Milli Məclisin iclasında
İyunun 21-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası keçirilib.
Gündəliyin təsdiqindən sonra Milli Məclisin sədri bildirib ki, gündəlikdə 13 məsələ var. Birinci məsələ Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi ilə bağlıdır.
Spiker diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasət ölkəmizi müasir dövrün ən dinamik inkişaf edən və beynəlxalq aləmdə xüsusi çəkisi olan dövlətlərindən birinə çevirib. Azərbaycan dövlətinin başçısına xas olan müstəsna liderlik qabiliyyəti və yenilməz siyasi iradə, eyni zamanda, ölkədə mövcud olan güclü milli həmrəylik cəmiyyət və dövlət həyatının bütün sahələrində böyük uğurlara yol açıb.
Xüsusən, qeyd edilməlidir ki, Azərbaycan dünya miqyaslı müxtəlif tədbirlərin keçirildiyi bir məkana çevrilib. Paytaxt Bakı nüfuzlu beynəlxalq təşkilatların toplantılarına və digər tədbirlərə uğurla ev sahibliyi edir. Və bu tədbirlərdən biri də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29-dur. Bu tədbir noyabr ayında Azərbaycanda keçiriləcək. Ölkələrin təmsilçiliyi baxımından bu mötəbər beynəlxalq tədbir üçün Azərbaycanın ev sahibi seçilməsi bizim dövlətimizə növbəti dəfə göstərilən böyük etimad və hörmətin ifadəsi olmuşdur.
Spiker qeyd edib ki, bununla birlikdə Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyası da noyabr ayında Azərbaycanda keçiriləcək.
Bu tədbirlər ilə əlaqədar bütün dünyanın diqqəti Bakıya yönələcək və şəhər on minlərcə xarici qonağı qəbul edəcək. Qlobal əhəmiyyətli bu toplantıların Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına və ölkə reallıqlarının dünya ictimaiyyətinə birbaşa çatdırılmasına imkan yaradacaq.
Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci ilin fevral ayında Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər keçirilib.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasında verdiyi tövsiyələrə uyğun olaraq ötən dövrdə parlamentin qanunyaratma və qanunvericilik fəaliyyətinin təkmilləşdirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, qanunların icrasına nəzarət və təmsilçilik funksiyalarının müasir tələblər səviyyəsində qurulması yolunda lazımi addımlar atılıb. Milli Məclis möhtərəm cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin və əsaslı islahatların hüquqi bazasının daha da möhkəmləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb.
Spiker qeyd edib ki, Azərbaycan Respublikası Konstitusiyasının 84-cü maddəsinə görə, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti beş ildir. Eyni zamanda, Konstitusiyanın 981-ci maddəsinin II hissəsinə əsasən növbədənkənar seçkilərdə seçilən Milli Məclisin çağırışının səlahiyyət müddəti beş ildən az ola bilər. Bu halda növbəti seçkilər Milli Məclisin çağırışının səlahiyyət müddətinin beşinci ilinin noyabr ayında keçirilməlidir.
Beləliklə, ölkəmizdə həm dünya səviyyəli tədbirlərin, həm də ictimai-siyasi həyatımızda böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin vaxtı noyabr ayına təsadüf edir. Spiker qeyd edib ki, bu beynəlxalq tədbirlərin və parlament seçkilərinin yüksək səviyyədə təşkil edilməsi dövlətimiz üçün ən böyük əhəmiyyətə malik olan məsələlərdir.
Bununla birlikdə, COP29 Konfransının və digər tədbirlərin keçirildiyi dövrdə ölkə parlamentinin tam fəaliyyətdə olmasının, ərazi bütövlüyümüzün bərpasından sonra Milli Məclisin yeni tərkibdə təmsil edilməsinin məqsədəuyğun olması da, hamıya aydındır. Milli Məclisin yeni çağırışının tam formalaşdırılması ölkəmiz üçün böyük əhəmiyyətli bu tədbirlər zamanı parlament diplomatiyasının verdiyi imkanlardan səmərəli istifadə edilməsinə, habelə normayaratma fəaliyyətinin fasiləsiz həyata keçirilməsinə şərait yaradacaqdır.
Digər tərəfdən, beynəlxalq tədbirlərə hazırlıq işlərinin görülməsi və həmin tədbirlərin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər sahələrdə müəyyən məhdudiyyətlərin tətbiq olunması da qaçılmazdır.
Bu baxımdan parlament seçkilərinin demokratik prinsiplərə uyğun şəkildə təşkil olunması, habelə vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakının, səsvermədə öz iradəsini azad və sərbəst ifadə etməsinin təmin olunması da dövlətin əsas vəzifələrindən biridir.
Spiker deyib ki, bütün bunları nəzərə alaraq, Milli Məclisdə çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri ona müraciət ediblər. Onlar Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsinə baxılmasını xahiş ediblər.
Sonra deputat Hikmət Məmmədov Yeni Azərbaycan Partiyasının üzvü olan deputatların müraciətinin mətnini oxuyub.
İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məsələyə dair hüquqi şərh verib. 2020-ci ilin fevral ayında Milli Məclisə növbədənkənar seçkilərin keçirildiyini deyən birinci vitse-spiker bu dövr ərzində parlamentin öz üzərinə düşən vəzifələrin yerinə yetirilməsi ilə bağlı bütün tədbirləri həyata keçirdiyini bildirib. O, Konstitusiyaya görə cari ilin noyabr ayında parlament seçkilərinin keçirilməsinin nəzərdə tutulduğunu söyləyib. Həmin ərəfədə ölkəmizdə mühüm beynəlxalq əhəmiyyətli tədbirlərin, o cümlədən COP29-un keçiriləcəyini bildirib. Komitə sədri tədbirlərin yüksək səviyyədə təşkil edilməsinin Azərbaycanın beynəlxalq müqavilələrdən, konvensiyalardan irəli gələn öhdəliklərindən biri olduğunu qeyd edib və bu öhdəliyin yerinə yetirilməsi ilə bağlı növbədənkənar parlament seçkilərinin keçirilməsinin vacibliyindən danışıb. O, həmin ərəfədə qanunvericiliklə bağlı fəaliyyətin fasiləsiz həyata keçirilməsinin də zəruri olduğunu, buna görə həmin dövrə qədər parlamentin tam formalaşması məsələsinin gündəmə gəldiyini vurğulayıb.
Əli Hüseynli parlament seçkilərinin demokratik prinsiplərə uyğun, şəffaf keçirilməsinin, vətəndaşların kütləvi tədbirlərdə və seçki prosesində maneəsiz iştirakının təmin edilməsinin dövlətin vacib vəzifələrindən olduğunu söyləyib. O, qeyd edib ki, növbədənkənar parlament seçkiləri bu ilin fevral ayında keçirilmiş növbədənkənar Prezident seçkilərindən sonra öz suverenliyini və ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın bütün ərazilərində legitim şəkildə baş tutacaq ikinci mühüm seçki hadisəsidir. Komitə sədri, bu baxımdan Konstitusiyanın 98-ci maddəsinə əsasən, Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi barədə Prezidentə müraciət edilməsi məsələsinin məqsədəmüvafiq hesab edildiyini bildirib.
Sonra məsələ ətrafında müzakirələr aparılıb.
Parlamentin sədri Sahibə Qafarova qeyd edib ki, qərar layihəsinin hazırlanması üçün komissiya yaradılmalıdır və müzakirələrin yekununda Milli Məclisin qərarı qəbul edilməlidir. O, komissiyanın tərkibi ilə əlaqədar diqqətə çatdırıb ki, Milli Məclis sədrinin müavini Adil Əliyev komissiyanın sədri, parlamentin komitə sədrləri Siyavuş Novruzov, Tahir Rzayev, komissiya sədri Eldar Quliyev, deputatlar Fəzail Ağamalı, Elşən Musayev, Nigar Arpadarai komissiyanın üzvləri kimi təklif olunur. Sonra komissiya qərarın mətninin hazırlanması üçün öz işinə başlayıb.
Məsələ ilə bağlı müzakirələrdə Milli Məclis sədrinin müavini Fəzail İbrahimli, komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Tahir Mirkişili, Musa Quliyev, Əhliman Əmiraslanov, komissiya sədri Eldar İbrahimov, deputatlar Soltan Məmmədov, Fatma Yıldırım, Jalə Əliyeva çıxış ediblər.
Millət vəkilləri VI çağırış Milli Məclisin fəaliyyəti dövründə xalqımızın böyük tarixi nailiyyətlər əldə etdiyini söyləyiblər. Deputatlar vurğulayıblar ki, ötən müddət ərzində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olunub. Qeyd olunub ki, COVİD-19, 44 günlük Vətən müharibəsi və postmüharibə dövrünün çətinliklərinə baxmayaraq, parlament ölkə Prezidentinin tövsiyələrini rəhbər tutaraq, qarşıya qoyulan bütün vəzifələri şərəflə yerinə yetirmiş, milli qanunvericiliyimizin inkişafına öz layiqli töhfələrini vermişdir. Milli Məclis ölkəmizin bütün sahələrində inkişafı təmin edə biləcək, müasir tələblərə cavab verən çoxsaylı qanunlar qəbul etmişdir. Bildirilib ki, VI çağırış Milli Məclisin beynəlxalq sahədə də fəaliyyəti uğurlu olmuşdur. Azərbaycan parlamenti bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir. Milli Məclisin spikeri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətləri ölkəmizi bir çox mötəbər beynəlxalq tədbirlərdə layiqincə təmsil etmişlər.
Çıxışlarda qeyd olunub ki, keçirilməsi nəzərdə tutulan seçkilər müstəqil Azərbaycanın ərazi bütövlüyü çərçivəsində, işğaldan azad olunmuş torpaqlarda keçiriləcək ilk parlament seçkisi kimi zəfər tariximizdə öz yerini tutacaq. Deputatlar ölkəmizdə keçiriləcək beynəlxalq tədbirlərin milli maraqlarımızın qorunması baxımından əhəmiyyətini də vurğulayıblar. Millət vəkilləri deyilənləri nəzərə alaraq, Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsi ilə bağlı təşəbbüsü dəstəklədiklərini bildiriblər.
Sonra parlamentin sədri Sahibə Qafarova komissiyanın öz işini bitirdiyini və qərar layihəsinin hazır olduğunu söyləyib.
İclasda komitə sədri Tahir Rzayev Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsini diqqətə çatdırıb.
Qərar layihəsi səsə qoyularaq qəbul edilib. (Qərarın mətni mətbuatda dərc ediləcək.)
Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyin növbəti iki məsələsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və müvafiq Konstitusiya qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcəyini bildirib. O, ikinci məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu söyləyib.
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov qanun layihəsini təqdim edib. O, Sazişin 2024-cü il aprelin 14-də Əmman şəhərində imzalandığını, sənədin preambula və 13 maddədən ibarət olduğunu deyib. Komitə sədri diqqətə çatdırıb ki, Sazişin məqsədi tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın təşviq edilməsi və möhkəmləndirilməsi, müvafiq əməkdaşlıq sahələri üzrə dostluq əlaqələrinin gücləndirilməsidir. Sazişə əsasən, tərəflərin 9 sahədə - müdafiə və təhlükəsizlik siyasəti, hərbi-texniki tədbirlər, hərbi təhsil, treninq və təlimlər, minatəmizləmə fəaliyyəti, sosial, idman və mədəni tədbirlər, müdafiə və təhlükəsizliyə dair qanunvericilik, hərbi sahədə tədqiqat və təkmilləşdirmə, hərbi tibb xidməti, humanitar və sülhməramlı əməliyyatlara dair təcrübə mübadiləsi və qarşılıqlı maraq kəsb edən digər sahələrdə əməkdaşlığının həyata keçirilməsi nəzərdə tutulur. Sazişin icrası üçün tərəflər arasında məxfi məlumatların mübadiləsi və qarşılıqlı mühafizəsi ayrıca müqaviləyə əsasən həyata keçirilir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Sazişin əhəmiyyətindən bəhs edərək, məsələ barədə bu komitənin rəyini diqqətə çatdırıb.
Deputat Fəzail Ağamalı sənəd barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Gədəbəy, Qoşa, Xarxar, Qaradağ, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki), Qızılbulaq, Dəmirli və Vejnəli qızıl, mis və polimetal perspektiv filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında bağlanılmış Sazişdə Dəyişiklik” sənədinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə məlumat verib.
O, bildirib ki, "Sazişə Dəyişiklik" sənədi 2024-cü il mayın 24-də Bakıda Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə R.V. Investment Group Services, LLC ABŞ arasında imzalanıb. Sənəddə 2 məsələ öz əksini tapıb.
Diqqətə çatdırılıb ki, birinci məsələ Tərəflərin əvəzlənməsi ilə bağlıdır. Belə ki, Saziş üzrə tərəfdaş olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi "AzerGold" Qapalı Səhmdar Cəmiyyəti ilə əvəz olunur. Qeyd edilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əsasnaməsinə əsasən nazirlik ətraf mühitin mühafizəsi sahəsində fəaliyyəti, dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq, podratçı tərəfindən mədən-filiz əməliyyatlarının həyata keçirilməsi zamanı ətraf mühitin mühafizəsinə dair mövcud qanunvericiliyə əməl edilməsinə, ətraf mühitə təsir edən təsərrüfat və digər fəaliyyətin ekoloji təhlükəsizliyinin təmin edilməsi mövqeyindən nizama salınmasına, təhlükəli ekoloji vəziyyət yarada bilən fəaliyyətin ekoloji təhlükəsizliyin tələblərinə uyğunluğunun müəyyən edilməsinə dövlət nəzarətini həyata keçirir, eləcə də ətraf mühitin çirklənməsinə və ya ona ziyan dəyməsinə görə iddialar irəli sürmək hüququna malikdir. Bu baxımdan Nazirliyin həm nəzarət orqanı olmasının, həm də sazişdə tərəfdaş olmasının maraqlar toqquşmasına səbəb ola biləcəyi nəzərə alınmaqla müvafiq dəyişiklik edilir.
İkinci məsələ Sazişin 9.1-ci maddəsinin (Obyektlərdən istifadə) yeni redaksiyada verilməsi ilə bağlıdır. Sənədə əsasən, podratçının Qızılbulaq mədən-filiz yatağı, Dəmirli mədən-filiz yatağı və Vejnəli mədən-filiz yatağına münasibətdə təhvil tarixinədək mövcud olmuş müvafiq mədən-filiz qazmalarından pulsuz istifadə etmək hüququ, Qızılbulaq mədən-filiz yatağı və Vejnəli mədən-filiz yatağına münasibətdə isə həmçinin mövcud olmuş obyektlərdən, dəzgahlardan və avadanlıqdan pulsuz istifadə etmək hüququ tanınır. Yəni, podratçı 2 yataqda (Qızılbulaq və Vejnəli mədən-filiz yatağında) təhvil tarixinədək mövcud olmuş mədən-filiz qazmalarından, həmçinin müvafiq filiz yatağında mövcud olmuş obyektlərdən, dəzgahlardan və avadanlıqdan pulsuz istifadə edəcəkdir. Dəmirli mədən-filiz yatağında isə pulsuz istifadə hüququ mədən-filiz qazmalarına şamil edilir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov məsələyə dair rəhbərlik etdiyi komitənin müsbət rəy verdiyini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Parlamentin sədri gündəliyin növbəti iki məsələsinin uyğunlaşdırma xarakteri daşıdığını və bu qanun layihələrinin də qanunvericiliyin tələbinə əsasən bir oxunuşda qəbul ediləcəyini bildirib.
Sonra Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsindən bəhs edib. Diqqətə çatdırılıb ki, Azərbaycan Prezidentinin 2012-ci il 13 iyul tarixli Fərmanına əsasən ləğv edilmiş Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti əsasında "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Prezidentin 2023-cü il 16 noyabr tarixli Fərmanına uyğun olaraq isə "Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti ləğv edilib. Həmin qurumun ləğv edilməsi ilə əlaqədar Əsasnamədən "Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti" ifadəsinin çıxarılması təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini təqdim edib. Ölkədə yeni nəsil şəxsiyyət vəsiqələrinin tətbiq edildiyini deyən komitə sədri bildirib ki, bu şəxsiyyət vəsiqəsinin üz tərəfində əvvəl verilmiş şəxsiyyət vəsiqələrindən fərqli olaraq, vəsiqənin "verilmə tarixi" deyil, "etibarlılıq müddəti" göstərilir. Bununla əlaqədar olaraq, Seçki Məcəlləsində uyğunlaşdırma xarakterli dəyişiklik edilərək bir sıra maddələrə "verilmə tarixi və ya etibarlılıq müddəti" sözlərinin əlavə edilməsi təklif olunur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker Sahibə Qafarova növbəti məsələnin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi olduğunu və sənədin ikinci oxunuşda müzakirəyə təqdim edildiyini bildirib.
Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov bu qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, hər il üçün təsdiqlənən İşsizlikdən Sığorta Fondunun büdcəsində məqsədli proqramların həyata keçirilməsi, həmçinin sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların məşğulluğunun təmin olunması üçün kvotadan əlavə iş yerlərinin yaradılması məqsədi ilə vəsaitlər ayrılır. Layihədə "Məşğulluq haqqında" Qanunda həmin tədbirlərin təşkili qaydaları ilə bağlı təklif olunan dəyişikliklərdə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərin məşğulluğunun təmin olunması məqsədi ilə əlavə iş yerlərinin yaradılması və məqsədli proqramların həyata keçirilməsi ilə bağlı müddəalar öz əksini tapıb.
Sənədə əsasən, Qanunun 26-cı maddəsində kvotadan əlavə iş yerlərinin təşkili və məqsədli proqramların həyata keçirilməsi qaydalarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən edilməsi, kvotadan əlavə iş yerlərini yaradan işəgötürənlərin işə cəlb etdikləri işçilərin əməkhaqlarının bir hissəsinin, məqsədli proqramlar üzrə iş yeri yaradan işəgötürənlərdə yaradılan iş yerləri ilə bağlı xərclərin işsizlikdən sığorta vəsaiti hesabına ödənilməsini təsbit edən müddəalar nəzərdə tutulur. Layihədə peşə hazırlığına cəlb olunmuş şəxslərə təqaüd məbləğinin minimum əmək haqqının 50 faizi məbləğində müəyyən olunması ilə bağlı 29-cu maddəyə dəyişiklik edilməsi də nəzərdə tutulur.
Vüqar Bayramov, həmçinin sənədin birinci oxunuşu zamanı deputatlar tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyəti dövlət qurumu ilə müzakirələrin aparıldığını, millət vəkilləri ilə işçi qaydada görüş keçirildiyini və müvafiq rəyin təqdim olunduğunu söyləyib.
Deputat Bəhruz Məhərrəmov məsələ ilə bağlı fikirlərini səsləndirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Milli Məclisin sədri gündəliyin digər yeddi məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu qeyd edib.
Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Təklif edilən dəyişikliklərdə qanunvericilik sistemində ilk dəfə olaraq "elektron xidmət"in anlayışı verilir, dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasına dair tələblər, həmin sistemin istifadəyə verilməsi, elektron xidmətlərin qeydiyyatının həyata keçirilməsi məqsədilə vahid reyestrin aparılması qaydaları, dövlət informasiya ehtiyatları və sistemlərinin təhlükəsizlik meyarları üzrə monitorinqi və auditinə dair ümumi qaydalar müəyyən olunur. Layihədə ümumilikdə dövlət informasiya ehtiyatlarının və sistemlərinin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan məsələlərə dair əsas müddəalar əks olunub.
Dəyişikliklərin bir qismi isə dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlər zamanı Elektron Hökumət İnformasiya Sistemindən istifadənin daha da genişləndirilməsi, vətəndaşlara göstərilən xidmətlər zamanı vaxt itkisinin qarşısının alınması, dövlət orqanları arasında məlumat mübadiləsi prosesinin daha da sürətləndirilməsi məqsədilə hazırlanıb.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova dəyişikliklərin vacibliyini qeyd ediblər və məsələyə dair bu komitələrin müsbət rəyini diqqətə çatdırıblar.
Deputat Etibar Əliyev bəzi fikirlərini söylədikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi barədə məlumat verib. O, bildirib ki, qanun layihəsi Azərbaycan Prezidentinin "Aqrar sahədə istehsalın və emal sənayesinin inkişafına dair bir sıra tədbirlər haqqında" 15 iyul 2021-ci il tarixli fərmanı çərçivəsində hazırlanıb.
Layihədə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadənin səmərəliliyini yüksəltmək üçün kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsinin çevik mexanizminin yaradılması məsələləri müəyyən olunur. Belə ki, təklif olunan dəyişikliyə əsasən torpaq sahələrinin mülkiyyətçiləri yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatını dəyişdirmək imkanı əldə edəcəklər. Həmçinin onların müraciəti əsasında bu barədə məlumatların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması təmin ediləcəkdir.
Sənəddə, habelə kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililərin inşasının tənzimlənməsinə dair məqamlar öz əksini tapıb. Qeyd olunur ki, bu məsələnin kənd təsərrüfatının inkişafı baxımından vacibliyini nəzərə alaraq, bu məqsədlə kənd təsərrüfatı təyinatlı torpaqlarda məlumatlandırma icraatı çərçivəsində müvəqqəti tikililərin inşa edilməsi həyata keçirilə biləcəkdir. Həmçinin kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin müvəqqəti yaşaması üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması Məcəllənin 13-1-ci maddəsinə uyğun təmin ediləcəkdir.
Kənd təsərrüfatı təyinatlı torpaqların xüsusi əhəmiyyətini, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsindəki rolunu nəzərə alaraq əsaslı tikintilərin aparılmasının müvafiq tələb və mexanizmi yaradılır. Belə ki, bu tikililər sahəsi 5 hektardan az olmayan və vahid sərhəd daxilində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin 1 faizindən artıq olmayan hissəsində inşa edilə və quraşdırıla bilər, tikililərin inşa edilməsi və quraşdırılması torpaq sahəsinin mülkiyyətçisinin müraciəti əsasında Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq həyata keçiriləcək, istixanalar və suvarma infrastrukturlarının inşası və quraşdırılması zamanı qeyd olunan torpaq sahələrinin minimum həddinə və tikinti əmsalının maksimum ölçülərinə dair məhdudiyyətlər tətbiq edilmir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Gündəliyin 9-cu məsələsi olan Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Komitə sədri əmək hüquqlarının qorunması və layiqli əməyin təmin edilməsi istiqamətində ölkəmizdə həyata keçirilən dövlət siyasətinin nəticələrindən söz açıb. O qeyd edib ki, Azərbaycanda əmək qanunvericiliyi normaları beynəlxalq standartlara, müasir çağırışlara uyğun olaraq davamlı şəkildə təkmilləşdirilir. Komitə sədri bildirib ki, müzakirəyə çıxarılan qanun layihəsi əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitamının sənədləşdirilməsi, əmək şəraiti, əməyin ödənilməsi ilə bağlı əksər proseslərin elektronlaşdırılmasına, əmək münasibətləri sahəsində çevikliyin və operativliyin təmin olunmasına, işçilərin hüquqlarının etibarlı qorunmasına, işəgötürənlərin isə əmək münasibətləri sahəsində öz vəzifələrini vaxtında və qanunauyğun icra etməsinə xidmət edir.
Bildirilib ki, tərəflər elektron sənəd formasında əmək müqaviləsi bağlayarkən işçinin əmək fəaliyyəti ilə bağlı məlumatları onun elektron kabinetində görünəcəyindən əmək kitabçasının təqdim edilməsinə və həmin məlumatların əmək kitabçasında qeyd edilməsinə ehtiyac qalmayacaq. Həmçinin işsiz şəxslərin məşğulluğunun təmin edilməsi, əmək fəaliyyətinin tənzimlənməsi kimi bir sıra proseslər elektron informasiya sistemi vasitəsi ilə aparılacaq, peşə hazırlığının təşkili və digər müvafiq dövlət proqramları təkmilləşdiriləcək.
Qanun layihəsi ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişilinin, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmovun təmsil etdikləri komitələrin müsbət rəyi, komitə sədri Zahid Orucun fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov gündəliyin 10-cu məsələsi olan “Yol hərəkəti haqqında” Qanunda və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı bildirib ki, müzakirəyə təqdim edilən qanun layihəsinin iki konseptual məqsədi var. Birincisi yol hərəkətinin ən müdafiəsiz iştirakçılarının hüquqlarının daha yaxşı qorunması, ikincisi isə şəxsi nəqliyyat vasitəsi olmayan, ictimai nəqliyyatdan istifadə edən şəxslərin mobilliyinin və komfortunun artırılmasıdır.
O, diqqətə çatdırıb ki, bu məqsədlərə çatmaq üçün 3 istiqamət üzrə qanunvericilik tədbirləri təklif edilir ki, birinci istiqamət velosipedlər və skuterlərlə bağlıdır. Kamal Cəfərov velosiped və skuterlərdən istifadə qaydaları, onların yol hərəkəti sisteminə inteqrasiyası və digər tənzimləmələr barədə məlumat verib. Parklanma sahəsi ilə bağlı ikinci istiqamət üzrə təklif oluna dəyişikliklərdən danışan deputat deyib ki, 15 dəqiqəlik pulsuz parklanma sistem üzərindən dəqiqliklə tənzimlənəcək.
Cərimələrlə bağlı sonuncu istiqamət barədə danışan deputat bildirib ki, təklif olunan parklanma cərimələrinin yeganə hədəfi qanunun məqsədinə nail olmaq, yol hərəkətində intizamı təmin etmək və hər kəsin hüququnu daha yaxşı qorumaqdır.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Növbəti məsələyə - “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə (birinci oxunuş) də Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxıldığını bildirən spiker Sahibə Qafarova sənədlə bağlı məlumat vermək üçün komitənin üzvü Elşən Musayevə söz verib.
Deputat bildirib ki, təklif edilən dəyişikliklər qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının bir neçə komissiya tərəfindən məhv edilməsi üçün hüquqi əsas yaradır. Həmçinin layihəyə əsasən həmin komissiyaların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılması təklif edilir. Bundan başqa, layihədə qanunsuz dövriyyədən çıxarılmış və ya müsadirə olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsinin Qanunun 7.1.4-cü maddəsinə və digər normativ hüquqi aktlara əsasən həyata keçirilməsi nəzərdə tutulur.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
12-ci məsələyə dair məlumatı Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova təqdim edib. Erkən evlilik, qohum nikahlar və digər məsələlərin tənzimlənməsi məqsədi ilə hazırlanan Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) əhəmiyyətini vurğulayan komitə sədri bildirib ki, sənəddə üzrlü səbəblər olduqda nikah yaşının bir yaş azaldılmasını ehtiva edən normanın ləğvi təklif olunub.
Digər mühüm məsələ qohum evliliyi ilə bağlıdır. Ailə Məcəlləsinin 12-ci maddəsində aralarında nikahın bağlanmasına yol verilməyən subyektlər dairəsinin genişləndirilməsindən söz açan Hicran Hüseynova xarici ölkələrin qanunvericiliyində yaxın qohumlar arasında nikahın qadağan olunması təcrübəsindən, bu cür evliliklərin fəsadları barədə danışıb. O, həmçinin yetkinlik yaşına çatmayanlarla qeyri-rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yaradanlar üçün məsuliyyətin nəzərdə tutulması və digər məsələləri diqqətə çatdırıb.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə qanun layihəsi ilə bağlı təmsil etdiyi komitənin müsbət rəyini səsləndirib, sənəddə Cinayət və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərlə bağlı məlumat verib.
Sənədin müzakirəsində parlamentin komitə sədrləri Fazil Mustafa, Zahid Oruc, Əhliman Əmiraslanov, deputatlar Tahir Kərimli, Vüqar İskəndərov, Fəzail Ağamalı, Ceyhun Məmmədov, Erkin Qədirli, Jalə Əhmədova çıxış ediblər, layihə ilə bağlı fikirlərini bildiriblər.
Sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Gündəliyin sonuncu məsələsi - “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.
Komitə sədri şəhid ailələrinin, müharibə veteranları və qazilərin sosial müdafiəsinin gücləndirilməsi, rifah halının daim yaxşılaşdırılması istiqamətində ölkə başçısının bilavasitə rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətindən söz açıb. Qeyd edib ki, bu baxımdan müzakirəyə çıxarılan qanun layihəsi şəhid ailəsi üzvlərinin mənzil şəraitinin yaxşılaşdırılması və yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınma üzrə normativ tənzimləmənin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.
Layihə ilə bağlı komitə sədri Tahir Rzayevin, deputatlar Elman Nəsirovun, Əli Məsimlinin və Sahib Alıyevin fikirləri dinlənildikdən sonra sənəd səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Bununla da Milli Məclisin iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi