım göstərilməsində biznesin roluna qədər geniş sahə əhatə olunub. Bütün transmilli və milli bizneslərə aid edilən bu Prinsiplər dünyanın hər yerində biznes icraçılarını öz siyasi öhdəlikləri, bərpaedici tədbirləri vasitəsilə uşaqların hüquqlarını müdafiə etməyə çağırır.
Təlimatın təqdimatından sonra Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli son illər Milli Məclisdə uşaq hüquqları ilə bağlı qəbul edilən qanunlar və parlamentin qoşulduğu müvafiq konvensiyalar barədə ətraflı məlumat verdi.
“Uşaq hüquqları və biznes prinsipləri” mövzusunun müzakirəsində deputat, AHİK-in sədri Səttar Möhbalıyev ölkəmizdə bu sahədə mövcud olan durumdan danışdı, iri şirkətlərə dair irad və təkliflərini bildirdi. Deputat Sevinc Hüseynova fikirlərini bölüşdü.
Dəyirmi masa ətrafında aparılan geniş müzakirədə dövlət qurumlarının, komitə və nazirliklərin təmsilçiləri, Azərbaycandakı iri şirkətlərin, həmçinin QHT-lərin və beynəlxalq təşkilatların nümayəndələri rəy və təkliflərini bildirdilər.
Səmərəli fikir mübadiləsini yekunlaşdıran Milli Məclis Sədrinin müavini Bahar Muradova müzakirəyə çıxarılan mövzunun günün diktəsi olduğunu vurğuladı. Dəyirmi masada özəl sektoru təmsil edən kadrların yüksək səviyyəsinə istinadən inam ifadə etdi ki, onlar insan hüquqları və uşaq hüquqlarının prioritetlərini işlədikləri şirkətlərdə tətbiq etməyə hazırdırlar, burada səslənmiş ideyaların real işə çevrilməsinə çalışacaqlar.
Milli Məclisin
Mətbuat xidməti