Macarıstan parlamentinin nümayəndə heyəti Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Macarıstan Milli Assambleyasının Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Attila Tilkinin başçılıq etdiyi nümayəndə heyəti iyunun 17-də Fəxri xiyabana gələrək, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüb.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Eyni zamanda, "Əbədi məşəl” abidəsi ziyarət olunub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və paytaxtımızda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Ziyarət zamanı nümayəndə heyətini Milli Məclis sədrinin birinci müavini, Macarıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli Hüseynli, qrupun üzvü, Milli Məclisin deputatı Elman Nəsirov və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi